“Müsavat və AXCP-dən istefalar genişlənə bilər” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Müsavat və AXCP-dən istefalar genişlənə bilər” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Müsavat və AXCP-dən sıravi partiya üzvlərinin istefalarının sayının artması bu partiya rəhbərliyinin yanlış siyasət aparmaları ilə bağlıdır. Vaxtı ilə sözügedən partiya rəhbərləri özlərinin yalan vədləri ilə bəzi gəncləri bu partiyalara üzv etdilər. Həmin şəxslər isə zaman keçdikcə reallığı öz gözləri ilə görürlər ki, bu partiyalarda hər hansı bir irəliləyişdən və inkişafdan söhbət gedə bilməz və buna görə də, o partiyaları tərk etmək qərarına gəlirlər”. Bunu Təkamül partiyasının sədri Teyyub Qənioğlu “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin gənclər müqayisə edirlər və görürlər ki, doğrudan da Müsavat və AXCP rəhbərliyində təmsil olunanların mövqelərində yanlışlıq var: “Yəni onların fəaliyyətlərində milli dövlətçilik mənafeyindən kənara çıxma halları var və belə olan halda da, istefa verirlər. Ümumiyyətlə, partiyaya gələndə insanlar iki şeyi üstün tuturlar. Birincisi, partiyanın tutduğu mövqe, yəni onun ideoloji mövqeyi. İkincisi isə, o partiyada perspektivi”.

T.Qənioğlu onu da bildirdi ki, ölkədə demokratiyadan danışan həmin radikal müxalifət partiyaları öz partiyaları daxilində demokratiyanı yarada bilmirlər: “Ölkənin bütövlüyündən, suverenliyindən danışan şəxslər öz bütövlüyünü qoruyub saxlaya bilmirlər. İnsan haqlarından danışanlar öz partiyaları daxilindəki, sıravi üzvlərinin hüquqlarını qoruya bilmirlər. Belə halda həmin partiyalar daxilində istefaların olması normal bir haldır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə