“15 iyunu Qarabağımızla, bütöv Azərbaycanımızla qeyd edirik” - DEPUTAT ŞƏRH ETDİ
”15 iyun Azərbaycan xalqının Qurtuluş günü eyni zamanda təməlini Böyük Qayıdışdan alan bir gündür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, Böyük Qayıdış Ulu Öndər Heydər Əliyevin öz xalqının səsinə səs verərək, öz xalqını tamamilə yox olub parçalanan bir ölkənin vətəndaşı olmaqdan qurtulması üçün, öz xalqının gələcəyini təmin etmək üçün, öz ölkəsinin ayaqları üstündə mökhəm dayana bilməsi üçün, dünyada tanınması, bərqərar olması üçün bir daha öz vətəninə qədəm basdığı bir gündür: “Ona görə də bu qurtuluşun əsas təməli Böyük Qayıdışdan, 15 iyunda Ulu Öndərin Bakıya təyyarə ilə gəlməyindən başlayır. Azərbaycan xalqı son ümid yeri kimi, pənah yeri kimi, etimad, etibar etdiyi Heydər Əliyevi ölkəyə dəvət etdi. Çünki xalq gözəl bilirdi ki, ancaq onun siyasəti dərindən bilməsi, ancaq onun fitri zəkası, dünyagörüşü sayəsində Azərbaycan həmin illərdə qarşılaşdığı, düçar olduğu bəlalardan həm daxili, həm də xarici problemlərdən qurtula bilərdi. Elə bir dövr idi ki, Azərbaycan daxilində vətəndaş müharibəsinin, xaricdə isə Ermənistanın və onun havadarlarının bəd niyyətləri ilə həyata keçirən müharibələri ilə qarşı-qarşıya qalmışdı. Bu günün əhəmiyyətindən, mahiyyətindən danışırıqsa əlbəttə ki, bu məqamları unutmamalıyıq. Tamamilə dağıdılan, məhv edilən bir ölkə, o ölkənin büdcəsi, mövcud olmayan ordu, maliyyə sistemi, beynəlxalq münasibətlərdə qeyri-tarazlıq bütün bunlar əlbəttə ki, Azərbaycanı məhvə doğru sürükləyən faktorlar idi. 15 iyun Qurtuluş Gününün mahiyyətində bu hadisələrin hər birinə sinə gərmək, millətin önündə gedərək millətin sadəcə liderinə deyil, atasına çevrilə bilmək missiyası dayanırdı. Biz ötən illər ərzində 15 iyun tarixini Ulu Öndər Heydər Əliyevin vəfatından sonra qeyd edərkən əlbəttə ki, bu gün bizlərə verdiyi əbədi müstəqillik duyğusunu və bu duyğunun bizlərə gətirdiyi xoşbəxtliyi heç birimiz unutmuruq”.
Deputat həmçinin qeyd edib ki, biz bu günlərdə 15 iyun Qurtuluş Gününü digər illərdən fərqli olaraq Qarabağımızla, bütöv Azərbaycanımızla qeyd edirik: “20-ci əsrin sonlarında Ulu Öndər Heydər Əliyev Azərbaycanın xilaskarına, atasına çevrildisə, 21-ci əsrin 20-ci ilində oğlu cənab Prezident İlham Əliyev atasına, xilaskarına çevrildi. 15 iyun tarixinin də əhəmiyyəti bundan ibarətdir. Biz bütün dünyaya 44 günlük əzmli müharibəmizdə olduğu kimi bu gün də gələcəkdə də sübut edirik, nümayiş etdiririk. Bundan sonra da sübut edəcəyik ki, Azərbaycanda xalq, ordu, dövlət birliyi, dövlətin timsalında Prezident, xalqın timsalında Azərbaycan xalqı, ordunun timsalında Azərbaycan əsgəri olaraq biz bir dəmir yumruq kimi irəliyə doğru addımlayırıq”.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB