“Ya konfrontasiya, ya da konstruktiv siyasət yolunu seçəcəklər” POLİTOLOQUN MARAQLI YANAŞMASI
“Ermənistandakı siyasi vəziyyət olduqca gərgindir. Seçkilərlə bağlı sosialoji sorğuların nəticələri də, göründüyü kimi dəyişir. Ona görə ki, birincisi cəmiyyət çox həssas vəziyyətdədir. Məğlubiyyətdən sonra insanların hansı seçim edəcəyini proqnozlaşdırmaq çox çətindir. Digər tərəfdən, mart ayından bu vaxta qədərki bütün sosioloji sorğular onu göstərir ki, Ermənistanda səsvermə hüququ olan təxminən 40-45 faiz vətəndaşlar kimə səs verəcəklərini hələ də müəyyənləşdirməyiblər.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.
Politoloqun sözlərinə görə, ermənilər hətta seçkiyə qatılıb-qatılmayacaqlarını da müəyyənləşdirməyiblər və biz məhz bu qrupdan ən böyük sürprizlər görə bilərik.
“Paşinyanın marağında odur ki, seçkilərə az adam gəlsin. Onun stabil elektoratı var, hansı ki, bu, təxminən 25-30 faiz təşkil edir. Əgər adminstrativ resursu da üzərinə gəlsək, vətəndaşların seçkidə az iştirak etməsi baş versə, Nikol öz elektoratı və adminstrativ resursla istədiyi nəticəni əldə edə bilər.
Hökuməti formalaşdırmaq üçün 54 faiz səs lazımdır və böyük ehtimalla Ermənistanda bu rəqəmi heç kəs qazanmayacaqdır. Qanunvericiliyə uyğun olaraq, seçkilərdən sonrakı parlament müəyyənləşəcək. İndiki sorğularla yalnız 2 partiya 5 faizi keçir, ola bilsin əlavə 2 partiya da, Vanesyanın və Sarukyanın partiyaları da 5 faizi keçə. Seçki günündən sonra 6 gün ərzində ya Paşinyan tərəfdarları, ya da onun əleyhdarları hökumət qura bilməsələr, o zaman ikinci tur keçirilir. İkinci turda da birinci və ikinci yerləri tutan 2 siyasi partiya iştirak etməlidir. Yəni, bu, seçkinin davamı da ola bilər.
Digər tərəfdən, əgər seçkilərdə saxtakarlıq baş versə və bu saxtakarlıq vizual olaraq təsdiqlənsə, onda müxalifət öz tərəfdarlarını küçələrə dəvət edə bilər. Bu mitinqlər fevral ayında baş tutan mitinqlərdən fərqli olar. Çünki seçki dövrü, cəmiyyətin fəallaşma dövrüdür və müxalifət böyük mitinqlər təşkil eləsə, hüquq-mühafizə orqanları və ən əsası da ordu artıq fərqli yer, fərqli mövqe tuta bilər.
Ona görə ki, əgər fevral ayında Paşinyan legitim rəhbər idisə və ona qarşı getmək konstitusion quruluşa qarşı getmək kimi səslənirdisə, indi vəziyyət tamamilə fərqlidir. Əgər fevral ayında hüquq-mühafizə orqanları və ordu bəyənat versə də hərəkətə keçmədilərsə, amma indi, bu dəfə isə Ermənistan vətəndaşlarının səslərinin saxtalaşdırılmasına qarşı gələrək, bax bu donu geydirərək, ordu proseslərə qarışa bilər. Yəni, hətta vətəndaş müharibəsi olmasa da belə, qarşıdurma, gərginlik yaşana bilər.
Bizim üçün isə ən vacib olan məqam, erməni cəmiyyətinin hansı istiqamətə səs verəcəyidir. Yəni maraqlıdır, ermənilər bölgəyə və Azərbaycana qarşı aqressiv siyasətə, yoxsa mülayimləşmə və konstruktiv siyasətə səs veriləcəklər? Bax, bizim üçün bu seçkilər məhz buna görə çox vacibdir. Cənab Prezident sonuncu tvitində də seçkidən sonra, Ermənistanda dayanıqlı hakimiyyətin formalaşmasından sonra danışıqların davam etdirilməsi məsələsinə toxunur və böyük sülh müqaviləsini, ərazi bütövlüyünün tanınması məsələsini qabardır. Yəni, bu, artıq erməni cəmiyyətinin seçimi olacaqdır. Onlar ya konfrontasiya, ya da konstruktiv qonşuluq siyasəti yolunu seçəcəklər”, deyə politoloq Fərhad Məmmədli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB