Ulu Öndər Heydər Əliyev işığının saçdığı nurlu yol

Bu yol - Prezident, Ali Baş Komandanımız Qalib Lider İlham Əliyev yolunun dönməz və sarsılmaz yoludur

Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son yarım əsrinin bütün çalarları ilə zəngin olan möhtəşəm tarixi ulu öndərin adı ilə bilavasitə bağlıdır.

Xalqımızın dahi oğlu Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü günüdür. Yaşarı dünyasından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.

Ulu Öndər Heydər Əliyev: Xalqa həsr edilmiş ömür

"Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub", - deyən Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya ölkələri sırasında layiqli yerə çıxarıb. O, keçmiş SSRİ-nin ən nüfuzlu siyasətçilərindən biri idi. Bu səbəbdən də "Azərbaycan sənin üçün kiçikdir, sən ittifaqa lazımsan", - deyə onu Moskvaya dəvət etdilər. Amma burada o, həm də onu gözü götürməyən məkrli qorbaçovların xəyanətinə tuş gəldi, Vətəninə döndü. Bu qayıdış isə daha möhtəşəm oldu. Ümidlə, inamla yolunu gözləyən xalqının arzusu ilə yenidən hakimiyyətə gəldi. Milyonları öz ətrafında, bir bayraq altında birləşdirə bildi. Sözünün qüdrəti ilə hər kəsi inandırdı. Əməlləri ilə sözünü gerçəyə çevirdi.

Azərbaycan dövlət quruculuğu prosesini sürətlə keçdi. Çünki ulu öndər Heydər Əliyevin yaratdığı təməl prinsiplər düzgün yerinə yetirilmişdi. Dahi siyasi xadimin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrildi, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil etdi. Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratdı, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəldi. Ulu öndər güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixində qızıl səhifələr yazdı. Heydər Əliyevin quruculuq salnaməsi azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Onun Azərbaycana rəhbərlik illəri milli intibah dövrü kimi əbədiləşdi.

Tanrı hər iki neməti Azərbaycan xalqına “Mən həyatımda üç şeyə: Yaradanıma, zəhmətimə və bir də xalqıma arxalanmışam” deyən, otuz ildən artıq bir müddət ərzində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran, hələ sağlığında ikən canlı əfsanəyə çevrilən Heydər Əliyevin əli ilə bağışlamışdır.

1993-cü il 15 iyun xalqın nicat günü...

1993-cü ildə ”Olum, ya ölüm” dilemması qarşısında qalan Azərbaycan dövlətçiliyi və xalqı Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Dahi Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi dövrün diktəsi idi. Bəli, 1993-cü ilin iyununda Azərbaycan xalqı dövlətin idarə olunmasını Heydər Əliyevə etibar edəndə, bu dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə hakimiyyətsizlik, hərc-mərclik baş alıb gedirdi. Heydər Əliyev özü o dövr haqqında deyirdi: “1993-cü ilin iyunundan başlayaraq, ilk növbədə, hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilməyə başlandı, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Dövlət qurumları ilə xalqın birliyi, yekdilliyi təmin edildi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarda dövlətə və Vətənə mənsubluq hissləri aşılanmağa başlandı”.

1993-cü il 15 iyuna qədər ölkədəki kriminogen vəziyyət demək olar ki, son həddə çatmışdı. Qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya yaxınlaşırdı. Cənubda separatçı Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə ələ keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırır, respublika içində yeni bir respublika yaratmağa çalışırdı. Ölkədə kriminogen vəziyyət o həddə çatmışdı ki, Bakının küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Adamları qarət etmək, döymək, hətta öldürmək belə adi hal almışdı.

Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə də qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi. Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdı.

Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü. Beləliklə, xalqın israrlı tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Xalqın böyük izdihamı ilə qarşılaşan ulu öndərin Bakıya yeni gəlişi əsl xalq bayramına çevrildi. Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə gəlməsi Azərbaycanın ictimai-siyasi həyatında inqilabı dəyişikliklərlə xarakterizə olundu. Belə ki, ölkə daxilində separatçılıq qüvvələrinin qarşısı alındı, Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı və ordu quruculuğunda mühüm addımlar atıldı. Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı və iqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi. Eyni zamanda, iqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən, xarici sərmayənin ölkəyə gətirilməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ulu öndərin gerçəkləşən arzuları....

Ulu Öndər xalqın çətin günündə ikinci dəfə siyasi hakimiyyətə qaydışı ilə Azərbaycanın gələcək inkişafını dünyaya tanıtmaq idi. Ulu öndər demişdir: “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm!”. Ulu Öndər Heydər Əliyev ictimai-siyasi sabitliyi qorumaq üçün qanunçuluğun yüksək səviyyədə təsbit olunması istiqamətində mühüm addımlar atdı. Ölkədə xaos və özbaşınalığın qarşısı alındı. Xalqın Heydər Əliyevə inamı, etimadı o dərəcədə yüksək idi ki, onun hər bir çağırışı Azərbaycan xalqının bütün təbəqələrində böyük əks-səda doğururdu. 1994-95-ci illərdə xarici qüvvələrin köməyi ilə bəzi dairələr Azərbaycanda dövlət çevrilişinə cəhd göstərdilər. Məqsəd ölkəmizin həyata keçirdiyi müstəqil siyasəti əngəlləmək, Azərbaycanı yenidən xarici qüvvələrin, imperiya dairələrinin təsiri altına keçirmək idi. Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə olan inamı hesabına dövlət çevrilişinə cəhdin qarşısı qətiyyətlə alındı. İctimai-siyasi sabitliyin təmin edilməsi iqtisadi islahatların həyata keçirilməsinə yol açdı. Dövlət idarəçiliyi ilə bağlı qanunlar hazırlanaraq təsdiq olundu. Ən başlıcası isə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edildi. Bu Konstitusiyanın müəllifi Ulu Öndər Heydər Əliyevdir. Azərbaycan xalqının siyasi taleyini, siyasi fəaliyyətini, məqsəd və məramını, iqtisadi və dövlət idarə üsulunu müəyyən edən Konstitusiyanın qəbul edilməsi olduqca əhəmiyyətli hadisədir. Bu Konstitusiya ilə Azərbaycanda hakimiyyət bölgüsü - qanunverici, icra və məhkəmə hakimiyyəti arasında bölgü müəyyənləşdirildi. Konstitusiya ilə təsbit edildi ki, Azərbaycan demokratik, hüquqi və unitar dövlətdir. Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi göstərdi ki, Azərbaycanın yolu demokratiyadır. Bütün bunlar Ulu Öndərin dövlət quruculuğu sahəsində gördüyü böyük işlərin əsas istiqamətlərindən biridir.

“Əsrin müqaviləsi” - Heydər Əliyevin tarixi sərvətlərinə sahib çıxmasının təsdiqi

Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, dünyanın əsas neft-qaz ixracatçısına çevrilməsidir. Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi nəhəng siyasi layihələrdən biri neft strategiyasıdır. Neft strategiyası bu gün də Azərbaycan üçün həm siyasi, həm də iqtisadi dividendlər gətirməkdədir. Ulu Öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Bu neft strategiyası dünyanın ən qabaqcıl neft şirkətlərini Azərbaycana investisiya yatırmağa cəlb etdi. Bu investisiyalar iqtisadi sabitliyin bərqərar olması üçün böyük rol oynadı. Azərbaycanın beynəlxalq nüfuzu artdı, bölgədə rolu genişləndi. O cümlədən iqtisadi islahatlar aparılması üçün böyük baza yaradıldı, sosial islahatlar üçün iqtisadi potensial əldə edildi.

Heydər Əliyevin həyata keçirdiyi nəhəng geopolitik layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi bu gün həm Azərbaycan, həm də region üçün böyük rol oynayır. Bütün iqtisadi təhlilçilərin və tədqiqatçıların fikri ondan ibarətdir ki, belə nəhəng layihənin həssas bir bölgədə, geopolitik baxımdan dartışmalar mərkəzi olan Cənubi Qafqazda həyata keçirilməsi yalnız böyük şəxsiyyətin - Heydər Əliyevin uzaqgörənliyi ilə reallaşa bilərdi.

Enerji təhlükəsizliyi bütün dünya dövlətlərini düşündürən ən vacib məsələlərdən biridir. Ona görə də Azərbaycanın, o cümlədən Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına əngəl olmaq istəyən qüvvələr var idi. Onların maneələrinə baxmayaraq Heydər Əliyev BTC neft kəmərinin, sonra isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması üçün böyük siyasət həyata keçirdi. Bu layihələrin reallaşması Heydər Əliyevin uğuru, onun böyük şəxsiyyət olaraq tarixi prosesə göstərdiyi təsirlərin nəticəsi idi.

Heydər Əliyevin Dağlıq Qarabağ probleminin həlli üçün atdığı addımlar

Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Həmin maddənin II hissəsində isə göstərilir ki, Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir. Qeyd edilən maddənin III hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.

Beləliklə, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi beynəlxalq hüququn bir prinsipi kimi qəbul edilmişdir. Ümummilli Lider Heydər Əliyev bununla bağlı demişdir: “Hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin pozulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir”. Ulu Öndər Heydər Əliyev istər istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış və buna da nail olmuşdur.

Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində BMT Baş Məclisinin 6 sentyabr 2006-cı il tarixli “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsində Azərbaycanın işğal edilmiş ərazilərində baş verən yanğınlardan və onun vurduğu böyük ekoloji ziyandan ciddi narhatlığı vurğulanmışdır. Ölkə başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycan ərazilərinin bütövlüyü çərçivəsində həll edilə bilər. Prezident Milli Məclisin 2006-cı il payız sessiyasının açılışındakı çıxışında demişdir: “Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır və yəqin ki, gələn il biz buna nail olacağıq. Bütün beynəlxalq normalara məhəl qoymayan Ermənistan, əfsuslar olsun ki, beynəlxalq təşkilatlar tərəfindən qınaq obyektinə çevrilmir. Azərbaycan artıq o ölkədir ki, öz torpağının işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib, istədiyinə nail olcaqdır… Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt icazə verməyəcəyik”.

Bəli, bu gün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpasına nail oldu. Böyük Öndər Heydər Əliyev demişdir: «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.

Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı olan Cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının dediyi kimi: “Dərsini verdik. Öz bayrağımızı ucaltdıq Şuşada və bütün başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!”.

Bəli, Ruhun şad olsun Ulu Öndər, Qarabağ Azərbaycandır! Azərbaycan xalqının Qalib Lideri, Azərbaycan xalqının Prezidenti İlham Əliyev dəmir siyasətinin nəticəsində «Dağlıq Qarabağ” problemi yoxdur! Prezident İlham Əliyev bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır: “Bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.

Ona görə də Ulu Öndərin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək yeganə Lider Prezident İlham Əliyev cənablarıdır. Bütün bunlar isə Ulu Öndər Heydər Əliyev uzaqgörənliyinin, Ulu Öndər Heydər Əliyev zəkasının və Ulu Öndər Heydər Əliyev nurunun bizə tərəf saçılan əbədi şölələridir!

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə