"Ərdoğanın Şuşa səfəri Azərbaycan səfərinin incə bir nöqtəsidir" - BAŞ REDAKTOR ŞƏRH ETDİ

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya bu dəfəki səfəri Türkiyə-Azərbaycan münasibətlərinin keyfiyyətcə tamamilə yeni bir dövrünə təsadüf edir. Hansı ki, bu dövrdə bölgədə tam yeni reallıqların yaradıldığı bir mərhələ nümayiş olunur. Bu mərhələ Azərbaycanın və Türkiyənin birgə səyləri ilə yaradılıb. Bölgəmizdə yeni reallığın yaradılması əslində mütləq mənada Türkiyə-Azərbaycanın tandeminin fəaliyyəti hesabına baş verib”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, cənab Ərdoğanın bu səfəri bölgəmizdə 44 günlük müharibədən sonra yaranmış yeni reallıqlar özünü iqtisadi, siyasi, ticarət və investisiya əməkdaşlığında hansı formalarda göstərəcəyini bir daha dünyaya nümayiş etdirəcək: “Heç bir şübhə yoxdur ki, bölgədə yaranmış yeni reallıqların gerçəkləşməsində Türkiyə-Azərbaycan tandemi indiyə qədər olduğu kimi bundan sonra da əsas rol oynayacaq. Regionda iqtisadiyyat, siyasət, ticarət və investisiyaya inteqrasiya proseslərinin bu mərhələsində Türkiyə-Azərbaycan əməkdaşlığı yenə də həlledici rol oynayır və iki ölkə bu prosesin başa çatdırılmasında bəlkə də hamıdan çox maraqlı, həmçinin üstün gücə malikdir. Cənab Ərdoğanın xüsusilə Şuşa səfəri Azərbaycan səfərinin incə bir nöqtəsidir. Ona görə ki, Türkiyə Prezidentinin Şuşa səfərindən sonra qəti şəkildə demək mümkün olacaq ki, cənab Ərdoğan Şuşaya işğaldan azad olunandan və Azərbaycan müstəqillik əldə edəndən sonra legitim şəkildə bu şəhərə ayaq basan ilk xarici dövlət başçısı olacaq. Buna görə də bu tarixi əhəmiyyətli bir hadisədir və cənab Ərdoğanın Şuşaya legitim şəkildə ayaq basan ilk dövlət başçısı olması o deməkdir ki, Türkiyə Azərbaycanın yaratdığı yeni reallıqları tam şəkildə qəbul edir”.

A.Quliyev vurğulayıb ki, eyni zamanda Türkiyə və onun dövlət başçısı Azərbaycanın siyasətinə tam dəstək verməklə Dağlıq Qarabağ adında inzibati bir ərazi vahidi daha mövcud olmadığını tam şəkildə qəbul edir və Azərbaycana bu mənada gərəkən dəstəyi verir: “Ərdoğanın Şuşa səfəri onu da göstərir ki, Türkiyə Qarabağın statusunun yenidən müzakirəyə qayıdacağı cəhdləri ilə qəti şəkildə razılaşmır. Ümumilikdə, cənab Ərdoğanın Bakıya səfəri Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında keyfiyyətcə tam yeni bir dövrə təsadüf edib. Onun Şuşa səfəri isə Qarabağ probleminin qəti şəkildə həll olduğunun və bu prosesdə Türkiyənin Azərbaycanla bir yerdə olduğunun ifadəsidir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə