Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb - GƏNC BAXIŞ

"Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir". Bu fikirləri SİA-ya açıqlamasında YAP Zəngilan rayon təşkilatı Gənclər Birliyinin sədri Nərmin Hüseynzadə deyib.

Onun sözlərinə görə, bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir: "Bildiyiniz kimi, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar, o cümlədən, sadə insanlar Ümummilli liderə müraciətlər edirdilər, ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər".

N.Hüseynzadə vurğulayıb ki, həmin dövrdə Naxçıvan blokadada idi və məhz Ulu Öndərin siyasi qüdrəti və böyük zəkası sayəsində bu bölgə özünü layiqincə qorudu: "Eyni zamanda, AXC-Müsavat cütlüyü hakimiyyətinin Heydər Əliyevi Naxçıvanın rəhbərliyindən qanunsuz yollarla devirmək cəhdlərinin də qarşısını sadə insanlar qətiyyətlə aldı və bu zaman hamı Ulu Öndərə olan xalq sevgisinin bir daha şahidi oldu. İnkişafa doğru addımlayan ölkəmiz dünya dövlətləri ilə bir sırada beynəlxalq təşkilatlara üzv qəbul olundu. Üçrəngli bayrağımız beynəlxalq təşkilatların üzərində dalğalandı. Heydər Əliyevin zəhməti və siyasəti nəticəsində hazırda Azərbaycan güclü inkişaf dövrünü yaşamaqdadır.

Müstəqil Azərbaycanımızda yaşanan 15 iyun – Milli Qurtuluş günü xalqımızın çətinliklərdən qurtulub, güclü bir dövlət bünövrəsinin qoyulduğu gündür. 1997-ci ildən parlamentin qəbul etdiyi qərarla 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd olunur".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...