Bu sınaqlar Rusiyanın rəqiblərinə qarşı vermək istədiyi mesajıdır EKSPERT GİZLİ MƏQAMLARA TOXUNDU

Rusiyanın strateji təyinatlı qoşunları arasında qitələrarası ballistik raketlərlə təchiz olunan hərbi hissələr əvvəldən də mövcud idi. Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert diqqətə çatdırıb ki, hazırda Rusiyanın sınaqlarına hazırlaşdığı “Sarmat” raketləri daha əvvəl Rusiya silahlanmasında mövcud olan “Satana” adlı raketlərin yenilənməsi məqsədi daşıyır.
“Xatırladıram ki, Rusiya bu raketlərin sınaqlarını daha əvvəl keçirməli idi. Lakin məhdud sayda mənbələrdə raketlərin sınaqları üçün ayrılan vəsaitin məmurlar tərəfindən mənimsənildiyinə görə hələ də bu günə qədər ləngiyib. Məsələn, keçən ilin mayında həmin o qitələrarası “Sarmat” ballistik raketi sınaqlarının keçiriləcəyi barədə məlumatlar artıq mətbuatda da mövcud idi. Bunu Rusiyanın hərbi ekspertləri artıq şərh eləmişdilər. Rusiya baş nazirinin müavini general Yuri Barisov da may ayının 21-də bu barədə bəyanatlar səsləndirmişdi. Lakin hələ də indiyə qədər bu sınaqlar başa çatmayıb. Halbuki, həmin bəyənatlarda artıq orduya həmin raketlərin çatdırılmasından söhbət gedirdi və son sınağın artıq mərhələsinin başa çatması ilə əlaqədar siqnallar var idi. Lakin bu raketlərin əvvəlki illərdə, 2018-ci ildə sınağının bitməsinə aid verilən bəyənatlar mətbuatda mövcuddur. Amma görünən odur ki, bundan üç il keçməsinə baxmayaraq, Rusiya hələ də sınaqlardan danışır.
Təbii ki, bu silah sistemləri ilk öncə, Rusiyanın ehtimal olunan rəqibi Amerika Birləşmiş Ştatlarına yönəlib və o raketlərin atəş məsafəsinin kifayət qədər böyük olması, məsələn, ilk versiyada belə 18 min kilometrdən söhbət gedirdi, hansı ki, bunun artıq Amerika ərazisinə zərbələr endirilməsi üçün nəzərdə tutulduğunu görmək çətin deyil. Rusiya hər zaman istehsal etdiyi silahların texniki xüsusiyyətlərini bir qədər şişirtməklə yadda qalan ölkələrdəndir. Bu raketin də ABŞ-ın Raket Əleyhinə Müdafiə Qoşunlarının istifadəsində olan komplekslər tərəfindən ələ keçirilmədiyi barədə bəyənatlar səslənsə də, bunun hələ sübut eləmək, və ya ələ keçirilmədiyini nümayiş etdirmək hələ ki, mümkün olmayıb. Çünki, onlardan real döyüşdə istifadə olunmayıb. Dolayısı ilə bu silahlar daha çox düşməni bu silaha malik olan ölkəyə qarşı hücumdan çəkindirmək məqsədi ilə istehsal olunur.
Bu raketlərin ixracı beynəlxalq konvensiyalar ilə qadağan olunur. Onların əvvəlki, daha zəif hesab olunan versiyaları belə Ermənistana çatdırılmayıb və bunun çatdırılması da mümkün deyil. Çünki Ermənistanda bu raketlərin xidmətini, onların döyüşə hazır vəziyyətdə saxlanılmasını, istifadəsini, tətbiqini həyata keçirə biləcək heyət və onları silahlanmaya qəbul edəcək müvafiq qoşun növü mövcud deyil.
Bu sınaqları keçirən Rusiya, təbii ki, gərginləşən NATO-Rusiya münasibətlərində bir daha özünün imkanlarını nümayiş etdirmək məqsədi daşıyır.
Ümumilikdə isə, biz, Rusiyanın bu raketlərin sınaqlarını əks etdirən və onların dəqiqliyini nümayiş etdirə biləcək vizual görüntülərə heç zaman rast gəlmirik. Sözlə ifadə olunan bəyənatlara gəldikdə isə, Rusiya tərəfi “İskəndər M” raketinin hədəfdən 10 metrə qədər yayınmasını bəyan edirdi. Lakin biz real döyüşlərdə, həm Gürcüstanda, həm də Şuşaya qarşı tətbiqində bu raketlərin nə qədər qeyri-dəqiq olduğunu müşahidə etmişik. Ona görə də bu sınaqlar, hesab edirəm ki, Rusiyanın rəqiblərə qarşı vermək istədiyi bir mesajdır. Yəni, bu, “mən hələ də zəif deyiləm”, “əlimdə yeni raketlər istehsal edirəm”, “mənə qarşı hərbi ritorikada danışmağa qalxmayın”, “mən hələ də güclüyəm”, mesajıdır. Ortalama olaraq isə, Rusiya silahlarının texnoloji səviyyəsi artıq dünya ortalamasından çox aşağı düşüb. Bunu biz Rusiyanın silah satışı bazarında öz mövqelərini itirməsi ilə paralel olaraq müşahidə edirik”, deyə hərbi ekspert Ədalət Verdiyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə