“Hadisələr araşdırılacaq və lazımi ölçü götürüləcək” - MİLLƏT VƏKİLİ AÇIQLADI

“Hadisələr araşdırılacaq və lazımi ölçü götürüləcək” - MİLLƏT VƏKİLİ AÇIQLADI

“Azərbaycan-Ermənistan sərhədində, eləcə də Kəlbəcər ərazisində baş verən hadisələr bilavasitə təbiidir, çünki bu, gözləniləndir. Bu təxribatların törədilməsi, bu təxribatlara rəvac verilməsi təkcə ermənilərin yox, onlara havadarlıq edənlərin bilavasitə tapşırıqları ilə yerinə yetirilir. Çünki ermənilər özlərinə bir imic qazanmaq istəyirlər. Ermənistanda hakimiyyətdə olanlar, belə bir təsəvvür yaratmaq istəyirlər ki, onlar bu məğlubiyyətlə barışmayıblar, onlar daimi olaraq bu torpaqları yenidən qaytarmaq üçün mübarizə aparırlar, digər tərəfdən də onlar diqqəti Ermənistana çəkmək istəyirlər. İstəyirlər ki, bir çox beynəlxalq təşkilatlar görsünlər, bilsinlər, dərk eləsinlər ki, guya Ermənistan müəyyən təsirlərə məruzdur və çox vaxt həmin o təxribatları Azərbaycanla əlaqələndirirlər, guya azərbaycanlılar bu təxribatları törədirlər, sərhədləri pozurlar, ermənilərə qarşı müəyyən hücumlar təşkil edirlər.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, əlbəttə ki, monitorinq qrupu var, bütün bu hallar müşahidə olunur, ona görə də onların dedikləri əksər hallarda əsasən özünü doğrultmur və buna görə də Azərbaycan hökuməti, Azərbaycan dövləti dəfələrlə bildirir, bəyanatlar verir, göstərir ki, bu təxribatlardan çəkinmək lazımdır.

“Bu təxribatların törədilməsi erməni dövlətinə heç bir müsbət imic gətirə bilməz. Əlbəttə ki, bunu Ermənistana havadarlıq edən dövlətlər də bilirlər. Fransa da bilir, Amerika Birləşmiş Ştatları da bilir, eləcə də bu gün Qarabağ torpaqlarında yerləşdirilən Rusiya sülhməramlıları da yaxşı bilirlər. Ona görə də bu təxribatların qarşısının alınması birinci dərəcəli vəzifə olaraq Rusiya sülhməramlılarının üzərinə düşür. Çünki, ortada 10 noyabr, 11 yanvar bəyənatları var və Ermənistanın baş naziri vaxtilə ona imza atıb, hansıki, bu gün də o hakimiyyətdədir və o bilir ki, hansı sənədə imza atıb və sənəddə hansı müddəalar, hansı tələblər var. Ancaq çox təəssüflər olsun ki, bu gün də Ermənistanda hakimiyyətsizlik hökm sürür və elə qüvvələr var ki, onlar Paşinyanı qəbul eləmirlər. Nəinki müxalif qüvvələr, eləcə də hakimiyyətin özündə olan bəzi vəzifəli şəxslər var ki, onların sözü Paşinyanın sözü ilə uyğun gəlmir. Çünki, Paşinyan son bəyənatlarında qeyd edir ki, biz Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıyıq, ona görə ki, Ermənistanın iqtisadi vəziyyəti ağırdır. O, qeyd edir ki, biz Azərbaycanla sülh müqaviləsinə getməliyik, biz Zəngəzur dəhlizi haqqında ciddi fikirləşməliyik, üçtərəfli bəyənatın tələblərini yerinə yetirməyə borcluyuq və bu tələblər yerinə yetiriləcək. Ancaq çox təəssüflər olsun ki, Paşinyan belə dediyi halda xarici işlər naziri bəyənat verir ki, yox, Qarabağın statusu məsələsi müzakirə olunmalıdır, Qarabağda yaşayan millətçi ermənilərin özlərinin müqəddətarını həll etmək məsələsi gündəmdə olmalıdır. Digər siyasətçilər deyirlər ki, biz mütləq müharibə etməliyik, o torpaqları geri qaytarmalıyıq. Eyni zamanda revanş məsələləri gündəmə gəlir. Bu onu göstərir ki, bu gün də Ermənistan hakimiyyətinin vahid siyasi platforması yoxdur. Onlar bir çox ölkələrin, dövlətlərin əlində bir oyuncaqdırlar, gah Qərbə, gah Avropaya, gah da Rusiyaya əyilirlər, onlara istinad edirlər. Ancaq bu dövlətlərin də öz mənafeləri var və bu dövlətlər öz mənafelərindən çıxış edərək Ermənistanı oynadırlar və Ermənistan da ona görə ağır vəziyyətə düşüb.

44 günlük müharibə göstərdi ki, Azərbaycan ordusu qüdrətlidir və dağılmış Ermənistan ordusu yenidən qüvvə tapıb Azərbaycana qarşı müharibə edə bilməz. Bu Ermənistanın məhvinə gətirib çıxara bilər. Ancaq bir çox millətçi dairələr var ki, onların təhriki ilə, eləcə də hakimiyyətdə boşluqlar ki, var bunun nəticəsində yenə də sərhədlərdə belə təxribatlar törədilir. Lakin, Azərbaycan Ordusu, Silahlı Qüvvələrimiz bu təxribatların qarşısını vaxtında alır, erməni təxribatçılarına, təcavüzkarlarına lazımi cavab verilir və elə bilirəm ki, bundan sonra da bu istiqamətdə sərhəddə yaranan o vəziyyət, eləcə də müəyyən qaydada Şuşaya edilən o hücumlar, Kəlbəcərdə baş verən hadisələr dəqiq araşdırılacaq və lazımi ölçü götürüləcək”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə