Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi - ŞƏRH

27 sentyabr 2020-ci il saat 06.00-dan başlayaraq, Ermənistan işğal olunmuş ərazilərimizdən növbəti hərbi təxribat törədərək yaşayış məntəqələrimizi, döyüş mövqelərimi şiddətli artilleriyalarla atəşə tutdu. Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başladı. Bununla da, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev düşmənin hərbi təxribatının qarşısını almaq, onu öz təcavüzkarlıq siyasətinə son qoymağa məcbur etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əmri verdi.

Müharibənin ilk günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı qəhrəmana çevirdi.

Azərbaycan Ordusunun zəfər yürüşünə tap gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, Mingəçevir və Yevlax şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutuldu. Oktyabrın 4, 5, 8, 11 və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektləri, nəqliyyat vasitələri külli miqdarda ziyan gördü.

Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bir sözlə, sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri ilə başa çatdı və 30 ilə yaxın davam edən işğala həmişəlik son qoyuldu. Güclü Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər. Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin söylədiyi kimi: “Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı”

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin mədəni irsinə, iqtisadiyyatımıza da ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı duruma salmış, şəhər və kəndlərimizi, abidələrimizi, hətta qəbristanlıqlarımızı dağıtmış, infrastrukturu məhv etmiş, ölkəmizə mənəvi itkilərlə yanaşı, milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Bütün bunlarla bərabər, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti aparmaqdan, terrorçuları həmin bölgələrdə yerləşdirməkdən belə çəkinmədi.

27 sentyabr 2021-ci il tarixdə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin televiziya vasitəsilə xalqa müraciəti zamanı qeyd etmişdir ki: “Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi”.

Qalibiyyətlə bitirdiyimiz II Qarabağ müharibəsindən təxminən bir il keçməsinə baxmayaraq, əfsanəvi qəhrəmanlıq dastanına çevrilmiş mübarək zəfərimiz və onun əzəməti haqqında beynəlxalq aləmdə hələ də danışılır və müzakirə edilir. İllər, əsrlər keçəcək xalqımıza başucalığı gətirmiş tarixi qələbəmizin tükənməyən sevinci gələcək nəsillər üçün də qürur mənbəyi olacaqdır.

Fuad Heydər

YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə