İşğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri aparılır - TƏHLİL

Azərbaycanda ötən illər ərzində hər bir sahədə müsbət irəliləyişlərə nail olunması bir daha deməyə əsas verir ki, ölkədə dayanıqlı inkişaf uğurla təmin edilib. Atılan bütün addımlar Azərbaycanın inkişafına, xalqın sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. Ölkəmiz nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada Azərbaycana olan maraq günü-gündən artır.

Bu gün Azərbaycan artıq dünyada Zəfər qazanmış, Qalib bir ölkə olaraq da tanınır və bu Azərbaycan reallığıdır. 30 ilə yaxın bir zamanda işğalda olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordunun gücü ilə azad olundu. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanılmasından sonra azad olunan ərazilərdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışların birində qeyd etdiyi kimi, "Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb".

Qısa bir zamanda Böyük Qayıdışın təntənəsi olaraq dövlət başçısının sərəncam və tapşırıqları ilə görülən işlər hər kəsin diqqətindədir. Yeni yolların çəkilməsi, dini abidələrimizin təmir və bərpası, infrastrukturun qurulması və s. tezliklə bu ərazilərin tam bərpasından xəbər verir. İstər ölkə vətədaşları, istərsə də ölkəmizə səfər edən insanlar işğaldan azad olunan ərazilərimizə səfər edərkən böyük quruculuq işlərini görür və bu hər kəsi sevindirir.

Əlbəttə ki, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb. tarixi-mədəniyyət və dini abidələrimizə ciddi ziyan dəyib. Fərdi və çoxmənzilli yaşayış evləri məhv edilib. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan yeraltı və yerüstü sərvətlərimizə qarşı olan vandallıq əməlləridir. Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan "El Universal" qəzetində ötən ay Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olmuş, qəzetin redaktoru, beynəlxalq siyasi məsələlər üzrə ekspert və Meksikada keçmiş Ermənistan-Azərbaycan münaqişəsi haqda ən çox məlumatlı olan jurnalistlərdən biri Qabriel Moyssenin "Azərbaycan bərpa edir" adlı məqaləsi yer alıb. Azərbaycanın işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam və Şuşa, həmçinin Gəncə şəhərlərində səfərdə olmuş jurnalist qələmə aldığı məqalədə 30 ilə yaxın işğalda saxlanılmış ərazilərimizdə Ermənistanın apardığı kütləvi minalanmadan bəhs edərək, 44 günlük Vətən müharibəsindən sonra bu günədək yüzlərlə hərbi və mülki azərbaycanlının erməni minalarının qurbanı olduğunu bildirir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə bu ərazilərdə yüz minlərlə minanın yerləşdirildiyi, Ermənistanın mina xəritələrini verməkdən imtina etdiyi barədə məlumat verən müəllif bunun həmin ərazilərdə aparılacaq bərpa və yenidənqurma işlərini, habelə bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurdlarına qayıtma prosesi qarşısında ən böyük maneə olduğunu vurğulayır.

Müəllif məqalədə Cəbrayıl, Ağdam və Azərbaycanın mədəniyyət beşiyi olan Şuşaya səfərindən bəhs edir və orada yaşayış məskənlərinin dağıdıldığını, tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qaldığının şahidi olduğunu təəssüflə qeyd edir.

Meksikalı ekspert işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən artıq intensiv şəkildə bərpa və yenidənqurma işlərinin həyata keçirdiyini də oxucularının diqqətinə çatdırır. Ağdam, Şuşa, Zəngilan kimi işğaldan azad olunun ərazilərdə aparılan abadlıq quruculuq işləri uğurla davam etdirilir. Yazıda yaxın zamanda açılmış Füzuli beynəlxalq hava limanı və "ağıllı şəhər" konsepsiyası sayəsində bu ərazilərə yatırılan investisiyaların miqdarının çoxalacağı və geniş iqtisadi imkanların yaradılacağı qeyd olunur. İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə, ilkin olaraq, pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə start verilib. "Ağıllı kənd" layihəsi ilkin olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşacaq.

Əlbəttə ki, həyata keçirilən tədbirlər deməyə əsas verir ki, işğaldan azad olunan bütün ərazilərimizdə dini-mədəniyyət abidələrimiz, dağıdılmış infrastruktur yenidən qurulacaq, bərpa və təmir olunacaqdır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə