Tiqran Xzmalyan: "Rusiya Ermənistana silah əvəzinə, metollom göndərir" - MÜSAHİBƏ

Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan “Caliber” analitik mərkəzinə müsahibəsində, Ermənistandakı mövcud vəziyyət, həmçinin Rusiyanın Ermənistana silah satması ilə bağlı maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Tiqran, müxalifətdə olduğu vaxt Nikol Paşinyan özünü Qərbyönümlü bir siyasətçi kimi təqdim edirdi. Və çoxları onun hökumətə başçılıq edərək ölkəni Qərbyönümlü bir kursa keçirəcəyinə inanırdı. Amma Paşinyan dövründə də Ermənistan rusiyapərəst olaraq qaldı. Sizcə, Paşinyan niyə xarici siyasət vektorunu dəyişmədi?

- Sözün əsl mənasında hakimiyyətə gəldikdən bir gün sonra Paşinyan ölkənin xarici siyasətinin Rusiyayönlü olaraq qalacağını söylədi. Yeri gəlmişkən, bundan sonra onun əvvəlki mövqelərdən yayındığından əmin olaraq Ermənistan Avropa Partiyasını yaratmaq qərarına gəldik. Bunun səbəbləri, çox güman ki, olduqca yaygındır: mafiyada və Kremldə dedikləri kimi, ona imtina edə bilməyəcəyi bir təklif verildi. Sələfi Serj Sarkisyanın təcrübəsinə, habelə hadisələrin daha da inkişaf etməsinə görə bu "təklif" Qarabağ müharibəsi təhlükəsi idi. Halbuki, indi məlum olduğu kimi, Çörçillin düsturu bir daha təsdiqləndi: kim müharibə əvəzinə şərəfsizlik seçərsə, həm müharibə, həm də şərəfsizlik alar. Putin yeni Saakaşvilini istəmədiyinə görə həm 2016-cı ilin aprelində, həm də 2020-ci ilin noyabrında qabaqlayıcı hərəkətlər etdi. Ermənistanda demək olar ki, heç kim müharibənin Kremldən ilhamlandığına şübhə etmir.

- Dəfələrlə Rusiyanın İrəvandakı səfirliyi qarşısında aksiyalar keçirmisiniz, lakin bir çox vətəndaş iştirak etməmişdir. Bu, bütövlükdə erməni cəmiyyətinin Qərbpərəstlikdən daha çox Rusiyapərəst olduğu anlamına gəlirmi?

- İllərdir həm İrəvandakı Rusiya səfirliyinə, həm də Gümrüdəki Rusiya hərbi bazasına etiraz nümayişləri ilə çıxdıq, millətə Rusiyanın yeni bir xəyanətinin qaçılmazlığı barədə xəbərdarlıq etdik, onda təxminən 10 nəfər idik. Amma bu il, martın 16-da, “Ermənistanın bölünməsi ilə bağlı Rusiya-Türkiyə paktının 100 illiyində” təxminən 3 min insan Avropa Partiyası ilə birlikdə Rusiya səfirliyinə məşəllə gəldi.

44 günlük müharibədən sonra erməni cəmiyyəti çox dəyişdi. Burada daxili fikir birliyi yarandı ki, payız müharibəsinin nəticəsi Rusiyanın mövqeyi ilə əvvəlcədən müəyyən edilmişdi və bu hazırda ermənilərin böyük əksəriyyəti tərəfindən xəyanət kimi qiymətləndirilir. Buna görə də əsas nəticə Ermənistanın Rusiyaya münasibətində tarixi dəyişiklik oldu, başqa sözlə: 44 günlük müharibə ilk növbədə Kreml üçün geosiyasi məğlubiyyətdir.

- İki aydan çox vaxt keçməsinə baxmayaraq, fikrinizi bilmək istərdim: niyə iyun ayında keçirilən növbədənkənar parlament seçkilərini Robert Koçaryanın simasında müxalifət deyil, Paşinyan qazandı? Erməni seçicilərin seçiminə nə təsir etdi?

- Koçaryanla Paşinyan arasındakı seçim cəmiyyətdə rus ayaqqabısının altına qayıtmaq və onun altından qaçmaq ümidi arasında seçim kimi qəbul edildi. Kreml güc balansını ayıq-sayıq qiymətləndirdi və buna görə də ona sadiq oliqarxlar vasitəsi ilə Koçaryanı dəstəkləmək üçün bu cür mənbələri və seçkiqabağı rüşvətləri atdı ki, Ermənistanda dollar hətta ucuzlaşdı. Buna baxmayaraq, səs verməyə gələn əhalinin üçdə bir hissəsi, Koçaryan dövründə qaçılmaz olacaq Ermənistanın Lukaşenkonun Belarusiyasına çevrilməməsi şərti ilə, nüfuzdan düşmüş Paşinyanla əlaqəli olsa da, heç olmasa dəyişiklik ümidini üstün tutdu.

- Rusiya yenidən Ermənistana silah tədarük etməyə başladı. Bunu yeni müharibəyə hazırlıq kimi qiymətləndirmək olarmı? Və bu gün Ermənistan cəmiyyətində və siyasi dairələrində hərbi qisas ideyaları nə qədər güclüdür?

- Rusiya Koçaryan və qismən Sarkisyan tərəfindən verilmiş Ermənistan iqtisadiyyatında hegemonluğu və inhisarı saxlayır. Aydındır ki, Paşinyan Saakaşvili deyil və onun Rusiya monopoliyasını pozmaq və ABŞ və Fransanın Qərbin silah tədarükü ilə bağlı təkliflərini qəbul etmək istəyi və gücü yoxdur. Təbii ki, Rusiya buraya öz metallomları göndərir, çünki yalnız silahla bölgədəki varlığını uzada bilər.

İkinci suala gəlincə, Ermənistan cəmiyyətində Qarabağda və onun ətrafında mövcud vəziyyətin dəyişməsinin qaçılmaz olduğuna şübhə yoxdur. Mübahisə yalnız bu dəyişikliklərə nail olmağın yolları ilə bağlıdır. Ermənistan Avropa Partiyasının mövqeyi Minsk qrupunun iki həmsədrinin Qarabağ probleminin sülh yolu ilə həllinə dair mövqeyi ilə üst-üstə düşür- ABŞ və Fransa: məsələ yalnız beynəlxalq danışıqlar çərçivəsində həll oluna bilər. Yəni, hərbi intiqamdan deyil, beynəlxalq hüquqdan danışırıq. Partiyamız üçün Ermənistanın gələcəyi Avropaya inteqrasiyada, Aİ və NATO -ya daxil olmaqdadır. Baş verənlərin əsas nəticəsini və dərsini burada görürük.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə