“Ermənistandakı rəzil durum bir az da mürəkkəbləşəcək” DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“44 günlük davam edən Vətən Müharibəsi Azərbaycanın parlaq qələbəsi və Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Bununla da Ermənistanda daxili vəziyyət gərginləşməyə başladı. Bu gün Ermənistanın daxilində iqtisadi, sosial, siyasi və hərbi böhran hökm sürür. İyun ayında nəzərdə tutulan seçkilər ərəfəsində ölkədəki bu böhranlar daha da dərinləşəcək”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, hazırda seçkilərdə iştirak edən partiyalar arasında siyasi çəkişmələr fonunda qarşılıqlı ittihamlar hökm sürür: “Ermənistandakı bugünkü ağır vəziyyət təxminən Azərbaycanın ötən əsrin 90-cı illərin əvvəllərindəki vəziyyətlə təxminən eynidir. Bu gün Ermənistanda da siyasi hakimiyyətə gəlmək məqsədi daşıyanlar qarşılıqlı ittihamlar irəli sürürlər. Köhnə xunta rejiminin rəhbərləri bugünkü Ermənistanın baş nazirinin vəzifəsini icra edən N.Paşiniyanı məğlubiyyətdə günahlandırır və bütövlükdə Azərbaycanın parlaq qələbəsinin günahını məhz Paşiniyanın üzərinə atmaq istəyirlər. Eyni zamanda da, N.Paşiniyan məhz Ermənistanın bu məğlubiyyətini uzun illər xunta rejiminə rəhbərlik etmiş Köçəryan və Sarkisyan cütlüyünün günahları olduğunu və onların vaxtı ilə Ermənistanda düzgün hərbi quruculuq işlərində çox zəif iştirak etdiklərini və bununla da 44 günlük ikinci Qarabağ savaşında məğlubiyyətlə üzləşdiklərini bildirir.
Ermənistanın ümumilikdə yürütdüyü siyasət mahiyyətcə terrorizmdir, separatizmdir. İyunda keçirilməsi nəzərdə tutulan seçkilərə qədər də biz Ermənistanın daxilində istənilən hadisənin baş verməsinin şahidi ola bilərik. Çünki biz zaman-zaman görürük ki, onlar siyasi hakimiyyətə gəlmək üçün terrorçuluq addımları da atırlar və terror aktları da törədirlər. Bir sözlə, bugünkü Ermənistandakı mürəkkəb, rəzil durum seçkilər yaxınlaşdıqca bir az da mürəkkəbləşəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB