Naxçıvan şəhərində yerləşən “Görüş yeri” kafesində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi qaziləri ilə görüş təşkil edilib. Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin əməkdaşı Azadə Əliyeva Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi barədə danışıb. Qeyd edib ki, haqq mübarizəmizin şanlı Zəfərlə başa çatması Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və bacarığı, qətiyyətli mövqeyi, qəhrəman əsgər və zabitlərimizin rəşadəti sayəsində mümkün olub. Sıx dövlət-xalq-ordu birliyi də Qələbənin əsas səbəblərindən biridir. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə gedən fəal mübarizəmizin sonunda tarixi ədalət bərpa olunub. Bu yolda igidlik göstərən bütün hərbçilərimizə ali xidmətlərinə görə daim minnətdarıq.
Baş gizir Sahil Əsgərov çıxış edərək deyib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması ölkəmizin müstəqil dövlət quruculuğu tarixində mühüm nailiyyətdir. Ordumuz hər zaman üzrərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirib. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın döyüş əmri ilə başlanan Vətən müharibəsində ordumuz tarix yazdı, haqq uğrunda mübarizə əzmini, döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Xalqına Qələbə sevinci yaşadan, Vətən uğrunda canlarından keçən şəhidlərimizlə, qazilərimizlə, bir sözlə, Azərbaycan əsgəri ilə qürur duyur, onlarla fəxr edirik.
Gəncləri maraqlandıran sualların cavablandırıldığı görüşdə hərbçilərimiz döyüş xatirələrini bölüşüb, Vətən sevgisi ilə yaşamağın, ölkəmizin müstəqilliyinə xidmət etməyin qürurverici olduğunu vurğulayıblar.
Nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva qazilərimizi əlamətdar gün münasibətilə təbrik edib, tədbirdə iştirak etdikləri üçün təşəkkürünü bildirib. Onlara təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, görüş Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənc Vətənpərvərlər” İctimai Birliyi tərəfindən birgə təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB