"Yeni təyin olunmuş səfirlərin fəaliyyəti daha səmərəli ola bilər" POLİTOLOQ ŞƏRH ETDİ

“Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağcı bundan öncəki səfirlərdən fərqli olaraq Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının üzvüdür, həmçinin bir çox yerlərdə diplomatik fəaliyyətdə olub. Cənab səfirin söylədiyi fikirlərdən aydın olur ki, onun Azərbaycana olan istəyi digər səfirlərdən daha çoxdur. Mətbuat konfransı zamanı cənab səfirin istifadə etdiyi sözlər əksəriyyətlə Azərbaycan dilində idi. Bu da bizə qarşı olan istəyin göstəricisidir. Azərbaycana təyin olmuş bütün səfirlərin bioqrafiyasını oxuduğum üçün rahatlıqla deyə bilərəm ki, təyin olunmuş bütün səfirlərin Azərbaycana böyük hörməti var, lakin sabiq səfir Hulusi Kılıc və Cahit Bağcı Azərbaycana qarşı xüsusi sevgi bəsləyir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloq hesab edir ki, Cahit Bağcının fəaliyyəti həm hərtərəfli, həm də məhsuldar olacaq: “Hərtərəfli olacaq ona görə ki, Türkiyə ilə Azərbaycan arasında həll olunması gərəkən bəzi məsələlər var ki, onların həlli indiki səfirin dövründə həllini tapacaq. İki ölkə arasında viza ilə əlaqədar məsələlər həll olunub. Artıq sadələşdirilmiş pasport sisteminə keçid almışıq. Lakin, hazırda bizim gömrüklər arasında bəzi problemlər yaşanır. Fikrimcə, bu məsələ də təyin olunmuş yeni səfirlə Azərbaycanın digər rəsmi strukturları ilə qarşılıqlı həll olunacaq. Həmçinin, Türkiyədə təhsil alan bəzi azərbaycanlı tələbələrin diplomlarının tanınması məsələsində də bəzi problemlər var ki, cənab səfirin bu məsələnin həlli ilə əlaqədar da addımlar atacağımı düşünürəm. Bir səfirin digər ölkədəki fəaliyyəti çox önəmlidir. Cənab Prezident də qeyd etdi ki, Azərbaycan Ordusu Türkiyə Ordusunun kiçik modeli olacaq. Hesab edirəm ki, sözügedən istiqamətdə də cənab səfir Cahit Bağcının əlaqələndirmə baxımından fəaliyyəti daha geniş olacaq”.

S.Hümbətov həmçinin əlavə edib ki, Serbiyanın da Azərbaycana yeni səfiri təyin olunub: “Azərbaycanla Serbiya arasında uzun illər əməkdaşlıq mövcuddur. 1990-cı illərin əvvəllərindən başlayaraq iki ölkə arasında münasibətlər qənaətbəxş olub. Lakin 2020-c ilin iyul ayında Ermənistanla Azərbaycan arasında məlum sərhəd hadisələrindən, yəni, Serbiyadan Ermənistana minaatanların verilməsindən sonra dövlətlər arasında münasibətlərdə müəyyən soyuqluq mövcud idi. Təbii ki, bu məsələyə serbiyalı rəsmilərin açıqlamaları gəldi və onlar bildirdilər ki, biz bu məsələdə Azərbaycanın dövlət maraqlarına zidd addım atmağı istəməzdik. Təbii ki, bu açıqlamalar baş vermiş hadisənin qarşısını alması sual altındadır. Azərbaycan da öz dövlət maraqları naminə beynəlxalq və regional təşkilatlarda Serbiya ilə bu prinsipləri nəzərə alaraq addım atacaq. Lakin Azərbaycanın xarici siyasətində xoşməramlı addımlar daha çox özünü göstərir. Düşünürəm ki, Serbiyanın Azərbayacana yeni təyin olunan olunan səfiri özündən əvvəlki səfirlərin yaratdığı problemlərin təkrarlanmasına imkan verməyəcək. Çünki məhz əvvəlki səfirin diqqətsizliyi nəticəsində bu hadisələr baş verib. Bütün bu hadisələr artıq səfirin fəaliyyətindəki nöqsanlar kimi qiymətləndirilə bilər. Ümid edirik ki, yeni Səfir öz fəaliyyətində bu cür nöqsanlara yol verməyəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə