Respublika Gününün tarixi həqiqətləri - TARİXÇİ FAKTLARI SADALADI

Respublika Gününün tarixi həqiqətləri - TARİXÇİ FAKTLARI SADALADI

1918-ci il mayın 28-də müsəlman dünyasında, İslam Şərqində ilk cümhuriyyət quruldu. Azərbaycan Cümhuriyyəti Azərbaycan xalqının milli amalının fikirdən əmələ çevrildiyi tarixdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının millətə, əsarətdən hürriyyətə, asılılıqdan istiqlala çevrildiyi bir tarixdir, milli bir tarixə sahibləndiyi gündür.

“Azərbaycanın İstiqlal Bəyannaməsində modern, sivil, demokratik dövlət qurmağın prinpləri elan olundu. Cənubi Qafqazın şimal və cənub hissəsini özündə birləşdirən bir cümhuriyyət hakimiyyəti xalqa məxsus idi və bu cümhuriyyət millət və dövlətlərlə dinc, yanaşı yaşamaq prinspini elan etdi. Millətindən, məzhəbindən, sinfindən, iqrindən, cinsindən asılı olmayaraq ərazisi daxilində yaşayan bütün vətəndaşlara siyasi hüquq və vətəndaşlıq təmin edildi. Bütün millətlərə öz ərazisi daxilində sərbəst inkişafları üçün geniş imkanlar vəd edildi. Müəssislər Məclisi toplanana qədər Azərbaycan hökuməti Azərbaycan xalqı tərəfindən seçilmiş Azərbaycan Milli Şurası qarşısında cavabdeh idi. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi yönündə gənc Azərbaycan Ordusu uğurlu əməliyyatlar həyata keçirdi və Azərbaycan 96 min kvadrat kilometrlik əraziyə tam sahiblik edirdi və digər ərazilər isə qonşuları tərəfindən iddia edildiyi səbəbindən mübahisəli hesab olunsa da, ümumilikdə Azərbaycan Cümhuriyyəti 114 min kvadrat kilometr ərazini öz hakimiyyəti altında bərqərar etməyi tam olaraq nəzərdə tuturdu.

Cənubi Qafqazın əzəli torpaqlarında 150 min kvadrat kilometr ərazidə azərbaycanlılar kampakt şəkildə yaşamışlar və Azərbaycan Cümhuriyyətini beynəlxalq səviyyədə tanıtmaq üçün Paris Sülh Konfransına yola düşmüş nümayəndə heyətinin qarşısında dayanan əsas məsələ məhz Qafqaz Azərbaycanının hüdudları çərçivəsində onun beynəlxalq səviyyədə tanınmasına nail olmaq idi. Azərbaycan Nümayəndə Heyətinin Avropada, Amerikada çap etditdiyi məqalələr, Azərbaycan mədəniyyətini, etnoqrafiyasını, tarixini, ədəbiyyatını anlatmaq üçün müxtəlif jurnalların, qəzetlərin, bülletenlərin çap olunması ilə müşaiyət olunan bir fəaliyyət idi və tezliklə bu fəaliyyət öz bəhrəsini verdi. 1920-ci il yanvarın 10-da Azərbaycan Cümhuriyyəti Antanta Ali Şurası tərəfindən defakto tanındı, bundan sonra Azərbaycanın xarici ölkələrdə səfirliklərinin, konsulluqlarının, digər diplomatik nümayəndəliklərinin açılması yönündə qanun qəbul edildi.

Azərbaycan Parlamenti etnik mənzərəni və siyasi palitranı özündə əks elətdirən bir qanunvericilik orqanı idi. 17 aylıq fəaliyyəti ərzində Azərbaycan Parlamentində 270-dən çox qanun layihəsi müzakirəyə çıxarılmış, 230 qanun qəbul olunmuşdu və hər bir qanun üçüncü oxunuşdan sonra Azərbaycan Parlamentində fəaliyyət göstərən müxtəlif fraksiyaların nümayəndələri tərəfindən dərin və qızğın müzakirələrdən sonra qəbul olunurdu. Azərbaycan Parlamenti 11 fraksiyadan və 11 komissiyadan ibarət olaraq fəaliyyət göstərib. Hər bir komissiya müxtəlif siyasi qüvvələrin təmsilçiliyi ilə təşkil olunurdu. Hətta, təmsilçiliyi say baxımından yetərli olmayan xalqlara belə Azərbaycan Parlamentində yer verilmişdi.

Milli dövlət quruculuğunun bütün sahələrində təməli addımlar atıldı. Azərbaycan Mətbuatı üzərindən senzura götürüldü, ləğv olundu. Kütləvi informasiya vasitələrinə sərbəst fəaliyyət imkanı yaradıldı. Qəzet və jurnal nəşr etmək istəyənlər üçün xüsusi icazə tələb olunmurdu. Azərbaycan Vətəndaşlığı Haqqında Qanun qəbul olundu. Azərbaycanın dövlət dili kimi türk dili elan olundu. Azərbaycanın dövlət rəmzlərinin qəbul olunmasından hüquqi dövlət quruculuğuna qədər bütün qanun və qərarlar əməli olaraq həyata keçirilməyə başladı.

Azərbaycan Ordusu Azərbaycan ərazilərindən iddia edən qüvvələr üzərində zəfər çalaraq Azərbaycan hakimiyyətini bütün ərazisində bərqərar etmiş oldu və Azərbaycan milli dövlət quruculuğu, milli mədəni quruculuq işlərini uğurla davam etdirirdi. Bakı Dövlət Universiteti yaradıldı. 100 tələbə dövlətçilik üçün mühüm strateji sahələrdə mütəxəssis yetişdirmək məqsədi ilə xaricə təhsil almağa göndərildi və onların xərci Azərbaycan dövlətinin büdcəsindən maliyyələşdirilirdi. Digər çoxsaylı realnı məktəblərin, gimnaziyaların açılması qərara alınmışdı. Musiqi, teatr, incəsənət, ədəbiyyat öz intibah dövrünü yaşayırdı.

Azərbaycan qonşuları ilə dinc və yanaşı yaşamaq prinsipinə sona qədər əməl etdi Avropa ölkələrindən də erkən Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verildi. Qısa fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Cümhuriyyəti respublika quruluşlu Azərbaycan dövlətçiliyinin yaşaması və sonrakı dövrlərdə də respublika statusunu saxlaması üçün zəmin yaratmış oldu. Baxmayaraq ki, 1920-ci il aprelin 27-də Azərbaycan Cümhuriyyəti 11-ci Ordunun hərbi müdaxiləsi nəticəsində işğal olunmuşdu, Azərbaycan milli məfkurəsi, milli dövlətçilik fikri istər siyasi mühacirət tərəfindən yaşadıldı, istərsə də Azərbaycan daxilində olan Azərbaycan sevər milli ziyalılarımız həmin ideyanı yaşatdılar və Azərbaycan istiqlalının bərpa olunması yönündə öz fəaliyyətlərini gizli və ya aşkar şəkildə davam etdirdilər. Nəticədə 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi bərpa olunanda özünü Azərbaycan Cümhuriyyətinin varisi kimi elan etdi və dövlət bərpa olunanda Azərbaycan Cümhuriyyətinin ilk dövlət başçısı olmuş Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin dediyi fikir tarixdə öz gerçəkliyini tapdı. “Bir kərə yüksələn bayraq bir daha enməz”. Üçrəngli Azərbaycan bağrağı 103 il əvvəl olduğu kimi indi də Azərbaycan dövləti üzərində dalğalanır və beynəlxalq səviyyədə Azərbaycan öz hüdudlarının bərpa olunması Azərbaycan ərazilərinin üzərində hakimiyyətinin bərqərar olması yönündə bu il zəfər çaldı. Qalib Azərbaycan beynəlxalq səviyyədə söz sahibi olan bir dövlətdir. Belə bir demokratik parlamentli respublikanın varisi olaraq sivil, demokratik cəmiyyətlərə 23 ay fəaliyyət göstərmiş Azərbaycan Cümhuriyyəti nümunəsində bir vizit kartına, bir təmsilçilik vəsiqəsinə sahibdir. Bu xalq istiqlalı 103 il əvvəl gerçəkləşdirdiyi kimi, bundan sonra da Azərbaycan dövlətinin suverenliyi, ərazi bütövlüyü məsələlərində daim mütəşəkkil hərəkət edəcəkdir.

Əziz azərbaycanlılar, Respublika Gününüz mübarək olsun. Milli bayramımız 28 may günü münasibəti ilə hər birinizi təbrik edir, Azərbaycan dövlətçiliyi naminə işlərinizdə uğurlar arzu edirəm”, deyə Firdövsiyyə Əhmədova təbrik mesajı ilə fikirlərini yekunlaşdırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə