Zəfər yolu -TƏHLİL

Dövlətin yaranması, təşəkkül tapması, mövcudluğu ilk növbədə ordusunun mövcudluğu ilə mümkündür. Əvvəla ona görə ki, ordunun qüdrəti məhz dövlətin gücünün göstəricisidir və məhz bu səbəbdən də ordunun inkişafı dövlətin inkişafı ilə paralel şəkildə gedir. Digər tərəfdən, “Sülh istəyirsənsə müharibəyə hazır ol”, ifadəsi sözün əsl mənasında hər zaman aktuallığını qoruyur.

Azərbaycan hələ 1918-ci ildə belə müstəqilliyini qazandığı andan dərhal sonra ordu quruculuğuna başlamaq məcburiyyətində idi və haqlı olaraq bu quruculuğa da başladı. Müstəqilliyini qazandığı andan Azərbaycan ona görə dərhal ordu quruculuğuna başlamaq məcburiyyətində idi ki, biz hər an erməni düşmənçiliyi, erməni məkri ilə üz-üzə olmuşuq və məhz bu səbəbdən də dövlətin gücünün göstəricisi olan orduya hər şeydən çox ehtiyac duyulurdu. Doğrudur, havadarlarının köməyi ilə ermənilər Azərbaycana həmin o yarandığı dövrdə də, sonralar da zərbələr vura bildi, erməni azğınlığı sərhədləri həyasızcasına aşdı və görünür, düz 102 il sonra Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən onlara, öz havadarları ilə birlikdə layiqli cavab veriləcəkmiş.

Bəli, ordunun yarandığından düz 102 il sonra düşmən üzərində mükəmməl qələbə qazanıldı. Azərbaycan Ordusu bu müddət ərzində özünün inkişaf yolunu keçdi və bu yol zəfərə aparan yol oldu. Ermənilərin düz 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları torpaqlar, Azərbaycan torpaqları işğaldan azad edildi, öz əzəli və əbədi sahibinə qaytarıldı. Zəfər Savaşı adlandırılan və bütün dünyanın diqqət mərkəzində olan, hələ də araşdırılaraq örnək götürülən 44 günlük müharibə hər zaman sülh şəraitində yaşamaq istəyən Azərbaycan xalqının istəyini, arzusunu reallığa çevirdi. Bu reallıq isə, sülh istəyinin müqabilində müharibəyə hazır olmaqla, şərəfli, müzəffər orduya sahib olmaqla gerçəkləşdi. Bu şərəfli, müzəffər orduya sahib olmaq üçün keçilən yolda Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri heç zaman Azərbaycan xalqının yaddaşından silinən deyil. Sovet imperiyası dövründə Azərbaycan paytaxtında hərbi məktəbin təsis edilməsi və hərbi təhsilə azərbaycanlıların cəlb edilməsi Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindəndir.

Doğrudur, biz ermənilərdən zəif olmasaq da, onların havadarları, özü də ermənilərin bizə qarşı düşmənçilik niyyətlərindən, meyillərindən xəbərdar olan, bundan istifadə edən havadarları daim ermənilərə hər müstəvidə kömək edərək bizim qalibiyyətimizə imkan verməyiblər. Bir zamanlar Osmanlıya qarşı qızışdırılan ermənilərin sonradan cəzalandırılmasına “soyqırım” adı verərək bunu da türklərə qarşı istifadə etmək istəyənlər üçün ermənilər hələ o zamandan alətə çevrilmişdilər. “Soyqırım” laylası ilə yuxuya verilən ermənilərə sonuncu dəfə Azərbaycab hədəf kimi göstərildi və bu dəfə də 30 il Azərbaycan torpaqlarını müvəqqəti işğal etmələri ilə bəslənildilər, aldadıldılar. Bölgəyə köçürülmələrindən əvvəl keç bir ərazisi, torpağı olmayanlara köçürüldükləri ərazilərdən əlavə yeni ərazilər, Qarabağ əraziləri vəd edilərək tovladıldılar. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən, geri qaytardıqdan sonra ola bilsin ki, ermənilər Qərbin əlində bu zamana qədər alət olduqlarını, əlinə müvəqqəti oyuncaq verilən uşaq kimi aldadıldıqlarını dərk edə biliblər. Əks halda, Sarkisya və Koçaryan kimi “Qarabağ klanı” ermənilər tərəfindən rədd cavabı almaz, növbədənkənar parlament seçkilərində rüsvayçı səs toplamazdılar, əksinə, onlara səs verilər, ikisindən biri də baş nazir seçilərdi. Amma, əgər belə olmadısa, deməli, artıq erməni xalqı da bu zamana qədər aldadıldığının, alətə çevrildiyinin fərqindədir.

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Ermənistanın sərhədlərini həmişə olduğu kimi, hələ də Rusiya qoruyur. Sirr deyil ki, Rusiyanın hərbi bazası hələ də Ermənistanda yerləşir. Bu zamana qədər Qarabağdakı hərbi qüvvələri barədə ermənilərin yaratdıqları mif də, olan-olmaz silahlı dəstələr də, terrorçular da 44 günlük müharibə dövründə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu tərəfindən darmadağın edildi. Azərbaycanın tarixi zəfərinin müəllifi olan cənab Prezident İlham Əliyev ermənilərə, yalan üzərində qurulan Ermənistan dövləti barədə acı reallıqları anlatdı.

Sözün əsl mənasında Ermənistan heç nə qazanmadı, əksinə, bu 30 ildə nəinki itirdi, ümumiyyətlə bu 30 ili belə itirdi. İşğalçı ölkə 30 ildə yalnız işğalçılıq haqqında düşündü. Azərbaycan beynəlxaq, regional layihələri reallaşdırdığı zaman, Ermənistan işğal etdikləri ərazilərdə müdafiə istehkamları qurmaqla məşğul oldu, hansıki, bu 30 ildə qurduqları istehkamları da elə yaratdıqları mif kimi Azərbaycan darmadağın etdi. Bu işğalçı ölkə hələ də müstəqil ölkə, müstəqil dövlət ola bilməyib. Əksinə, hələ də asılı vəziyyətdədir. Özü də ermənilər hələ də müəyyən edə bilmirlər ki, bundan sonra Qərbin, yoxsa Rusiyanın oyuncağı olsunlar. Özü-özünü təmin edə bilməyən, iqtisadiyyatı, sənayesi, kənd təsərrüfatı, eləcə də ordusu olmayan ölkə kimi Ermənistan bundan sonra da başqa dövlətlərdən asılı vəziyyətdədir. Bir sözlə, 30 illik işğalçılıq siyasəti bu ölkəni bir ölkə kimi xəritədən belə siləcək duruma saldı. Ermənilər birinci Qarabağ müharibəsində torpaqları ələ keçirdiklərini zənn edirdilərsə, qazandıqlarını düşünürdülərsə, bərk yanılırdılar və bunu anlamalıdırlar ki, onlar əslində, başda elə 30 il olmaqla, hər şeylərini itiriblər və bölgədə küncə qısılmış, marginallaşmış vəziyyətə düşüblər. Təbii ki, bu vəziyyətdən çıxış yolları da məhz Azərbaycanla qura biləcəkləri əlaqələrdən, münasibətlərdən keçir, əgər bunu anlaya bilsələr.

Azərbaycan paytaxtında, Bakıda hərbi məktəbin təsis edilməsi, hərbi təhsilə azərbaycanlıların cəlb edilməsi kimi Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərinın ardınca, cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda müasir ordu quruculuğu prosesi yeni mərhələsinə başladı, müasir silahların, texnikanın, texnologiyanın əsasında silah-sursatın, hərbi texnikanın alınması reallaşdırıldı. Təsadüfi deyil ki, 44 günlük müharibə, 21-ci əsrin müharibəsi kimi dəyərləndirilib və yeni nəsil silahlar, onlardan istifadə, döyüş taktikası dünyanın hərbi dairələrində hələ də müzakirə mövzusudur və örnək olaraq müzakirə edilir, öyrənilir. Bir sözlə, ölkəmizdə ordu quruculuğu müvəffəqiyyətlə həyata keçirilib və hələ də inkişaf etməkdədir.

Bütün sahələrlə yanaşı, ordu quruculuğunda olan inkişaf da göz qabağındadır. Bu gün ordumuzun gücü, qüdrəti təkzib edilə bilməz. Ordunun gücünün göstəricisi onun düşmən üzərində olan qələbəsi ilə ölçülür və Azərbaycan Ordusu bu qələbəni müvəffəqiyyətlə əldə etdi və düşməni diz çökdürərək rüsvayçı məğlubiyyətə, kapitulyasiya sənədinə imza atmağa vadar etdi. Əbəs yerə deyil ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusundan biridir və həqiqətən qürur duyulacaq bir məqamdır.

Bu gün Azərbaycana Ermənistan lazım deyil və Azərbaycan Ermənistansız da bütün istəklərinə nail olub, bölgənin lider dövlətidir, dünyada söz sahibidir. Azərbaycan yalnız öz gücü sayəsində, öz liderinin uzaqgörən, müdrik siyasəti və rəhbərliyi sayəsində bütün istiqamətlərdə inkişaf edib, qonşuları ilə bütün komunikasiyaları qurub, enerji xətlərini, dəmir yollarını çəkib, bütün nəqliyyat və rabitə layihələrini icra edib. Bu gün Ermənistanın özünə Azərbaycan çox lazımdır. Bütün layihələrdən kənarda qalan, bölgədə sıxılıb qalmış vəziyyətdə olan Ermənistan indi Azərbaycanın əlaqələrindən, imkanlarından istifadə etməyə maraqlı olmalıdır. Bir növ Ermənistan yalvararaq belə proseslərə qoşulmaq niyyətində olmalıdır. Bu işğalçı ölkə xahiş edərək, qonşularından icazə alaraq prosesə qoşulmalı və bundan sonrakı durumu barədə düşünməlidir, işğalçılıq barədə deyil. Normal münasibətlər qurması, proseslərə qoşulması üçün isə Ermənistan ərazi iddialarından əl çəkməli, ölkəmizin sərhədlərini tanımalı, sülh müqaviləsinə hazırlaşmalı və onu imzalamalıdır. Bu işğalçı ölkə illər boyu həm özünü, həm də dünya ölkələrini aldatmaqla, riyakar siyasət yürütməkdən əl çəkməlidir.

Zəfər, qələbə hər zaman Azərbaycanın olacaq. Çünki, biz hər zaman zəfərə aparan yolda olmuşuq və bu gün də bu yoldayıq. Azərbaycanın yolu bir, amalı birdir və bu qələbə əzmi bundan sonra da bizimlədir. Azərbaycanın yolu haqq yolu olduğu üçün bu yol bundan sonra da ölkəmizi yeni-yeni zəfərlərə aparacaq. Ona görə ki, bu yol zəfər yoludur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə