Əliyevin 4 tribunadan mesajları, Zəfər muzeyində "Dəmir Yumruq" - Aydın Quliyev yazır
Son günlərdə Azərbaycan Prezidentinin kifayət səviyyədə mötəbər sayılan dörd kürsüdən ictimaiyyətimizə və dünya birliyinə ünvanlanmış təhlil, məlumat və mesajlarını şərti olaraq bir neçə istiqamətdə qruplaşdırmaq olar. Bu həm də ona görə vacibdir ki, müharibədən əvvəl və ondan sonra Azərbaycanın daxili və xarici siyasət elementlərinin bir-birini necə tamamladığına dair daha aydın mənzərə yaradır. Odur ki, Prezidentimizin BMT sessiyasında çıxışı, Rusiyanın "Naçionalnaya oborana" jurnalına və Türkiyənin "Anadolu" agentliyinə müsahibələrində, habelə Anım günündə xalqa müraciətindəki əsas fikirləri qısaca ümumiləşdirməyə çalışacam. Bu başdan deyim. Bütün ümumiləşdirmələrdən çıxan vahid fikir odur ki, həm müharibəyə qədər, həm də ondan sonra Azərbaycan hər şeyi düzgün etdi, zaman ötəndən sonra hansısa məqamda nəyəsə düzəliş etməyə heç bir lüzumun olmadığı hər kəsin görə biləcəyi şəkildə üzdədir. Elə Prezidentin özünün müharibə günlərində və bir il sonra eyni mətləblər barədə tam uyğun mövqelərdən çıxış etməsi də bunu sübut edir. Beləliklə, aşağıdakı istiqamətlər üzrə Prezidentin fikir və mülahizələrinin təhlili daha dəqiq nəticələr üçün ən qısa yol sayıla bilər.
Əvvala, Prezident 4 mötəbər tribunadan bəzi dünya dövlətlərinin 44 günlük müharibəyə qədər Ermənistanın siyasətinə göstərdikləri münasibətin qeyri-dəqiq, yetərsiz, təsirsiz, hətta bəzi hallarda ziyanlı və təcavüzkar üçün təşviqedici rol oynadığını bir daha təhlil etdi.Prezident bu istiqamətdə hər kəslə mümkün qədər ədalətli olmağa çalışdı. Heç kimin haqqını aşağılamadı, Minsk Qrupu həmsədrliyinin heç bir effekt vermədiyini də, BMT-nin qətnamələrinin icrasında ikili standartlara yol verildiyini də, "üç həmsədr ölkə istəsəydi Ermənistanı məcbur edərdilər" kimi haqq olan sərt sözü də dedi, İƏT, AŞPA, Avropa Parlamenti və sair kimi qurumların Qarabağa dair qəbul etdikləri qərar və qətnamələrin öz müsbət rollarını oynadığını da ədalət xatirinə qeyd etdi. Bütün maraqlı tərəflərə ədalətli və ehtivalı münasibət Prezidentin hər 4 tribunada dediklərinin təsir gücünü artıran şəksiz faktorlardı. Prezidentin bu kontekstdə bütün maraqlı tərəflərə konkret və haqlı sözü bu oldu ki, "Sizlər Ermənistana layiq olduğu münasibəti göstərmədiyinizə görə 30 il gözləyəndən sonra bunu özümüz göstərməli olduq"..
İkinci, Azərbaycan Prezidentinin müharibədən sonra bu gün də bəzi dövlətlərin Ermənistana münasibətdə qeyri-adekvat və ziyanlı mövqe tutduğunu göstərən fikirləri də ümumi mənzərədə çox maraqlı görsənir". Ermənistanı silahlandırmayın", "erməni faşizmi məğlub edilsə də hələ dirçəlməyə çalışır" , "Ermənistanı sülh sazişinə məcbur edin", "Azərbaycan dayanıqlı regional inkişaf üçün bütün əməkdaşlıqlara hazırdır", "Azərbaycanın yaratdığı reallıqlarla barışın", "MQ kimi ölünü diriltmək fikrindən daşının" və sair bu kimi çağırışlar Azərbaycan Prezidentinin mövqe və anlayışlarının regional inkişafa və sülh tələblərinə tam uyğun olduğunu sübut edir. Bu istiqamətdə Prezidentin erməni dəstəkçilərinə qəti sözü budur ki, əgər "qoçu Nəcəfqulunun ərköyün çəpişini biz deyən haqq yoluna gətirsəniz tanıdığınız həmin "Dəmir yumruğumuzu" bir daha qaldırmaz və onu həmişəlik olaraq "Zəfər Muzeyimizə" təhvil verə bilərik.
Üçüncü, Azərbaycan lideri region dövlətlərinin hər birinin bizə və Ermənistana indiki müsabətlərinin real mənzərəsini də çəkdi. Bu kontekstdə Prezident "Ermənistan öz konstitusiyasını dəyişməli və Türkiyəyə də ərazi iddiasından çəkilməlidir" deməklə bir daha nümayiş etdirdi ki, "Ərdoğan olmayan yerdə Əliyev, Əliyev olmayan yerdə isə Ərdoğan var" fəlsəfəsi sınaqlardan mətinliklə çıxdığı üçün yaşamaqda davam edir və edəcək.
Prezident İrana "Arazboyu hərbi təlimlər sizin nəyinizə lazımdır" mesajını və Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışanlara gərəkli sərt mesajı da vaxtında verdi. Bu istiqamətdə Prezidentin hələ müharibə günlərində Putinlə necə sıx təmaslarda və daimi məsləhətləşmələrdə olduğuna dair fikirlərinə təkrar diqqət yetirmək kifayətdir.
Dördüncü, Azərbaycan Prezidentinin Qarabağın bərpa işlərinə ermənilərin də işçi qüvvəsi olaraq cəlb edilməsinin mümkünlüyü və gərəkliyi barədə reaksiyası Ermənistanın hədd tanımayan qisasçılığına baxmayaraq Azəbaycanın nə qədər inklüziv mövqedə olduğunu nümayiş etdirir.
Beşinci, 44 günlük müharibənin hərbi taktiki tədqiqatçılarına yeni düşüncə materialları təqdim etmək baxımından da Prezidentin çıxışları diqqət çəkir. Bir daha baxın. Hərbi əməliyyat planlarının cəmi 5 qurumun rəhbərləri ilə müzakirəsi, planlarda gündəlik dəyişikliklər edilməsi, informasiya sızıntısı risqini azaltmaq üçün öncədən əməliyyata heç bir adın qoyulmaması, 2016-cı ildən sonra PUA-ların satın alınmasında vektoral dəyişikliklər taktikasına keçid edilməsi, Ağdərə və Kəlbəcər istiqamətində bir neçə məntəqə ilk gündə azad ediləndən sonra ermənilər üçün anlaşılmaz planla əməliyyatların ağırlığının Füzuli-Hadrut bölgəsinə keçirilməsi, hərbi cinayətlərdən bacardıqca çəkinmək barədə orduya qəti tapşırıq verilməsi, cəmi iki günə yeni ordu korpusunun yaradılması və sairin hər biri ayrılıqda təhlillər tələb edən elementlərdir. Eyni zamanda, bunlar Anım günü olan 27 sentyabra Azərbaycanın necə dolu bir məzmunla, Ermənistanın isə hansı məyusluq və xəcalət hissi içində gəldiyini göstərməklə çox maraqlı kontrast nümunəsi ortaya qoyur. Bir ildən sonra növbəti Anımda İlham Əliyevin təbii ki, yeni mesajları olacaq. Ancaq Ermənistanda indiki bədbin və sınqın ictimai-siyası əhvali-ruhiyyənin necə dəyişəcəyini isə ancaq bu ölkənin başbilənlərinin Əliyevin mesajlarından necə nəticə çıxara biləcəkləri ilə görə bilərik...Anımın ikinci ildönümünə doğru...
Aydın Quliyev
"Bakı Xəbər" qəzetinin Baş redaktoru
Bütün xəbərlər Facebook səhifəmizdə