“Eurovision\" müsabiqəsində iştirak etmək üçün ölkəmizə gələnlərə Azərbaycan həqiqətləri ilə bağlı kitabça təqdim olunacaq
Azərbaycana gələn turistlər üçün xüsusi kitabça hazırlanır. Bu barədə SİA-ya Turizmə Dəstək Gənclər Koalisiyasının baş koordinatoru Ramiz Alıyev məlumat verib. Kitabçanın koalisiya tərəfindən hazırlandığını deyən R. Alıyev bildirib ki, kitab iki dildə ingilis və rus dillərində çap olunacaq. Onun sözlərinə görə, kitabça Azərbaycana gələn bütün turistlər üçün nəzərdə tutulub.
"Vəsaitdə Azərbaycanın işğal olunmuş əraziləri, orada olan mədəni, tarixi abidələr, ümumiyyətlə işğal nəticəsində məhv edilən tarixi mədəni abidələr haqqında geniş məlumat öz əksini tapacaq. Biz düşünürük ki, Azərbaycan "Eurovision" müsabiqəsində qalib gəlib və bu qalibiyyət nəticəsində gələn il ölkəmizə turist axını həddindən artıq çox olacaq. Bu səbəbdən hazırlanacaq vəsait müsabiqədə iştirak etmək üçün ölkəmizə gələn turistlərə də şamil olunacaq. Bu məqsədlə biz kitabçanın tirajını artırmaq niyyətindəyik",- deyə baş koordinator qeyd edib.
R. Alıyev həmçinin bildirib ki, yeni vəsait ölkə həqiqətlərinin təbliğ edilməsində də böyük əhəmiyyətə malik olacaq. Onun sözlərinə görə, ölkəmizə gələn hər bir turist kitabça vasitəsilə işğal olunmuş ərazilər haqqında məlumat toplayacaq. Onun fikrincə, vəsait həm də ermənilərin təbliğat işlərinə böyük zərbə vura bilər.
"Hazırda kitab üzərində iş getdiyinə görə onun nə zaman hazır olacağı ilə bağlı məlumat deyə bilmərik. Amma çalışacağıq ki, bu kitabı tez, lakin lazımi səviyyədə ərsəyə gətirə bilək. Çünki bu ölkəmiz üçün çox əhəmiyyətli vəsait olacaq",- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB