“Ermənistan rəhbərliyinə inanmaq çətin məsələdir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan rəhbərliyinə inanmaq çətin məsələdir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Biz Paşinyanın nazirlər kabinetinin iclasındakı çıxışına aldanmamalıyıq. Ermənistan rəhbərliyinin istənilən hərəkətlərinə, oyunlarına bir element kimi baxmalıyıq”. Bunu SİA-ya açıqlamasında politoloq, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, Paşinyan son bir ay ərzində Ermənistan cəmiyyətinə müəyyən mesajlar göndərir: “Bu mesajlar daha çox Türkiyə ilə münasibətlərin normallaşması və bölgədə kommunikasiyaların açılmasından ibarətdir. Bununla o Ermənistan cəmiyyətinə istəklərini çatdırır. Zəngəzur dəhlizi ifadəsini işlətmədən Bakı ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulmasının vacibliyini dilə gətirib. Bir tərəfdən bu yaxşı haldır ki, artıq onlar bunu başa düşürlər və bu cür fikirlər səsləndirirlər, amma digər tərəfdən isə müəyyən oyunlar da ola bilər. Çünki Ermənistan rəhbərliyinə inanmaq çətin məsələdir. Eyni zamanda, biz rus sülhməramlılarının mövqeyindən də narazıyıq. Məlumdur ki, Minsk Qrupunun həmsədrləri fəallaşıblar. Rusiyalı həmsədr regiona səfər etdi və hətta erməni canisi Arayik Arturyanla da görüşdü. Digər tərəfdən də həyəcan, narahatçılıq doğuran siqnallar gəlir, hadisələr baş verir. Ona görə də, biz Paşinyanın bu açıqlaması ilə özümüzü tam şəkildə arxayınlaşdıra bilmərik”.

A.Nağı bildirdi ki, başqa istiqamətlərdə təhlükəli məqamlar var və o məqamlar nəzərdə saxlanılmalıdır: “Yəni Ermənistan rəhbərliyi kommunikasiyaların aşılması və Zəngəzur dəhlizi ilə bağlı bu cür çıxışlar edirsə, deməli, başqa bir şeydə nə isə əldə etməyə çalışır. Bu baxımdan da, ermənilərə tam inanmaq, arxayın olmaq olmaz. Bizim üçün vacib olan məsələ bütün Qarabağda Azərbaycanın suveren hüquqlarının bərpa olunmasıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə