"Sakinlərimiz yenidən Qarabağ torpaqlarını cənnətə çevirəcək" DEPUTATDAN AÇIQLAMA
“Qarabağ və onun ətrafındakı bütün ərazilər hər zaman azərbaycanlılara məxsus olub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, burada aparılan arxeoloji qazıntılar zamanı tapılan qədim yazılar və tarixi mənbələrdəki yazılar da bunu sübut edir: “Dünyanın bir çox tarixçi alimləri öz əsərlərində qeyd edirlər ki, ermənilər bu ərazilərə sonradan köçürülən bir tayfa olublar. 30 il erməni işğalından sonra Azərbaycan dövləti haqq-ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi.
Cənab Prezidentin birbaşa rəhbərliyi ilə Qarabağa “Böyük Qayıdış” planı demək olar ki, hazırlanıb. İnsanların öz evlərinə qayıtması üçün ilk növbədə ərazilər bildiyimiz kimi, ermənilərin bastırdıqları bu minadan tam təmizlənməlidir. Çox təəssüf ki, ermənilər yenə də riyakarlıq edərək minalanmış ərazilərin xəritələrini təqdim etmək istəmirlər. Bu da görüləcək işləri ləngidir. İşğaldan azad etdiyimiz bütün şəhər və kəndlərimizdə infrastruktur yenidən qurulmalıdır. Çünki ermənilər buradakı bütün evləri, obyektləri dağıdıb, viran qoyublar. Sosial obyektlərin tikilməsi ilə yanaşı, burada fəaliyyət göstərəcək dövlət qurumları üçün də inzibati binalar inşa edilməlidir. Artıq böyük quruculuq işlərinə bir neçə aydır start verilib. Belə ki, Füzuli rayonundan Şuşaya keçiriləcək avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Cənab Prezidentin təməlini qoyduğu Füzuli hava limanı bu ilin sonuna qədər istifadəyə veriləcək. Zəngilan rayonunda ağıllı kənd layihəsi başa çatdırılıb. Bərdə-Ağdam dəmir yolunun çəkilişi bu yaxınlarda istifadəyə veriləcək”.
Deputat həmçinin qeyd edib ki, xalqımızın qürur mənbəyi olan Şuşa öz qədim görkəmini saxlamaqla yenidən qurulur: “Cənab Prezident mütəmadi olaraq, Şuşaya səfər edir və hər gəlişi zamanı bir neçə sosial obyektin açılışını edir. Yeni tikililərin təməlini qoyur. Şuşa şəhərinin su, işıq təminatı yekunlaşır. Bir neçə gün bundan əvvəl Səudiyyə Ərəbistanda təşkil edilmiş turizm sərgisində Şuşa şəhərinin turizm potensialını nümayiş etdirən stend quraşdırıldı. Bütün dünyaya Şuşanın ecazkar təbiəti nümayiş etdirildi. Qarabağ və ətraf rayonların yenidən qurulması işində türk şirkətləri başda olmaqla bir çox dövlətlərin şirkətləri də işlərə cəlb olunub. Yaxın vaxtlarda əhalimizin köçürülməsi üçün yeni müasir tipli evlər tikiləcək, insanların məşğuliyyəti üçün Azərbaycan dövləti onlara hər cür şərait yaradır. Əvvəlki illərdə olduğu kimi bu torpaqlarda sakinlərimiz yenidən ata-baba yurdlarında əkib becərəcək və Qarabağ torpaqlarını cənnətə çevirəcəklər”.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB