15 iyun - Milli Qurtuluşdan zəfərə doğru ŞƏRH

15 iyun - Milli Qurtuluş Günü... Düz 28 il bundan öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətimizin inkişaf dövrü başladı. Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizi parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi. Ölkədə milli birliyə nail olundu, iqtisadi-siyasi həyatda ciddi uğurlara imza atıldı. Belə bir deyim var: adını tarixə yazanlar, adı ilə tarixi yazanlar. Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə böyük hərflərlə həkk olunub. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu Azərbaycan xalqının Ümummilli Lideri kimi adını tarixə qızıl həriflərlə yazmış dahi Liderdir. Heydər Əliyev Azərbaycanın yüksəldən onu tanıtdıran, inkişaf etdirən Lider kimi hər birimizin qəlbində əbədiyyətə qədər yaşayacaqdır. Bugünkü Azərbaycanımız, müstəqilliyimizin möhkəmlənməsi və ölkəmizin lider dövlətə çevrilməsi, məhz Ulu Öndər Heydər Əliyevin müqayisə edilməyən siyasətinin məntiqi nəticəsidir. Lakin 1990-92-ci illərdə, səriştəsiz rəhbərlik, eyni zamanda, ölkədə yaradılmış bir çox siyasi qruplaşmalar, xaos, özbaşınalıq yaradaraq, Azərbaycanı uçuruma aparırdı, dövlətçilik, müstəqillik böyük təhlükə altında qalmışdı. Belə bir vaxtda xalq Heydər Əliyevin Azərbaycana qayıdışı tələbi ilə çıxış edirdi və bu tarix 1993-ci il iyunun 15-də Azərbaycanımızın salnaməsinə qızıl hərflərlə yazıldı.

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası ölkəmizin müstəqilliyini qorudu

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi.

Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ

Bəli, bu gün Azərbaycanda siyasi hakimiyyətin Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik təməli üzərində inkişaf etdirilməsi, möhkəmləndirilməsi zərurəti üzərində düşünərkən təsdiqini tapmış belə bir həqiqəti dərk edirik ki, Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hamıdan yaxşı davam etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün Liderini - İLHAM ƏLİYEVİ yetişdirməsi olmuşdur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Onun 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünyaya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Ulu Öndər Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan Cənab İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar sayəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır. Prezident İlham Əliyev çıxışlarının birində haqlı olaraq, bütün səmimiyyəti, ləyaqəti və fədakarlığı ilə deyirdi: "Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu yükü öz üzərimə götürmüşəm və götürmüşəm ona görə yox ki, bu vəzifə mənə lazımdır bəziləri kimi, bəziləri buna can atırlar, yox, götürmüşəm ona görə ki, öz bacı-qardaşlarıma, öz doğma Vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edim. Dəfələrlə demişəm həyatımın son dəqiqəsinə qədər mən bu xidməti edəcəyəm və heç bir şey məni qorxutmur, heç bir şey də məni çəkindirmir və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam, Azərbaycanın müstəqlilliyini qorumuşam və qoruyacağam. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq".

Bu gün bu sözün çətin siyasi dönəmdə deyilməklə yanaşı, həm də məna yükümü və məsuliyyəti də bir o qədər ağır idi. Ancaq Azərbaycan Prezidenti dəfələrlə çıxışlarında bildirib ki, “xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir”. Zamanın sınağı və keşməkeşləri sübut etdi ki, bu sözdə də nə qədər böyük uzaqgörənlik var. Belə ki, 30 il ərzində sinəsinə torpaq işğalı çəkilən, bir milyondan artıq insanının fundamental hüquqları əlindən alınaraq qaçqın və məcburi köçkün olmağa məcbur edilən bir xalqın nümayəndəsi, Heydər Əliyev siyasətinin layiqli və fədakar davamçısı, ata mirasını layiqli icra edib son dərəcə haqlı olaraq özünü xoşbəxt övlad adlandıran Prezident İlham Əliyev zamanı eyni olmasa da, situasiyası analoji olan bir siyasi məqamda eynilə bütün siyasi təzyiqlərə, təhdidlərə mərd və mərdanə şəkildə sinə gərərək, sinəsini hərbi və siyasi arenada güllə önünə tutmaqda çəkinməyərək Azərbaycanı bütöv etdi. Prezident İlham Əliyevın regionda qətiyyətlə və qorxmadan yaratdığı yeni reallıqlarının nəticəsidir ki, Heydər Əliyevin də zamanında dediyi kimi “Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik”.

Bəli, bütün bunların əsas mənbəyi isə məhz 15 iyun tarixindən doğan reallıqlardır. Və biz bir daha əminliklə deyə bilərik ki, əldə edlən inkişaf və tərəqqi müstəqil Azərbaycan uğrunda və Heydər Əliyevin ölməz ruhu qarşısında fədakarlıqla çalışmağın nəticəsidir. Ulu Öndər Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu inam, bu qətiyyət Milli Qurtuluş gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, Onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın döyünən ürəyinə, mərkəzinə çevrilən bir ölkə kimi beynəlxalq aləmdə də öz qətiyyətli sözünü deməkdədir. Çünki Ümummilli Lider Heydər Əliyev ideyaları sarsılmaz, dönməzdir və bu ideyalaları başda dövlət başçımız İlham Əliyev olmaqla, bütün xalqımız yaşadır. Bizlər də bu faktoru əsas götürərək Azərbaycanımızın çiçəklənməsi naminə Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı cənab İlham Əliyevin ətrafında daha da sıx birləşəcəyik. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

ZƏRİFƏ QULİYEVA,

YAP üzvü, “Modern Ailə və İnkişaf ” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...