Gənclərimizi ölkəmizin uğurlarına qara eynəkdən baxanlardan qoruyaq TƏHLİL
Prezident İlham Əliyev: “Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər”
Ölkə başçısı hər çıxışında, müsahibələrində, görüşlərində bildirmişdir: «Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi". Sərkərdənin döyüşçüyə - Ali Baş Komandanın əsgərə rəğbətinin bu səmimilikdə ifadəsi olan bu kəlmələr ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını ali səviyyədə tamamladı. Ordu gəncləri ilə Azərbaycan gəncləri də qürurlanır. Qürurlanır və onlara xitabən əminliklə deyir ki, sizin işğaldan azad etdiyiniz ərazilərdə biz də sizin dövlətçiliyə sədaqətiniz səviyyəsində iştirak edəcəyik!
“Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər”
“44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. «Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq, əzab-əziyyət içində yaşamışıq, fiziki və mənəvi əzablar içində yaşamışıq. Biz buna son qoyduq. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşayacağıq. Bu şanlı tarixi yaşatmaq üçün, qorumaq üçün və gəncləri bunun əsasında tərbiyə etmək üçün sizin nazirliyinizin üzərinə böyük vəzifələr düşür. Mən əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və bu prinsipləri gündəlik fəaliyyətinizdə rəhbər tutaraq nazirliyin fəaliyyətini təşkil edəcəksiniz. Sizi təbrik edirəm və sizə fəaliyyətinizdə uğurlar arzulayıram», - dövlət başçısı vurğulayıb.
“Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır”
“İdman sahəsində tərbiyə məsələlərinə də çox ciddi diqqət yetirmək lazımdır. Bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır. Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur»,-deyən dövlət başçısı bildirib ki, Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır: «Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar. Bizim milli dəyərlərimizi dərk etməlidirlər, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır. Burada vətənpərvərlik hissləri ön planda olmalıdır. Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır”.
Radikal müxalifət Azərbaycan gəncliyini çirkin məqsədlərinə cəlb edə bilməz
Bəli, radikal müxalifət Azərbaycan gəncliyini çirkin məqsədlərinə cəlb edə bilməz. Sosial dayaqlarını itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları iqtidarın uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın hərtərəfli inkişafını gördükləri və bu vəziyyətin onların hakimiyyətə gəlmək perspektivlərinin üzərindən birdəfəlik xətt çəkdiyini dərk etdikləri üçün antiazərbaycan, o cümlədən ermənipərəst dairələrlə işbirliyinə gedirlər, daha doğrusu paşinyaşırlar. Çünki onlar Azərbaycanın uğurlarını görməyən satqınlardır, xaindirlər, təlimatları xaricdən alırlar. Camaatı çaşdırmaq üçün onlar şanlı Qələbəmizə kölgə salmaq istəyirlər. Onlar Paşinyanı nümunə gətirirdilər, onu təmiz adam adlandırırdılar, onu demokrat adlandırırdılar. Ermənistanda müharibədən əvvəl sonra aparılmış həbslərə Qərb heç bir reaksiya vermir. Qərb artıq bu demokratiya məsələləri ilə bağlı özünü tam ifşa edib. Bu durumda vaxtilə Paşinyanı nümunə gətirən “Milli Şura” üzvlərinin susması da ikiüzlülük kimi qınanmalıdır. Paşinyanı nümunə göstərən bir təfəkkürdən hansı məqsədyönlü siyasi təşəbbüs gözləmək olar? Sifarişlə fəaliyyət göstərən, təlimatla çıxış edən özünü “siyasətçi” adlandıran antimilli ünsürlərlə mübarizə aparmaq həm ölkə daxilində, həm də ölkə xaricində yaşayan siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Və gənclərimizi ölkəmizin uğurlarına qara eynəkdən baxanlardan qorumalıyıq.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB