SİA politoloq Samir Hümbətovun müsahibəsini təqdim edir:
- Laçın rayonu istiqamətdən Ermənistanla sərhəddə baş verənləri yəqin yaxından təqib edirsiniz. Ermənilər bir-birini təkzib edən, ziddiyyətlərlə dolu açıqlamalar verir, hay-küy salırlar. Məlumatlarınız nədən ibarətdir, sərhədin bu hissəsində nələr baş verir?
- Təbii ki, ikinci Qarabağ müharibəsinin bitməsindən sonra Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi istiqamətində addımlar atılmağa başlandı. Bu addımların nəticəsi olaraq, məhz Ermənistan ilə sərhədi təşkil edən həm Zəngilan və Qubadlı rayonları istiqamətində artıq Azərbaycanın sərhəd qoşunları öz təmas nöqtələrini qurmuşdur, həm də indiki Laçın rayonu ərazisində isə yenidən formalaşmağa və öz sərhədlərini qurmağa başlayıbdır. Təbii ki, burada önəmli olan odur ki, məhz Azərbaycan bu ərazilərdə yəni indiki Laçın rayonu ilə Ermənistan sərhədində öz dövlət sərhədini qurmaq üzərindən addımlarını davam etdirir. Buna baxmayaraq, Ermənistan tərəfi isə iddia edir ki, bu məsələləri biraz daha çox hay-küylü şəkilə gətirmək və məsələləri regional, qlobal müstəviyə çıxartmaq fikrindədir. Dünya üzərində qəbul olunmuş sərhədlər var. Həmin sərhədlər daxilində də Azərbaycan əraziləri orada qeyd olunub və Azərbaycan Dövlət Sərhəd Xidməti də bu prinsiplərdən irəli gələn məsələlərə uyğun olaraq, Azərbaycanın Ermənistan ilə olan sərhədinin müəyyən edilməsi istiqamətində addımlar atır. Hesab edirəm ki, Ermənistanın atdığı addımlara baxmayaraq, məhz həm ikinci Qarabağ müharibəsindən sonra sülhməramlılara sahib olan Rusiya və digər dövlətlər yaxşı başa düşürlər ki, həmin ərazilər məhz Azərbaycan əraziləridir. Azərbaycan öz sərhədləri daxilində sərhəd qoşunlarının yerləşdirməsi prosesini aparır.
- İrəvan Zəngəzur dəhlizinim açılmasına mane ola bilərmi?
- Əgər İrəvanın öz ixtiyarına buraxsaq, o istəməz ki, Zəngəzur dəhlizi açılsın. Məsələ burasındadır ki, ikinci Qarabağ müharibəsindən sonra 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli müqavilədə göstərilən şərtlərin məhz əsasını da elə Ermənistan ərazisindən Zəngəzur dəhlizinin açılması yəni Azərbaycan ilə Naxçıvan arasında Zəngəzur dəhlizinin açılması məsələsi idi ki, bu da təbii ki, imzalanmış müqaviləyə və qanunvericiliyə əsasən tənzimlənmə prosesinə daxildir. Hesab edirəm ki, Ermənistan bunu istəməsə belə bu Rusiyanın birbaşa olaraq burada təminatçı ölkə olaraq olduğu üçün üzərinə düşən öhdəliyi etməlidir və bu öhdəliyin yerinə yetirməsi prosesi də addım-addım getməkdədir. Düşünürəm ki, müəyyən zamandan sonra biz Zəngəzur dəhlizinin açılması prosesinə şahid ola biləcəyik.
- Rəsmi İrəvan israrla 44 günlük müharibədə nail ola bilmədiklərini reallaşdırmaq istəyir. Məsələyə KTMT-nin qoşulması real görünürmü? Hər halda ilkin müzakirələr və reaksiyalar var...
- KTMT-yə daxil olan ölkələrdən Qazaxıstan, Belarusiya, Qırğızıstan və digər ölkələr var ki, bu dövlətlər artıq Azərbaycan ilə münasibətləri normal olan dövlətlərdir. Həm strateji tərəfdaşlıq, həm də dostluq münasibətləri olan dövlətlərdir. Bu dövlətlər Azərbaycan ilə münasibətləri nəinki korlamaq, əslində daha yaxşı məcraya yönəltmək yəni həm iqtisadi, həm siyasi, həm də hərb sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. KTMT-yə daxil olan ölkələr nə Rusiyadan, nə də Ermənistandan asılıdır. Burada bir neçə dövlət var ki, ümumi yekun qərar verməyə malikdirlər və təbii ki, həm Qazaxıstan, həm də Belarusiya Azərbaycana qarşı hər hansı pis niyyətli düşüncəyə malik deyilsə, deməli Ermənistanın prinsipcə müraciətlərinin heç bir əsası yoxdur. Biz bunun ikinci Qarabağ müharibəsi müddətində şahidi olduq. Dəfələrlə Ermənistan KTMT-na daxil olan dövlətlərə müraciət edərək, Azərbaycana hərbi müdaxilə etməsi barədə dəfələrlə çağırış etsə də bu çağırışın heç bir nəticəsi olmadı. KTMT-yə daxil olan dövlətlər yaxşı başa düşürlər ki, ikinci Qarabağ müharibəsində Azərbaycan yalnız öz ərazi bütövlüyünü təmin etmək və işğaldan azad etmək istiqamətindədir. Bu Azərbaycanın beynəlxalq hüquqa və qanunlara söykənən suverenliyini yerinə yetirdiyini göstərir. Bunu nəzərə alaraq, KTMT-ya daxil olan dövlətlər Azərbaycana qarşı hər hansı bir aqresiyanı göstərmək niyyətində görünmürlər.
- Uzun müddətdir ki, həmsədr ölkələr yenidən proseslərə qatılmaq üçün fürsət gəzirdilər. Artıq son hadisələrə ilkin reaksiyalar gəlməkdədir. Ola bilərmi ki, sərhədin dəqiqləşdirilməsinə qarşı müqavimətin arxasında xarici paytaxtlar dayansın?
- Bu məsələdə üçüncü qüvvələrin də təsiri var. Xüsusən də Qərb dairələrinin olması ehtimalı daha yüksəkdir. Amma buna baxmayaraq təbii ki, prosesin başlanması və nizamlanması istiqamətində əsas ölkələr yəni ön cərgədə dayanan ölkələr Azərbaycan və Ermənistandısa, arxa cəbhədə dayanan dövlətlər isə Türkiyə və Rusiyadır. Məsələnin birbaşa həlli mümkün olmasa da, proses mərhələli bir şəkildə Türkiyə və Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın konsensus əldə etməsi yolu ilə həll oluna bilər. Amma burada düşünmürəm ki, ATƏT-in yenidən fəallaşıb, məsələni hansı bir istiqamətə yönəltmək cəhdləri baş tuta bilsin. Təbii ki, bununla bağlı həm ABŞ tərəfindən, həm də Fransa tərəfindən dəfələrlə cəhd olunub. Fransa prezidentinin son çıxışları Azərbaycana, Türkiyəyə qarşı, xüsusən də Azərbaycanın sərhədlərinin dəqiqləşdirilməsi məsələsində bəyanatların verməsi Fransanın tərəf saxladığını açıq-aşkar göstərir. Azərbaycan da haqlı tərəf olaraq, ATƏT-in Minsk qrupunun yenidən fəallaşmasına imkan vermir. Bu məsələ yalnız bölgə ölkələri tərəfindən nizamlanma prosesinə daxil olur və bundan sonrakı dövrdə biz Minsk qrupunun həmsədrlərinin bu münaqişənin nizamlanması prosesində elə də ciddi rol alacağını düşünmürük.
- Ermənistan bu proseslərlə razılaşacaqmı?
- Təbii ki, istəsə də, istəməsə də Ermənistan razılaşmaq məcburiyyətindədir. Ermənistanın indiki durumu elə bir vəziyyətdədir ki, İkinci Qarabağ Müharibəsinin şoku onların başından hələ də çıxmayıbdır. İndiki vəziyyətdə Ermənistan demək olar ki, nə orduya malikdir, nə iqtisadiyyata malikdir, nə də normal dövlət strukturuna malikdir. Vəziyyət çox acınacaqlıdır. Ermənistan müəyyən formada etriaz etməyə çalışa bilər. Amma nəticənin dəyişməsinə ümid etmirəm. Nəticə etibari ilə Azərbaycan istədiyinə nail ola bildi. Bunun davamı da olacaq. Çünki Ermənistan məğlub tərəfdir. Təbii ki, burada qaliblər müzakirə edilmir. Məğlub hər zaman müzakirə edilir. Ermənistan elə bil vəziyyətdədir ki, bundan sonraki dövrdə ancaq dövlətin təhlükəsizliyinin sıradan çıxmasının qarşısını almaq üçün çalışa bilər. Ermənitanın Azərbaycana hər hansı bir təsir göstərmək imkanı ola biləcəyini düşünmürəm.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB