Paytaxtımız “Formula-1” Azərbaycan Qran-Prisinə növbəti dəfə uğurla ev sahibliyi etdi
Son illərdə Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına və onlarla belə irimiqyası beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycan daha bir tədbiri "Formula-1" yarışlarını uğurla yekunlaşdırdı. Təbii ki, bütün bu və ya digər idman yarışlarının ölkəmizdə təşkili Azərbaycanın idman siyasətinin uğuru, beynəlxalq federasiyaların ölkəmizdə aparılan işlərə, həmçinin, idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin göstəricisidir. Belə yarışların keçirilməsi, onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Ölkəmizdə mötəbər idman yarışlarını keçirməsinin arxasında da, məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir. Bu nəhəng idman qurğusu müasir memarlıq üslubu, xüsusi gözəlliyi və funksional baxımdan, əlverişliliyi ilə seçilir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin, mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VIP, CIP və media bölmələri mövcuddur. Birinci Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri, eləcə də, atletika yarışları, məhz bu stadionda təşkil olunub. Bakı Tennis Akademiyası da Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb. Bundan başqa 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa olunub. Stadionda tennislə yanaşı, voleybol, mini-futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçirmək mümkündür. Bu və ya digər idman qurğularının paytaxtımızda mövcudluğu yarışların möhtəşəm keçirilməsinə əsas verir.
İdman qurğuları ilə yanaşı, ölkəmizin idman sahəsində qazandıqları nəticələr də, çox vacib amillər sırasındadır. Sevindirici haldır ki, idmançılarımız həmişə onlara göstərilən etimadı doğruldublar. Sidney görüşü ölkəmizə 2 qızıl, 1bürünc medal qazandırdı. Afinadan Azərbaycana 5 medalla qayıdan idmançılarımız Pekin yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla pərəstişkarlarını sevindirdilər. Azərbaycana uğur gətirməklə, idmançılarımızın dünya birliyində tanınmasına səbəb olan London XXX Yay Olimpiadası daha uğurlu oldu. Belə ki, qaliblər üçün nəzərdə tutulan medallardan 2 qızıl, 2 gümüş, 4 bürünc qazanmaqla, ölkəmizə 10 medalla döndülər. Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimiz əlavə aktivlər qazandılar. Bu kimi tarixi nailiyyətlər gənclərimizin idmana maraq və həvəsini daha da artırdı. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunları, bir daha təsdiqlədi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir. İlk Avropa Oyunlarının, Dünya Şahmat Olimpiadasının, 17 yaşadək futbolçular arasında Avropa çempionatının, bədii gimnastika üzrə Dünya Kubokunun, "Formula-1" kimi beynəlxalq yarışların ölkəmizdə keçirilməsi Azərbaycanda idmanın inkişafına göstərilən diqqəti dünyaya bəyan etdi.
Beynəlxalq idman yarışlarına ev sahibliyi edən Azərbaycan növbəti dəfə öz təcrübəsindən yararlanaraq, "Formula-1" yarışlarını da uğurla başa vurdu. "Formula-1" Azərbaycan Qran-Prisi beşinci dəfə paytaxtımızda reallaşdı. Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Luis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas və digərləri yarışdılar. "Formula-1" Azərbaycan Qran-Prisi "Red Bull Racing Honda" komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatdı. S.Peres Bakı şəhər halqasında 51 dövrəni hamıdan (1:44.703) başa vuraraq podyumda birinci pillənin sahibi olub. İkinci yeri "Aston Martin" komandasının almaniyalı sürücüsü Sebastian Fettel (1:45.138) qərarlaşıb. "AlphaTauri" komandasının fransalı sürücüsü Pyer Qasli (1:45.588) isə yarışı üçüncü sırada tamamlayıb. Yarışların keçirildiyi yerləri milyonlarla televiziya tamaşaçısı izləyə bildi. UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görmüş oldular. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1"in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradılmışdı. "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə etmiş oldu. Plotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yarışdılar. Məlumdur ki, dünya ölkələrində keçirilən "Formula-1" yarışları çərçivəsində Bakıda keçiriləni ən yaxşı yarış hesab edilir. "Formula-1" yarışının Azərbaycanda keçirilməsinin daha üç il uzadılması da Azərbaycanın Qran-Priyə uğurla ev sahibliyi etməsinin göstəricisi idi.
Beləliklə, təhlükəsizlik, infrastruktur hazırlığı baxımından yüksək tələblərə cavab verən paytaxtımız iyunun 4-6-da növbəti dəfə yarışa uğurla ev sahibliyi etdi.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB