“Qurtuluş Günü 50 milyondan çox azərbaycanlının bayramıdır” KOMİTƏ ÜZVÜ ŞƏRH ETDİ

"Qurtuluş Günü azərbaycanlıların ürəyində, yaddaşında, zehnində əbədi olaraq həkk olunubdur". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev deyib.

Komitə üzvü vurğulayıb ki, bu Qurtuluş Günü tək Azərbaycanda yaşayan 10 milyon azərbaycanlının deyil, bütün dünyada yaşayan 50 milyondan yuxarı azərbaycanlının bayramıdır və daimi yaddaqalan bir gündür.

“Bizdən sonra yüz illər, min illər keçəcək, amma bu gün yaddaşlarda qalacaq. Nəyə görə? İlk növbədə ona görə ki, həqiqət ondan ibarətdir ki, Azərbaycan o zaman, Ulu Öndərin qayıdışından qabaq artıq tam açıq şəkildə deyə bilərik, siyasi xəritədən silinmək astanasında olan bir dövlət idi. Artıq elə bir vəziyyətə gəlib çatmışdıq ki, həmin o xaos, destabilizasiya, dövlətçiliyin dağılmağı və vətəni, dövlətçiliyi itirmək qədər bizim təhlükəmiz var idi. Bir çox dövlətlər, o cümlədən bəzi qonşu dövlətlər də buna şərait yaradırdı, buna çalışırdı ki, Azərbaycanın ərazisində bir neçə dənə dırnaqarası müstəqil dövlət yaratsınlar, Azərbaycanı parçalasınlar.

Mənə elə gəlir ki, əgər Ulu Öndər hakimiyyətə qayıtmasaydı, bu ölkəyə başçılıq etməsəydi, artıq Azərbaycan xəritədən silinəsi idi, yaxid da Azərbaycanın ən azından indiki torpaqlarının yarısından da az qalması idi və yaranan dövlət də inkişaf edə bilməyəcəkdi. Buna görə də Ümummilli Lider Heydər Əliyev cənablarına ömrümüzün axırına qədər biz, balalarımız, nəvələrimiz, nəticələrimiz, hamı buna görə borcludur və nə qədər Azərbaycan xalqı dünyada varsa, biz bu günü həmişə yada salacağıq. Dünyada 20-ci əsrdə ən tanınmış siyasi liderlərdən birinin həmin o qayıdışı bizim üçün böyük fəxrdir.

Mən bir iqtisadçı kimi qeyd etmək istəyirəm ki, o günlər mənim yadımdadır və mən canlı şahidi olmuşam ki, Azərbaycanda inflyasiya min faizi keçmişdi. Azərbaycan iqtisadiyyatı artıq dağılmışdı və bu proseslər davam edirdi. Bu gün biz Azərbaycana baxanda görürük ki, Azərbaycan bir çox makroiqtisadi göstəricilərə görə dünyada ən sayılıb-seçilən ölkələrdəndir və bununla biz fəxr edirik. Biz fəxr edirik ki, möhtərəm cənab Prezident Ulu Öndərin kursunu, siyasətini davam etdirir, inkişaf etdirir, şaxələndirir və Azərbaycanın hər bir uğuru birinci növbədə Ulu Öndərlə və təbiidir ki, onun siyasi varisi cənab Prezidentlə bağlıdır.

Məsələyə həm də iqtisadçı kimi toxunmaq istəyirəm ki, neft müqaviləsi, Əsrin Müqaviləsi bağlanan zamanı heç də Azərbaycanda yaxşı şərait yox idi. Amma, dünyanın aparıcı neft şirkətləri, o şirkətlər ki, onların iqtisadi gücü Azərbaycanın ümumdaxili məhsulundan qat-qat çox idi, onlar Ulu Öndərin xarizmasına, xüsusən də sözünə inandılar. İnandılar ki, o dövlətin başında, rəhbəri əgər Ulu Öndərdirsə, deməli bütün sazişlərə, hansıki qol çəkilib, onları həyata keçirəcək, burada stabillik, inkişaf olacaq və bunu da biz gərək yaddan çıxarmayaq. Biz gərək çalışaq ki, gənc nəslə bunu çatdıraq”, deyə millət vəkili Rüfət Quliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə