“Ermənistanın sərhəd zonalarında təxribatları fonunda Azərbaycanın antiterror əməliyyatları keçirmək haqqıdır. Bu torpaqlar bizim əzəli torpaqlarımızdır və məhz buna görə də Azərbaycanın bu əməliyyatı keçirməsi beynəlxalq hüquqa zidd deyil”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputatın sözlərinə görə, biz öz ərazimizdə bizə qarşı terror törədə biləcək istənilən terrorçu qruplaşmanı zərərsizləşdirmək üçün lazımı addımı ata bilərik: “Məhz, 10 noyabr razılaşmasından sonra təxribat törədən revanşist qüvvələrin terror əməllərinin qarşısını almaq üçün Azərbaycan xüsusi xidmət orqanları bu cür əməliyyat keçirib. Bu gün də bu cür təxribatlar davam edir. Düşünürəm ki, Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca bu kimi təxribatlar çoxalacaq. Sözsüz ki, Azərbaycan hüquq-mühafizə orqanları, Azərbaycan Ordusu bu cür təxribatların qarşısını almağa qadirdir”.
A.Nağıyev vurğulayıb ki, erməni tərəfi hər hansı bir təxribata yenə də əl atarsa, təxribatçıları yerindəcə zərərsizləşdirmək bizim haqqımızdır: “Heç bir cinayətkar, heç bir terrorist Azərbaycan ərazisində bu hadisələri törədə bilməz. Çünki Azərbaycan Ermənistan sərhədi delimitasiya və demarkasiya prosesindədir. Ölkə sərhədlərimizi pozmağa, terror aktına cəhd etməklə mina basdırmağa çalışanların qarşısının alınması üçün Azərbaycan əlindən gələni edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB