"Yeni müharibə Ermənistanın dünya xəritəsindən yox olmasına səbəb ola bilər" - Mixail Xodarenko - MÜSAHİBƏ

Rusiyalı hərbi ekspert, jurnalist, ehtiyatda olan polkovnik Mixail Xodarenko “Caliber” analitik mərkəzinə müsahibəsində Qafqazda baş verən hadisələrlə bağlı fikirlərini açıqlayıb və maraqlı məqamlara toxunub. Müsahibənin tərcüməsini oxucularımıza təqdim edirik.

- Federal kanallarda müxtəlif tok-şoularda 44 günlük müharibədən əvvəl, yumşaq desək, ermənipərəst mövqeyə sadiq idiniz. Ancaq artıq müharibə dövründə çıxışlarınızda Azərbaycana simpatiya aydın şəkildə müşahidə olunmağa başladı. Sizə nə təsir etdi?

- Bu məsələlərdə simpatiya (həm də antipatiya) baxımından mən həmişə çalışıram ki, öz fikrimi elə bir şəkildə formalaşdırım ki, birmənalı şəkildə nə Bakının, nə da İrəvanın maraqlarına cavab versin. Və burada məsələ simpatiyadan uzaqdır. 44 günlük müharibə başlamazdan əvvəl, döyüşçülərin və komandirlərin döyüş və əməliyyat qabiliyyətlərini, mənəvi və döyüş keyfiyyətlərini qiymətləndirmək baxımından mən erməni tərəfinin silahlı birləşmələrinə üstünlük verdim. Bunun səbəbləri var idi.

1991-ci ilə qədər bəzən 80% i azərbaycanlılardan ibarət olan hərbi hissə və bölmələrə komandanlıq edirdim. Əsasən, bunlar rus dilini zəif bilən, mürəkkəb hərbi ixtisasları mənimsəmək üçün zəif hazırlanan (və onları mənimsəmək arzusu ilə yanmayan) kənd yerlərindən gələnlər idi. Bundan əlavə, o vaxtkı Azərbaycan cəmiyyətinin ən geniş təbəqələri arasında SSRİ Silahlı Qüvvələrində xidmət heç də populyar deyildi. Zabitlər (pilotlar, dənizçilər, raketçilər, mühəndis qoşunlarının mütəxəssisləri və s.) arasında azərbaycanlılar çox az sayda nümunələrlə təmsil olunurdu. Buna görə də Birinci Qarabağ Müharibəsi göstərdi ki, ölkə rəhbərliyinin tabeliyində olan Azərbaycan Silahlı Qüvvələri komandanlığın əmri ilə döyüş tapşırıqlarını səmərəli şəkildə yerinə yetirməyə qadir deyil.

Şəxsən mən səhv olaraq inanırdım ki, 1-ci müharibədə Azərbaycan Silahlı Qüvvələrinə xas olan çatışmazlıqlar 2-ci müharibənin başlanğıcına qədər dəyişməz qalıb. Lakin bunun belə olmadığı ortaya çıxdı. Son vaxtlar Azərbaycanın hərbi-siyasi rəhbərliyi vəziyyəti kökündən dəyişməyi (bunu mən şəxsən İlham Əliyevlə əlaqələndirirəm), döyüşə hazır bir ordu yaratmağı, müttəfiqlərin dəstəyini almağı bacardı ki, bu da indiki geosiyasi vəziyyətdə çox vacibdir.

Və bu da hörmət oyatmaya bilməz (buna görə də bu simpatiya məsələsi deyil). Bundan əlavə, İlham Əliyev bir çox müasir siyasətçilərin formalaşdırdığı formula- həllin yalnız uzunmüddətli sülh danışıqları nəticəsində əldə edilə biləcəyi formulunu dağıtdı. İlham Əliyev açıq şəkildə göstərdi ki, müharibə başqa vasitələrlə aparılan siyasətin davamıdır və danışıqlar zamanı nəticə əldə etmək mümkün deyilsə, problem yalnız hərbi yolla həll edilə bilər. Və bu da hörmətdən başqa bir şey doğurmur. Hər halda, bunu əməliyyat və strateji planlaşdırma sahəsində bir mütəxəssis olaraq deyirəm.

- Rusiya bu gün Azərbaycana silah baxımından nə təklif edə bilər? Bəs Ermənistana nə təklif edə bilər?

- Sualı belə ifadə etmək daha düzgün olardı: Bakı müəyyən növ silah satışı ilə bağlı təklif versə, Rusiyanın bu vəziyyətdə mövqeyi necə olacaq? Bu vəziyyətdə Moskva demək olar ki, bütün müasir silah və hərbi texnikanı təklif edə bilər. Amma çox güman ki, Bakı silah və hərbi texnika alqı-satqısının şaxələndirilməsi və öz hərbi sənayesinin inkişafı yolu ilə gedəcək. Azərbaycanın potensial alıcı kimi üstünlüyü ondan ibarətdir ki, Bakı silahı "real" pulla ödəməyə hazırdır.

Ermənistana gəlincə, bir çox cəhətdən Rusiyaya qarşı çox asılı münasibət göstərən, ödəmə qabiliyyəti olmayan bir ölkədir. Eyni zamanda, mənim fikrimcə, Moskva Bakı ilə İrəvan arasında onsuz da kəskin olan ziddiyyətləri dərinləşdirməyə, silah və texnika tədarük etməklə bu münaqişənin yanan oduna od vurmağa meylli deyil.

- Ermənistanın və Azərbaycanın hazırkı hərbi potensialı barədə nə deyə bilərsiniz?

- Çox geniş vəzifələr siyahısı üçün bu iki ölkə sadəcə müqayisə olunmazdır. Və burada vəziyyət yalnız Azərbaycanın xeyrinədir.

- Çox güman ki, Ermənistan cəmiyyətində hökm sürən və əksər hallarda müxalifət qüvvələri tərəfindən canlandırılan revanşist hisslərdən xəbərdarsınız. Bunu necə görürsünüz və Ermənistanın yeni müharibəyə başlamaq imkanı varmı?

- İstədiyinizi bəyan edə bilərsiniz. Həm də sonsuz olaraq revanşist hissləri inkişaf etdirmək mümkündür. Bu cür hisslərin ciddi insan və hərbi-iqtisadi potensiala söykənib qurulmaması və qisas alması üçün bir vasitənin- müasir və döyüşə hazır silahlı qüvvələrin olub-olmaması başqa məsələdir. Mən şəxsən Ermənistanın yeni müharibə aça biləcəyinə inanmıram. Yeni bir müharibə Ermənistanın dünyanın siyasi xəritəsindən yox olmasına səbəb ola bilər.

- Müharibənin 2020 -ci ilin sentyabrında başlaması sizin üçün gözlənilən idi?

- Müharibə gözlənilən idi. Azərbaycan Silahlı Qüvvələrinin döyüş effektivliyinin çox yüksək səviyyədə olması, əsasən, sürpriz idi və bu cür qiymətləndirmələr Azərbaycan ordusunun təlimi haqqında etibarlı məlumatların olmaması ilə əlaqələndirilirdi.

Tərcümə: Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi " istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə