"Zorakılıq törətmək istəyən şəxslər...” - KOMİTƏ SƏDRİ AÇIQLADI

“10 noyabr və 11 yanvar bəyanatlarından sonra Ermənistan ərazisindən gizli yollarlarla Azərbaycan ərazisinə keçərək insanlara qarşı zorakılıq törətmək istəyən şəxslər Azərbaycan qanunları ilə mühakimə olunurlar”. Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və insan hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, saxlanılan erməni terrorçularının içərisində vaxtilə Xocalıda əli bizim soydaşlarımızın qanına batmış, mülki əhalimizi qətlə yetirmiş şəxslər də var: “Onlar müharibə qanunları ilə, adət-ənənələri ilə və Azərbaycan Respublikasının cinayət məcəlləsinin müvafiq maddələri ilə mühakimə edilirlər”.

Çingiz Qənizadə həmçinin qeyd edib ki, istintaqdan sonra onların məhkəmə prosesinə başlanması, bu prosesin açıq şəkildə aparılması, bu prosesə beynəlxalq təşkilatların nümayəndələrin girişinə qadağan qoyulmaması, onlarla Ombudsmanın bir neçə dəfə görüşünün olması, vəkillə təmin olması, hüquq normalarından kənar hər hansı bir hərəkətlərə yol verilməməsi Azərbaycanın demokratik imicidir: “Dilqəm və Şahbazın “məhkəməsi” bütün hüquq normalarına zidd formada keçirildi. Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycan hüquq normalarına uyğun cəzalar kəsiləcək. Azərbaycan Respublikasının Konstitusiyası ilə ölkə Prezidenti əfv etmə hüququna malikdir. Bu şəxslərin gələcəkdə də əfv edilərək, xəritələrin əldə edilməsi istiqamətində mübarizə edilməsi də mümkündür. Hesab edirəm ki, Laçında, Kəlbəcərdə, Füzulidə, Cəbrayılda və s. kimi bizim bölgələrdə basdırılmış minaların xəritələrini əldə edilməsi üçün bu şəxslərin gələcəkdə Ermənistana verilməsi ilə bağlı Ermənistan tərəfi təşviq göstərəcəkdir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...