Çağdaş dünya üçün örnək qardaşlıq münasibətləri - Azərbaycan–Türkiyə TƏHLİL

Prezident İlham Əliyev: “Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq”

“Azərbaycan işğal edilmiş Dağlıq Qarabağda hərbi əməliyyatlarını davam etdirdiyi vaxt beynəlxalq media bir tərəfdən informasiya manipulyasiyası etməyə, digər yandan da Türkiyəni günahlandırmağa çalışır. Bunlardan biri də ABŞ-ın “Fox News” kanalı oldu. Prezident İlham Əliyevdən müsahibə alan “Fox News” Türkiyəni günahlandırmağa cəhd etdi, amma Azərbaycan prezidenti buna imkan vermədi”. “Haber 7” saytı yazır ki, 30 illik işğaldan sonra öz torpaqlarını azad etməyə başlayan Azərbaycan beynəlxalq media qurumlarının hədəfindədir. Bununla belə, sayt dünya miqyasında Azərbaycana verilən dəstəyin getdikcə artdığına, dünya mediasının Azərbaycanın haqq səsini eşitdirmək üçün Bakıya mikrofon uzatmağa başladığına diqqət çəkib.

“Haber 7” Azərbaycan Prezidenti İlham Əliyevin “Fox News”-a müsahibəsini “Möhtəşəm dostluğumuz üçün qürur duyuruq" başlığı ilə manşetdə yer verib. Azərbaycan liderinə Türkiyəni haqsız suçlamalar qarşısında müdafiə etdiyinə görə təşəkkür edilib.

Türk saytı Prezident İlham Əliyevin amerikalı jurnalistin təxribatçı suallarına peşəkarlıqla cavab verdiyini bildirib: "Azərbaycanın haqlı mübarizəsini bir daha dünyaya eşitdirən Əliyev müxbirin təxribatçı suallarına verdiyi cavablarla gündəmə gəlib. Bölgədə aparılan əməliyyatlar ətrafında informasiya çirkabı yaratmağa çalışan “Fox News”un müxbiri Türkiyəni Azərbaycanla birgə əməliyyatlarda iştirak etməkdə ittiham etdi. Anti-Türkiyə fikirlərə keçid etməyə qoymayan Azərbaycan Prezidenti İlham Əliyev Amerika kanalına siyasət dərsi verdi. Azərbaycan lideri Türkiyənin Dağlıq Qarabağda problem yaratdığını deyən “Fox News” müxbirinin iddiasını kəskin şəkildə rədd etdi: "Türkiyə bizə siyasi dəstək verir, onlar bizim dostumuz və müttəfiqimizdir. Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq”.

Türkiyənin beynəlxalq arenada önəmli siyasi güc olduğunu bildirən Prezident İlham Əliyev müxbirin “Türkiyə sizi savaşa təhrik edir" ittihamına belə cavab verib: “Xeyr, əsla! Türkiyə bizə siyasi dəstək verir və bu, hər şeydən önəmlidir. Türkiyə “Biz Azərbaycanın yanındayıq” deyəndə, bu, hər kəsə açıq mesaj olaraq çatır”.

Bir sözlə, “Haber 7” qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin amerikalı müxbirin bütün təxribatçı sözlərinə şillə kimi verdiyi cavablar, iki qardaş ölkə arasında qırılmaz bağların olduğunu bir daha dünyanın diqqətinə çatdırdı.

Tarixi köklərə bağlanan qardaşlıq birliyi

Bəli, dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanan reallığın təcəssümüdür. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.

Sözsüz ki, bu danılmaz faktordur ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr. Ən əsas amil isə ən çətin anlarda bir-birinin yanında olmaq. Qeyd edək ki, Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Belə ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: "Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır". Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstərmişlər.

Bu gün isə Ermənistanın təcavüzkar siyasətinə qarşı mübarizəsində Türkiyə qardaş dövlətin Azərbaycanla həm cəbhədə, həm də diplomatik səviyyədə mübarizədə yanında olması bu qardaşlığın daha möhkəm olduğunun göstəricisidir.

Qələbə Zəfərində – İki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan

Bəli, hər zaman olduğu kimi, Türkiyə Azərbaycanın Qələbə Zəfərində də "Bir millət, iki dövlət", iki qardaş liderlər qələbə münasibətilə bir-birini təbrik etdi. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə bir-birini təbrik etdilər. Prezident İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirdi.

Və tariximizə zəfər müjdəli 44 günlük Vətən müharibəsi kimi düşmüş “Dəmir yumruq” əməliyyatı zamanı - işğal olunmuş Azərbaycan torpaqlarının erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təzahürü idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün böyük əzmkarlıq göstərdilər. Heç bir beynəlxalq təzyiqlər Türkiyəni qardaşlıq dəstəyi mövqeyindən geri çəkə bilmədi. Bu, “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimiz” – deyən böyük Mustafa Kamal Atatürkün sözlərinin sübutu, böyük türk qardaşlığının təntənəsi idi.

Prezident İlham Əliyev: “Ərdoğanın qətiyyətli bəyanatları dünyaya göstərdi ki, Azərbaycan tək deyil”

“Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş Türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır”.

Prezident İlham Əliyev çıxışlarında bu fikirləri dəfələrlə vurğulayıb və bildirib ki, «mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım, onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır". Bütün bunlar bir daha Türkiyə-Azərbaycan birliyinin göstəricisidir. Dövlət başçımızın dediyi kimi: “Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır. Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaq”.

Sevindirici haldır ki, tarixən, bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə, öndərlərimiz Heydər Əliyevin “Bir millət–iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci–sevincimiz, kədəri–kədərimizdir” tarixi hökmlərinin həqiqətdən qaynaqlandığını dünyaya nümayiş etdirdi. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə ali səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Həmçinin, dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, ölkələrin hakim partiyaları - YAP-AKP münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir. 2021-ci il 1-3 iyun tarixlərində YAP-ın nümayəndə heyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərində səfəri, səfər çərçivəsində milli ideologiyaların inkişafı, birgə sosial layihələrin işlənib hazırlanması perspektivləri, QHT və media qurumları ilə əməkdaşlıq, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığa dair niyyət protokolundan irəli gələn vəzifələrlə bağlı səmərəli fikir mübadiləsinin aparılması və ümumi razılıq əldə edilməsi iki ölkənin siyasi arenada müxtəlif istiqamətlərdə daha da yaxınlaşmasından müjdə verir.

“Güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”

Bəli, bu gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olarkən dediyi kimi: “Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari - bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”.

Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq. Qələbə Zəfəri ilə - Qarabağ Azərbaycandır! Azərbaycan-Türkiyə “Bir millət, iki dövlətdir!”.

Xalq şairi Bəxtiyar Vahabzadənin bu qardaşlıq birliyini ifadə etdiyi şeirində olduğu kimi:

Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu, –

Azərbaycan – Türkiyə.

Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə