Qarabağda inkişafın Azərbaycan nümunəsi - ŞƏRH

Ötən il Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı. Bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır. Artıq dövlətimiz bu istiqamətdə genişmiqyaslı işlər görür, əcnəbi şirkətlərlə birgə yeni iqtisadi, quruculuq layihələri hazırlanır, hətta infrastrukturun bərpası ilə bağlı bir çox ilkin tədbirlər həyata keçirilir. Təbii ki, bütün bu mənzərələrin fonunda ölkə başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər etməsi quruculuq və bərpa işlərinin daha operativ və effektiv şəkildə davam etdirilməsini təmin edir.

Prezident İlham Əliyev: “Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq”

Bəli, bu gün bütün bərpa işləri planlı şəkildə və yüksək səviyyədə görülür. 2021-ci ilin ilk ayından başlayaraq işğaldan azad olunmuş torpaqlara Qalib Liderinin Qələbə yürüşü hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır. Təbii ki, bu Qələbə zəfərdən sonra işğaldan azad olunan rayonlarına səfər Qalib Komandanın öz sevincini, görüləcək işlərlə bağlı məlumatları xalqı ilə paylaşması məqsədi daşıyır. Ən əsası isə, işğalçı ölkə ilə bərabər, bütün dünya da şahidi oldu ki, torpaqların əsl sahibləri qayıdıb...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yanvarın 14-də Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri və səfər zamanı dövlətimizin başçısının avtomobili özünün idarə etməsi isə hər kəsə açıq şəkildə mesaj verdi ki, "Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm!". Azərbaycan xalqı və Prezidenti heç kəsdən və heç nədən qorxmur. Biz qalibik! Zəfər bizimdir! Qarabağ Azərbaycandır!

Bu səfər zamanı Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub bildirdi ki, bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir: "Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər".

“Böyük qayıdış başlayır, bütün işlərə start verildi”, - deyən dövlət başçısı vurğulayıb ki, qısa müddətdə işğaldan azad edilmiş torpaqlarımız bərpa ediləcək: “Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik. Qarabağ Azərbaycandır!”.

Böyük tarixi qələbənin təntənəsi – “Xarıbülbül” festivalı milli birlik və həmrəyliyin nümayişidir

Həmçinin, dövlət başçımızın sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi və mədəniyyət paytaxtı Şuşa şəhərində 32 ildən sonra Cıdır düzündə Heydər Əliyev Fondu tərəfindən təşkil olundu "Xarıbülbül" musiqi festivalı Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisələrindən biri idi. Festivalın bir neçə mühüm mesaj verdiyini qeyd edən deputat hesab edir ki, festival Azərbaycan xalqının milli birlik və həmrəyliyini nümayiş etdirir: "Eyni zamanda, festival dünya ictimaiyyətinə bu torpaqların əsl sahibinin kim olduğunu göstərir. Festivalın proqramı və formatı ideoloji məzmununun milli birlik, həmrəylik, əzmkarlıq, tarixi və milli ənənələrə sədaqət kimi dəyərlər üzərində qurulub. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətini, musiqi və rəqs ənənələrini nümayiş etdirən çıxışlar Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə qorunmasına dair çox vacib bir mesaj verir. Çünki tolerantlıq bizim xalqımızın mühüm dəyərlərindən biridir".

"Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı"

“Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur".

"Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!", - Prezident bildirib.

Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycan: Şuşa azaddır, Qarabağımız dirçəlir!

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndər fəaliyyəti dövründə daim bu amal uğrunda çalışır, torpaqlarımızın işğaldan azad olunması üçün bütün gücünü səfərbər edirdi.

“Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”, - deyən Ulu Öndər bir gün yurdumuzun düşmən əsarətindən azad olunacağına əmin idi. O, həm də inanırdı ki, memarı olduğu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə daha da güclənəcək, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirəcək və qüdrətli ordusu ilə tarixi ədaləti bərpa edəcək.

1988-ci ildən yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli, Qarabağ bölgəsi hər zaman ulu öndər üçün xüsusi əhəmiyyətə malik olub. O, hələ Sovet dönəmində rəhbər vəzifələrdə çalışarkən Qarabağa həssaslıqla yanaşıb, buranın ictimai-siyasi həyatının, xüsusən də mədəniyyət sektorunun dirçəlməsində əvəzsiz rol oynayıb. Ulu Öndərin Şuşaya dair sözləri Qarabağa necə sevgi ilə yanaşmasını sübut edirdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

“Heç kim Şuşadan Azərbaycan ruhunu silə bilməz”

O vaxt məscidin açılışında möhtərəm Prezidentimiz demişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Belə də oldu. Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Gələn il bütün Azərbaycan Şuşanın 270 illiyini təntənə ilə qeyd edəcək. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, evlərimizi, məscidlərimizi dağıtsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Şuşa 30 ilə yaxın əsarətdə qaldı, lakin əyilmədi, sınmadı, öz ləyaqətini və milli ruhunu qoruyub saxlaya bildi. “Xarıbülbül” festivalı bir daha onu göstərir ki, biz Şuşaya birdəfəlik qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq.”

Ancaq bu gün mənfur düşmən terror siyasətini təkcə işğal dövründə deyil, məğlubiyyətdən sonra da davam etdirir. Ermənistan hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb. Əsas məqsədi, əlbəttə ki, mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasını təmin etmək, hər vəchlə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlərə mane olmaqdır. Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında söügedən məsələyə aydınlıq gətirməklə Ermənistanın cinayətkar əməllərini müharibədən sonra da davam etdirdiyini vurğulayıb: «Biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib.

Ancaq mənfur düşmən bilməlidir ki, yeni texnologiyaların tətbiqi imkan verəcək ki, biz bundan sonra da öz hərbi gücümüzü daim yüksək səviyyədə saxlaya bilək. Dövlət başçımızın dediyi kimi: "Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır". Və bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənmişdir. Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib. Dövlət başçımızın rəhbərliyi altında bu missiyanın da öhdəsindən gələcəyik, ərazilər minalardan təmizlənəcək və insanlar öz el-obalarına geri dönəcəklər.

Qarabağda həyat yenidən qaynayacaq

Bu gün işğaldan azad olunmuş torpaqlar quruculuq meydanına çevrilib. Prezidentin Ağdam səfəri “Qarabağda cənnət yaradacağıq” vədi sözü ilə əməlin bir olmasının göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etd, hazırda da “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir. Prezident İlham Əliyevin bu dəfə işğaldan azad olunmuş Ağdam rayonuna səfər etməsi, Ağdam şəhərinin Baş planı təqdim olunması, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimlərində iştirak etməsi, Şahbulaq qalasında, Qiyaslı məscidində, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olması, bərpaları barədə göstərişlər verməsi dövlətimizin başçısının “Qarabağda cənnət yaradacağıq” vədinin növbəti reallığıdır.

Bu gün artıq Azərbaycan Respublikasının Prezidenti azad nəfəsalan torpaqlarımızı gəzir, Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə əməli tədbirlər görür. Azərbaycan xalqı da öz Prezidentinə inanır və güvənir və əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq və Azərbaycan dünyanın ən abad, gözəl, inkişaf etmiş dövlətləri sırasında olacaqdır. Bunun üçün hər bir imkan, hər bir şərait var. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti öz xalqına, öz gücünə inanır və torpaqların tez bir zamanda cənnətə dönəcəyi barədə verilən bəyanat bir həqiqətə çevriləcəkdir.

Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanların öz el-obalarına geri dönəcəklər. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə