“Bu, şərtlərin düzgün dərk edilmədiyinin əlamətidir” POLİTOLOQ ŞƏRH ETDİ

“Bu, şərtlərin düzgün dərk edilmədiyinin əlamətidir” POLİTOLOQ ŞƏRH ETDİ

Azərbaycanla Ermənistan sərhəddində, xüsusilə də Qarabağ bölgəmizdə son günlər atəşkəsin pozulması və müxtəlif istiqamətli diversiya hərəkətlərinin baş verməsi bir neçə istiqamətdə fikirlər bildirməyə, məsələləri bir neçə istiqamətdə təhlil etməyə imkan verir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloqun sözlərinə görə, birincisi bu, bir daha Ermənistan cəmiyyətinin, Ermənistan hakimiyyətinin və Qarabağda hələ də sülhməramlı qüvvələrin nəzarəti altında olan ərazilərdə öz mövcudluğunu qoruyub saxlayan separatçı rejimin, separatçı hərəkatın Azərbaycanın yaratdığı, ümumiyyətylə, Cənubi Qafqazda mövcud olan son reallıqları və bu reallıqlardan irəli gələn şərtləri düzgün dərk etmədiyini göstərir.

“Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin gərginləşməsində, kövrək də olsa yaranmış sülh münasibətlərinin pozulmasında maraqlı olan qüvvələr mərkəzi hakimiyyətə tabe olmaq istəmirlər. Xüsusilə, ordu sıralarında cəmləşmiş bu qüvvələr özbaşına fəaliyyət göstərməyə cəhd edirlər.

Digər tərəfdən, burada ikinci bir maraqlı məsələ ondan ibarətdir ki, həm Ermənistan, həm də Qarabağdakı separatçı qüvvələr üzərindən Cənubi Qafqazda oyunlar qurmaq, öz maraqlarını həyata keçirmək istəyən bir sıra beynəlxalq aktorlar, beynəlxalq oyunçular mövcuddur ki, onlar heç də Cənubi Qafqazda, Ermənistanla Azərbaycan cəmiyyətləri arasında sülh münasibətlərinin formalaşmasında, birgə yaşayışın təmin olunmasında maraqlı deyillər. Əksinə, onlar mümkün qədər çalışırlar ki, regionda münasibətlər yenidən gərginləşsin, iki dövlət, iki cəmiyyət arasında konfrontasiya bundan da artıq səviyyəyə qalxsın və məhz bu gərginləşmə fonunda öz maraqlarını həyata keçirə bilsinlər. Bu qüvvələrin başında Qərbi Avropa paytaxtları, xüsusilə, Fransa, Niderland, Almaniya dayanır ki, həmin dövlətlər öz tarixlərindən irəli gələn, tarixləri boyu həyata keçirməyə çalışdıqları müxtəlif regionlarda, bölgələrdə milli-etnik-dini zəminli gərginlik yaratmaqla, sülh prosesini pozmaqla öz maraqlarını həyata keçiriblər və bu gün də onlar elə hesab edirlər ki, Cənubi Qafqazda da daim güclü dövlətlərin əlində alət olmağa meyilli olan Ermənistan cəmiyyətinin, erməni xalqının əli ilə regionda münaqişəni yenidən qızışdıracaq və gərginlik ocağı yaratmaqla Azərbaycanın nəzarət etdiyi, Azərbaycanın həyata keçirdiyi, Azərbaycanın lokomativi rolunda oynadığı proseslərin, regionun inkişafına xidmət edən proseslərin qarşısını alacaqlar və öz maraqlarını həyata keçirə biləcəklər.

Üçüncü bir məsələ ondan ibarətdir ki, bu gün Ermənistanla Azərbaycan sərhəddində, xüsusilə də Qarabağ ərazisində, məsələn, Şuşa ətrafında törədilən təxribatlar məhz regionda, bölgədə sülhməramlı missiyanı həyata keçirməli olan, sülh prosesini qorumalı olan, iki cəmiyyət arasında inteqrasiya, inam mühitinin formalaşmasına xidmət etməli olan sülhməramlı qüvvələrin gözü qarşısında baş verir və çox təəsüf ki, bir çox hallarda sülhməramlı qüvvələr öz missiyalarından irəli gələn addımları atmırlar, bu prosesləri görməməzlikdən gəlməyə çalışırlar. Bunlar sülhməramlı qüvvələrin regionda bitərəf fəaliyyətini şübhə altına alır, onların öz missiyalarına, öz vəzifələrinə məsuliyyətlə yanaşmalarını şübhə altına alır. Belə vəziyyət imkan verir ki, həm Azərbaycan dövləti, həm Azərbaycan xalqı sülhməramlıların fəaliyyətinə şübhə ilə yanaşsın. Eyni zamanda artıq bölgəyə nəzarəti həyata keçirə bilməyən Rusiya sülhməramlı qüvvələrin əvəzinə, Azərbaycan dövləti öz torpaqlarında mövcud separatçı rejimə qarşı, separatçı hərəkətə qarşı antiterror əməliyyatları aparsın.

Mən bir məsələni də qeyd etmək istəyirəm. Ermənistan cəmiyyəti, regionda münaqişəni alovlandırmağa çalışan Ermənistan dairələri, xüsusilə də Qarabağdakı separatçı qüvvələr, Araik Arutyunyanlar, Vitali Balasanyanlar və onların əlaltıları unutmasınlar ki, dekabr ayında Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı ilə onlarla diversant, terrorist ələ keçirilib və məhz bundan sonra Ermənistan dövləti, Ermənistan rəsmi şəxsləri, eləcə də Ermənistan baş naziri dəfələrlə müxtəlif yollarla, müxtəlif vasitələrlə Azərbaycan dövlətindən, Azərbaycanın Prezidenti cənab İlham Əliyevdən həmin diversantların buraxılması, azad edilməsi ilə bağlı xaişlər, ricalar ediblər. Unutmasınlar ki, həmin prosesi Azərbaycan Ordusu, Azərbaycan dövləti yenidən bölgədə həyata keçirə bilər, istənilən an anti-terror əməliyyatlarına başlaya bilər və bu əməliyyatlar nəticəsində yenə də böyük zərbələr alacaq tərəf məhz Ermənistan tərəfi, separatçı rejim olacaq. Bunu unutmasınlar ki, Azərbaycanın dəmir yumruğu yerindədir, qüvvəsindədir və Azərbaycan dövləti Azərbaycanın maraqlarına zidd bu addımların davam edəcəyi halda, beynəlxalq hüquqla tanınan, öz ərazilərində antiterror əməliyyatları keçirmək hüququndan istifadə edəcəkdir və təxribatlar davam etdiyi halda istənilən an Azərbaycan dövləti bu əməliyyatları həyata keçirib separatçı rejimə, Ermənistandakı təxribatçı qüvvələrə növbəti dəfə böyük zərbə vurub onları mövcud reallıqları qəbul etməyə məcbur edəcəkdir”, deyə politoloq Anar Əliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə