"Ermənistan müharibəyə, anti-azərbaycançılığa yox deyərək seçimini etdi" DEPUTAT DETALLARA TOXUNDU

"Ermənistanda 20 iyun tarixində keçirilən növbədənkənar parlament seçkiləri bir çox məsələlərə aydınlıq gətirdi" . Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, ilk növbədə Ermənistan Koçaryan və Sarkisyan hakimiyyətinə qayıtmaq istəmədiyini birmənalı şəkildə bildirdi və seçkiyə gəlməyənlər də Koçaryan və Sarkisyan dünəninə qayıtmaq istəmədiklərini elə seçkiyə gəlməməklə elan etdilər.

“Az sayda seçicinin Koçaryana və Sarkisyana səs verməsi onların sosial bazalarının az olduğunu göstərir. Tamamilə mümkündür ki, bunlar vaxtilə Qarabağdan Ermənistana köçən və Koçaryanın sosial bazasını təşkil edən insanlardır. Həmçinin, onların Azərbaycana, Türkiyəyə qatı nifrət, müharibəyə çağırış şüuarları da cəmiyyətdə qorxu və həyəcan yaratdı. Çünki sabah Koçaryanın elan edəcəyi döyüşlərdə onun öz övladları deyil, sadə erməni kəndlisinin, şəhər fəhləsinin övladı iştirak etməli idi və Ermənistan növbəti dəfə minlərlə gənc vətəndaşını Koçaryanın iddiaları üçün qurban verməli idi.

Nəzərə alsaq ki, Ermənistan tərəfi Azərbaycanın bütün cəhətlərdə Ermənistandan üstün olduğunun fərqindədir. Güclü iqtisadiyyat, güclü dövlətçilik, beynəlxalq aləmdə güc, yüksək hərbi qüdrət, döyüşlərdə istifadə edilən hərbi taktika bu gün böyük dövlətlər tərəfindən etiraf olunur. Ermənistan cəmiyyəti Paşinyanı ideal saymasa da bu gün onunla yolu davam etdirməyə üstünlük verdi. Eyni zamanda, indiki baş nazir Azərbaycan və Türkiyə ilə münasibətlərin müəyyən qədər durulmasının tərəfdarı olduğunu, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizindən eyni zamanda Ermənistanın fayda görəcəyini bildirir. Sadə erməni vətəndaşı isə orada iş yeri, orada rifah, orada özünün müharibədən uzaqlaşdığını görür.

Digər tərəfdən hesab edirəm ki, bu seçkilərdə Ermənistan vətəndaşı baş nazirliyə çoxsaylı namizədlərə deyil, Azərbaycan Prezidenti cənab İlham Əliyevə qulaq asırdı. Onun işğaldan azad olunan zonalara səfərləri, Zəngilanda ağıllı kənd, Ağdamda universitet, bulvar, tramvay xətti, Şuşanın mədəniyyət mərkəzinə çevrilməsi və bütün bunların hamısına Ermənistan vətəndaşı həsəd aparır və bunları müqayisə edir. Ermənistan vətəndaşı uçuq evdə yaşayaraq, az gəlirlə dolanaraq sabah bir neçə kilometrliyində Azərbaycan vətəndaşının ondan qat-qat yaxşı yaşadığının şahidi olacaqdır. Bu seçkilər hesab edirəm ki, cənab Prezidentin apardığı siyasətin uğuru idi, onun erməni işğalçılarının torpaqlarımızdan çıxarıldığından sonra belə Ermənistanla normal münasibətlər qurmaq çağırışına cavab idi. Ermənistan ilk növbədə müharibəyə yox deyərək, anti-türkçülüyə, anti-azərbaycançılığa yox deyərək seçimini etdi. Bununla da, hesab edirəm ki Ermənistanda yeni situasiya yarandı. Amma vəziyyətin necə olacağını gələcək göstərəcək. Əgər seçicidən toplanan səslə yenə də Koçaryan siyasətinin davamı gedəcəksə, onda Ermənistanı yeni məğlubiyyətlər, yeni faciələr gözləyir. Yox, nəticə çıxarılıb Azərbaycanla, Türkiyə ilə mehriban qonşuluq siyasəti yürüdüləcəksə, onda əlbəttə ki, Ermənistan da özünün problemlərini tədricən həll edə biləcək”, deyə Aydın Mirzəzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə