Nüfuz və etimadın təntənəsi - TƏHLİL

Nüfuz və etimadın təntənəsi - TƏHLİL

Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ikinci ən böyük təşkilatına, Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etməsi ilə bu təşkilatda yeni ab-havanı, böyük canlanmanı təkzib etmək mümkünsüzdür. Əbəs yerə deyil ki, bu təşkilata üzv dövlətlərin liderləri tərəfindən də ölkə başçısının, cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına verdiyi tövhə lazımınca qiymətləndirilir. Bu baxımdan Azərbaycanın növbəti bir ildə də Qoşulmama Hərəkatına sədrlik edəcəyi də heç təsadüfi deyil.

Azərbaycanın, COVİD-19 pandemiyasının dünyanı öz cənginə alması fonunda Qoşulmama Hərəkatına sədrliyi və bu dövrdə pandemiyanın doğurduğu şəraitə uyğun adekvat reaksiyası, dünya miqyaslı bu bəlaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində təşəbbüsləri diqqətə layiqdir və təkzibedilməzdir. Ölkəmizin bu təşkilata sədrliyi dövründə ölkə başçısının uğurlu fəaliyyətinə yüksək qiymət göz qabağındadır. Azərbaycan da öz növbəsində təşkilata üzv dövlətlərlə münasibətlərə dəyər verir, eləcə də təşkilatın nüfuzunun artması istiqamətində səylərini əsirgəmir. Bu fakt Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin iyulun 13-də onlayn formatda keçirilmiş aralıq konfransında Azərbaycan Prezidentinin nitqində də öz əksini tapır.

Yarısı Qoşulmama Hərəkatının üzvü olan dövlətləri üçün nəzərdə tutulan və pandemiya ilə bağlı 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımının Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına verilməsi özü də diqqəti cəlb edən məqamdır. Onu da nəzərə alaq ki, pandemiyanın ilk başladığı və dünyanı bürüməyə, yayılmağa başladığı dövrdə, ötən ildə, 2020-ci ildə COVİD-19-la bağlı BMT çərçivəsində xüsusi iclasın keçirilməsi təklifini də məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev etmişdi. Qoşulmama Hərəkatının Təmas Qrupu formatında koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda video-konfrans şəklində Zirvə görüşü də, hansı ki, 2020-ci il 4 may tarixində baş tutmuşdu, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə idi və bu zirvə görüşünə BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT baş katibi Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borrellin video-müraciət ünvanlaması da sıradan bir hadisə deyildi. Bu, əslində Azərbaycanın və onun Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun çox yüksək olması kimi xarakterizə edilir. Çünki, Zirvə Görüşünü təşkil etdiyi üçün, qlobal bəla ilə mübarizə apardığı üçün sadalanan qurumların, təşkilatların rəhbərləri şəxsən ölkə başçısının, cənab Prezident İlham Əliyevin fəaliyyətini təqdir etmişdilər və bu da birbaşa sadalananları, deyilənləri isbatlayır.

Etiraf edək ki, məhz Ermənistanla münaqişə kontekstində Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatına, dünyanın ikinci ən böyük təşkilatına üzv olması sonda əldə etdiyimiz qələbə üçün kifayət qədər tövhələr verdi. Bir növ, Prezident İlham Əliyevin 10 il əvvəl Azərbaycanı dünyanın ən böyük ikinci təşkilatına üzv etməsi illər sonra qazanacağımız qələbənin əsasını qoydu, deyə bilərik və etiraf etməliyik ki, bu fakt özü də ölkə başçısının uzaqgörən, uğurlu strategiya və siyasət yürütdüyünü göstərir. Azərbaycanın sözügedən təşkilata üzvlüyün ardınca, sədrlik etməsi, artıq keçmiş sayılacaq münaqişə ilə bağlı ölkəmizin mövqeyinin Qoşulmama Hərəkatının sənədlərində belə dəstəklənməsi, Ermənistanın təcavüzünə qarşı mübarizədə heç şübhəsiz ki, Azərbaycan üçün böyük dəstək demək idi və bu dəstəyi də müşahidə etdik. Münaqişə ilə bağlı bəndin Qoşulmama Hərəkatının Yekun Sənədinə daxil edilməsi, üzv dövlətlərin münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək verməsi qələbəmizin əldə edilməsində, bunun beynəlxalq aləmdə tanınmasında mühüm əhəmiyyət kəsb etdi. Təbii ki, istər 2016-cı ildə Venesuelada keçirilən Zirvə Görüşünün, istərsə də 2018-ci ildə Bakıda keçirilən aralıq konfransının yekun sənədində də Ermənistan və Azərbaycan arasında münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstək ifadə olunması özü də böyük əhəmiyyətə malik idi və bunun da əyani şahidi olduq.

Ötən il Tovuz istiqamətində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin, erməni terrorçuların törətdiyi təxribatlara görə də Qoşulmama Hərəkatı 2020-ci il 18 iyul tarixində Kommünike qəbul elədi və onların təxribatçı hərəkətlərini pislədi. Vətən müharibəsi dövründə də Qoşulmama Hərəkatına üzv ölkələr çox kəskin mövqe nümayiş etdirərək BMT-nin 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrinə istinad edilməsini israrla bildirdilər. Bu mövqe heç də sıradan bir təzahür deyildi və nəzərə çatdırmaq yerinə düşərdi ki, məhz onların bu israrlı tələbi sayəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürmək məcburiyyətində qaldılar və Vətən müharibəsi zamanı ölkəmiz BMT Təhlükəsizlik Şurasının xüsusi iclasındakı çağırışları da uğurla dəf etdi.

Vətən müharibəsində əldə edilən, qazanılan uğurlara Qoşulmama Hərəkatının tövhəsi barədə faktları çox sadalamaq olar. Bu faktların hər biri danılmaz faktlardır və rolu, əhəmiyyəti də təkzib edilə bilməz. Ümumiyyətlə, ölkəmizin bu təşkilata üzv belə seçilməsinin həqiqətən də nə qədər ağıllı, düşünülmüş addım, uzaqgörən siyasət olduğunu etiraf etməmək mümkün deyil və məhz bu, ölkə başçısnın, cənab Prezident İlham Əliyevin uzaqgörənliyidir deməkdə haqlıyıq. Bu, eyni zamanda onu ifadə və təsdiq edir ki, Azərbaycanın maraqlarının təmin edilməsi istiqamətində ölkə rəhbərimiz zəngin strateji konsepsiyaya, geniş, əhatəli, uzunmüddətli fəaliyyət planına sahibdir və bu yolda kifayət qədər qətiyyətlidir.

Bəli, Azərbaycanın maraqlarının təmin edilməsi istiqamətində ölkə başçısının qətiyyəti hər sahədə öz təsdiqini tapır və məhz Qoşulmama Hərəkatında da bunun şahidiyik. Məhz 13 iyul tarixində baş tutan iclas zamanı da cənab Prezident İlham Əliyev post-münaqişə dövründəki vəziyyət, Ermənistanın təcavüzkar siyasəti və davam etməkdə olan yeni proseslərlə bağlı Azərbaycanın mövqeyinə diqqəti təsadüfi olaraq yönəltməyib. Bütün bu addımlar mövcud vəziyyətdə işğalçı ölkənin təxribatçı hərəkətlərinə diqqətin cəlb edilməsi və münasibət bildirilməsi baxımından əvəzsizdir.

Məsələ burasındadır ki, ölkəmizin mövqeyi ədalətli olduğu üçün, beynəlxalq hüquqa, normalara uyğun olduğu üçün, eləcə də humanist yanaşma nümayiş edildiyi üçün diqqət mərkəzindədir və dəstəklənir. Qoşulmama Hərəkatına üzv ölkələr bunu, bu ədalətli, hüquqi yanaşmanı Ermənistanla münaqişə dövründə də müşahidə etdilər və ələlxüsus pandemiya şəraitində humanist yanaşmasının da şahidi oldular. Nəzərə alaq ki, müharibədən sonra ölkə başçısı işğalçı tərəfə belə sülh təklifi ilə çıxış edir və bununla da elə pos-münaqişə dövründə də üzv ölkələrin Azərbaycanın mövqeyinin dəyişməz olduğuna, yenə də humanist olduğuna əminliyi artdı. Onu da nəzərə alsaq ki, Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəmir və bunu bütün üzv ölkələr yaxşı başa düşür, deməli, ölkəmizin növbəti bir ildə də Qoşulmama Hərəkatına sədrlik etməsi başadüşülən, anlaşılandır və bu, Azərbaycanın, Azərbaycan Prezidentinin növbəti uğuru, eləcə də daha böyük qələbələrə açılan yol, nüfuz və etimadın təntənəsidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə