Blinkenin Prezidentə zəngi: nə baş verir? ANALİTİK+AKTUAL

Bu kimi məsələlərdə ABŞ-ın yeni administrasiyasının sərgilədiyi münasibətinin daha çox qeyri-səmimi görünməsi də nəzərdən yayınmadı

44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda siyasi güc reallığının dəyişməsi, xüsusilə Azərbaycan və Türkiyə faktorunun istər hərbi, istərsə də diplomatik cəhətindən birmənalı qaydada önə çıxması regionda maraqları olan digər ölkələrin də sözügedən müstəvidə apardıqları siyasətlərinə yenidən baxmalarına səbəb oldu. Xüsusilə, azad olunmuş torpaqlarımızda başladılan nəhəng iqtisadi layihələr və bu layihələrin icrasında bizə dost olan ölkələrin iştirak etmək maraqlarının reallaşması da özündə bir sıra məqamları əks etdirməkdədir.

Lakin bu kimi məsələlərdə ABŞ-ın yeni administrasiyasının sərgilədiyi münasibətinin daha çox qeyri-səmimi görünməsi də nəzərdən yayınmadı. Daha dəqiq desək, Azərbaycan və Türkiyə faktorunun ayrılmaz müttəfiqlik, birlik gerçəkliyi, həmçinin regional siyasətdəki paralel addımları erməni lobbisinin maraqları, yaxud təzyiqləri altında qalan Bayden administrasiyasının narahatlığına səbəb olmaqdadır.

Azərbaycan hökumətinin regiondakı nüfuz sahibi olması artıq özlərindən razı amerikalılarında ağıllarını başlarına qaytarmaq üzrədir

Bu baxımdan, Amerika prezidentinin uydurma erməni soyqırımı məsələsini ortalığa atması, erməni maraqlarından çıxış etməsi planı işə salındı, amma göründüyü kimi, bu plan heç də qarşı tərəflərə - ermənilər qarşısında öhdəlik götürən Ağ ev demokratlarına, eləcə də erməni lobbisinə istənilən nəticəni vermədi. Hazırda isə ABŞ iqtidarının buraxdığı səhvini düzəltmək cəhdləri görünməyə başlayıb. Necə deyərlər, “ziyanın yarısından geri dönmək də bir xeyirdir” misalını ön görən amerikalı demokratların növbəti cəhdləri də demək olar ki, bu xüsusdandır. Hətta belə deyək - Azərbaycan hökumətinin regiondakı nüfuz sahibi olması artıq özlərindən razı amerikalılarında ağıllarını başlarına qaytarmaq üzrədir və bunun ilkin nəticəsi kimi, ABŞ-ın dövlət katibi Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsini göstərmək olar. Halbuki, aprelin 24-də verilən “soyqırımı” qərarının ardınca Azərbaycan Prezidenti İlham Əliyev dərhal həmkarı, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana telefon zəngi etdi və Azərbaycanın Türkiyənin yanında olduğunu vurğuladı, üstəlik, Baydenin qərarını “tarixi səhv” adlandırdı!

Ağ ev administrasiyası, sadəcə, söz oyununa başlayıb ki, bəlkə regionda yaratdıqları haqlı narazılıqların mənfi təsirini yumşaltsınlar

Ona görə də bu zəngin, yəni Blinkenin ölkə başçımıza açdığı zəngin nə qədər səmimiyyətə söykənib-söykənmədiyini də bir sıra yüksək ehtimallı nəticələrlə aşkara çıxarmaq mümkündür. Misal üçün, bundan əvvəl həm Bayden, həm də Blinken bəyan etdilər ki, guya onlar qondarma soyqırımı törətməkdə Türkiyəni deyil, Osmanlı imperiyasını günahlandırıblar. Amma bunun da bir ağ yalan olması sirr deyil, sadəcə, sudan quru çıxmağa cəhd etmək nümunəsidir və onlar da bunu çox gözəl bilirlər. Ağ ev administrasiyası sadəcə söz oyununa başlayıb ki, bəlkə regionda yaratdıqları haqlı narazılıqların mənfi təsirini yumşaltsınlar. Lakin bunu edə bilmədikləri də aıq-aydın gözlər önündədir.

Digər tərəfdən, ABŞ hakimiyyətinin özünü hamıdan ağıllı saymağı da böyük səhvdir. Belə ki, beynəlxalq hüquqa əsasən, müasir Türkiyə Respublikası Osmanlı imperiyasının hüquqi varisi sayılır. Bu varisliliyi sübut edən əsas istinadlar aşağıdakı beynəlxalq sənədlərdir:

- Lozanna Sülh Konfransının (11 noyabr 1922-24 iyul, 1923) nəticəsi olaraq 24 iyul 1923-cü il tarixində imzalanan Lozanna müqaviləsinin bir neçə maddəsi (məsələn 18-ci maddəsi);

- 1925-ci ildə Osmanlı Dövlət Borcunun mühakimə olunduğu Arbitraj, Türkiyənin Osmanlı İmperiyasının hüquqi varisi olduğu qənaətinə gəldi və bu qərara əsasən Türkiyə yalnız 25 may 1954-cü il tarixində Osmanlı imperiyası əvəzinə son borcu ödədi.

- Eyni qənaətə həmçinin Haaqa Daimi Arbitraj məhkəməsinin 24 iyul 1956-cı il tarixli “Fransa və Yunanıstan Arasında Mayaklar Arbitrajına dair qərarda gəlinir;

- “Rozelius İşi üzrə Amsterdamın Regional Məhkəməsinin qətnaməsi 1925-ci il və sair bir sıra beynəlxalq hüquq sənədləri.

Şübhəsiz ki, ABŞ-ın Dövlət Departamentin hüquqşünasları bütün bunları çox gözəl bilirdilər və Baydenin minnət qoyaraq deməsi ki, mən “genosid” törətməkdə Osmanlı imperiyasını günahlandırmışam və s – bütün bunlar ABŞ-ın yeni hakimiyyətinin növbəti hiyləgərliyidir. Belə ki, Co Bayden istənilən halda 29 oktyabr 1923-cü ildə rəsmən elan olunan Türkiyə Respublikasının 1915-ci il hadisələrində günahlandıra bilməzdi.

Alınmadı Bayden və Blinken cənabları, siz əslində vəziyyəti daha da mürəkkəbləşdirdiniz...

Amma eyni zamanda, o bilərəkdən Osmanlı imperiyasının adını qeyd edib ki, beynəlxalq hüquqa görə Türkiyə Respublikası Osmanlı imperiyasının rəsmi varisi sayılır və bu bəyanat məhz beynəlxalq hüquqa əsasən Türkiyə Respublikasına qarşı istənilən iddiaların qaldırılması üçün əsas yaradır, o cümlədən irimiqyaslı kompensasiyaları tələbi üçün. Odur ki, ABŞ öz oyunlarını davam edir və sadəcə pərdə asmaqdan ötrü müxtəlif ifadə oyunlarından istifadə edir.

Fakt isə fakt olaraq qalır: beynəlxalq hüquqa görə, Bayden Türkiyəni “soyqırımı” törətməkdə ittiham edib və bunun hüquqi nəticələri də özünü çox gecikdirməyəckdir. Alınmadı Bayden və Blinken cənabları, siz əslində vəziyyəti daha da mürəkkəblişdirdiniz...

Rövşən RƏSULOV

P.S. Azərbaycanda belə bir atalar misalı var, haqq nazilər, amma üzülməz. Haqq və ədalətin isə yalnız Azərbaycanın deyil, həm də qardaş hesab etdiyi Türkiyənin yanında olması isə birmənalı olaraq sübutdur, isbatdır və hər şey ədalətli şəkildə yoluna qoyulduqca, bizlərə qarşı sərsəm ittiham sürən dairələr də öz hüquqi paylarını almalı olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə