Ermənistanda seçkilər sonrası siyasi vəziyyət... - EKSPERT AÇIQLADI

Ermənistanda seçkilər sonrası siyasi vəziyyət... - EKSPERT AÇIQLADI

“Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra Ermənistanın hazırkı baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın qalib gəlməsi hələ də Ermənistanda ictimai-siyasi vəziyyəti normal məcraya qoymayıb. Çünki seçkilərdə məğlub olan Serj Sarqsyan və Robert Koçaryan seçkilərin nəticələrindən narazılıqlarını ifadə ediblər və bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bildiriblər. Dünyanın aparıcı dövlətləri ABŞ, Rusiya, Fransa və digər dövlətlər Ermənistanda seçkilərin demokratik keçməsilə bağlı fikirlər irəli sürüblər və hazırkı baş nazir vəzifələrini icra edən Nikol Paşinyanı təbrik ediblər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloqun sözlərinə görə, lakin hələ də Ermənistanda inaqurasiya olmayıb və rəsmi Nikol Paşinyan öz vəzifələrinin icrasına başlamayıb: “Ermənistan KİV-lərinə nəzər saldıqda biz görürük ki, artıq Paşinyan 2018-ci ildən fərqli olaraq Məxməri inqilabın yox, Dəmir inqilabın olması ilə bağlı fikirlər irəli sürür. Bununla o belə bir təəssürat yaratmağa çalışır ki, sanki hazırda onun iqtidarda olduğu dövr nisbətən sərt hakimiyyəti ilə yadda qalacaq. Ancaq biz hələ də mərkəzdənqaçma meyillərini müşahidə edirik və bir sıra qüvvələr hələ də Paşinyana tabe olmur. Buna baxmayaraq artıq seçkiləri baş tutmuş hesab etmək olar və tez bir zamanda Paşinyan andiçməni həyata keçirib, öz kabinetini formalaşdırmalıdır. Hazırkı Ermənistan iqtidarından Azərbaycanın istəklərinə gəldikdə isə qeyd edə bilərik ki, sərhədlərin qarşılıqlı şəkildə tanınması ilə bağlı məsələlər gündəmdədir. Eyni zamanda, Ermənistan tərəfi yeni geosiyasi reallıqları qəbul edir və bu yeni yaranmış sərhəd gerçəkliklərində Azərbaycanın sərhədlərini tanımalıdır”.

İ.Hüseynov vurğulayıb ki, təəssüflər ki, Zəngəzur dəhlizi ilə əlaqədar Ermənistanda hələ də skeptik yanaşan qüvvələr var və onlar Zəngəzur dəhlizi istifadəyə verilsə belə, oranın dəhliz formasında həyata keçirilməməsində maraqlıdırlar: “Azərbaycan Laçın dəhlizinin istifadəyə verilməsi məsələsində rus sülhməramlıların yerləşdirilməsi ilə əlaqədar açıq-aşkar mövqe sərgilədi və eyni mövqeni Zəngəzur dəhlizinin həyata keçirilməsində də görməkdə maraqlıdır. Zəngəzur dəhlizinin tez bir zamanda istifadəyə verilməsi bu dəhlizdən istifadə edəcək ölkələrin iqtisadiyyatına öz töhfəsini verəcək. Bu, ümumən regionun nəqliyyat xəritəsinin dəyişdirilməsidir. Ermənistanda da bunu yaxşı anlayırlar, lakin siyasi manipulyasiyalardan istifadə edərək məsələnin yubadılmasında maraqladırlar. Azərbaycan isə təmkinlə ərazilərin minalardan təmizlənməsi fəaliyyəti ilə məşğuldur. Bununla da Azərbaycan bölgənin yenidən qurulmasında öz fəaliyyətini davam etdirir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə