Zəngilan şəhərindəki məscidin yenidən bərpasına start verildi ŞƏRH

Zəngilan şəhərindəki məscidin yenidən bərpasına start verildi ŞƏRH

Prezident İlham Əliyev: "Zəngilan rayonunda yarıdağıdılmış bəzi məscidlərdən tövlə kimi istifadə olunub, orada donuz saxlanılıb"

"Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb". Bu sözləri aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində Zəngilan məscidində olarkən bildirib. 1993-cü il 29 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Zəngilandakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Ümumiyyətlə, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb. Tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan dəyib. Ermənistan qanunsuz silahlı birləşmələri tərəfindən dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına küllü miqdarda ziyan vurmuşdur.

"AZAD EDİLMİŞ TORPAQLARA BU GÜN GƏLƏN XARİCİ QONAQLAR ERMƏNİ VƏHŞİLİYİNİ ÖZ GÖZLƏRİ İLƏ GÖRÜRLƏR"

Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun konvensiyasına zidd olsa da işğal altında və Ermənistanda qalan Azərbaycan mədəniyyət abidələrinin əksəriyyəti məhv edilib. Bütün bunlara baxmayaraq, Azərbaycan dağıdılmış, talan edilmiş məkanları, tarixi abidələrimizi bərpa edəcək. Eləcə də, dövlət başçısının qeyd etdiyi kimi, Zəngilan məscidi bərpa ediləcək: "Bu məscid mənfur düşmən tərəfindən dağıdılmışdır. Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar və təkcə bu məscidi deyil". Erməni vandalları xalqımıza məxsus olan bütün abidələr dağıdıb, yerlə-yeksan ediblər. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənilərin əxlaqsızlıq, mənəviyyatsızlığının məntiqi olaraq Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla simasız, rəzil olduqlarını göstərmiş oldular. Bu azmış kimi, Zəngilan rayonunda olan məscidlərdən də bu məqsədlə istifadə ediblər. "Zəngilan rayonunda yarıdağıdılmış bəzi məscidlərdən tövlə kimi istifadə olunub, orada donuz saxlanılıb", deyən Prezident bunun videokadrlarda olduğunu bildirib: "Ağdam məscidində donuz saxlanılıb və bu, bütün müsəlman aləminə qarşı cinayətdir, İslam dininə qarşı cinayətdir. Bütün müsəlman dövlətləri bunu görməlidir və biz bu həqiqətləri bütün müsəlman ölkələrinin rəhbərlərinin diqqətinə çatdırırıq. Azad edilmiş torpaqlara bu gün gələn xarici qonaqlar erməni vəhşiliyini öz gözləri ilə görürlər. Bu yaxınlarda Azərbaycanda səfərdə olmuş İslam Əməkdaşlıq Təşkilatının Baş katibi öz etiraz səsini ucaltmışdır. ICESCO-nun Baş katibi azad edilmiş torpaqlarda olub, dağıdılmış Ağdam məscidini görüb və erməni vəhşiliyi haqqında artıq bütün müsəlman ölkələrini məlumatlandırır". Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub.Bildiyimiz kimi, Xarici İşlər Nazirliyinin hazırladığı "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması" adlı hesabatlar hazırlanaraq UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim edilib. Erməni vandallığını, vəhşiliyini bütün dünya görməlidir, necə ki, 44 günlük Vətən müharibəsində dünya bunu bir daha görmüş oldu. Erməni vandalizmini və barbarlığını, erməni faşist ideologiyasını gözləri ilə görmüş oldu. Azərbaycanın uğurları, qalibiyyəti, işğaldan azad olunan ərazilərimizdə yerləşən abidələrin ermənilər tərəfindən dağıdılması, təbii ehtiyatların talanması və s. dünya ictimaiyyətinə ardıcıl olaraq çatdırıldı.

Beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını bir daha ortaya qoymuş oldu. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın bir çox ölkələrindən ölkəmizə ezam olunmuş KİV nümayəndələrinin gözü qarşısında baş verdi. Dövlət başçısı bildirib ki, ermənilər tərəfindən dağıdılmış və təhqir edilmiş bütün dini məbədlərimizin əvvəlki görüntüləri və işğaldan sonrakı görüntüləri tərtib edilir və dünya birliyinin diqqətinə çatdırılır: "Bu gün ermənilərin mədəni irsi ilə əlaqədar öz narahatlığını ifadə edən bəzi xarici nümayəndələr, bax, bunu görsünlər, Zəngilan məscidinin qalıqlarını görsünlər, Şuşa məscidlərinin qalıqlarını görsünlər və görsünlər ki, Ermənistan dövləti bizə qarşı mədəni soyqırımı da törədib".

"BÜTÜN TARİXİ, DİNİ ABİDƏLƏRİMİZİ BƏRPA EDƏCƏYİK"

Bildiyimiz kimi, artıq Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsindəki paylaşımında qeyd edirdi ki, Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb: "Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir… Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!"

Artıq Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq, Fond tərəfindən təşkil olunan həm xarici, həm yerli ekspertlərdən ibarət olan komissiya Zəngilan məscidin mövcud binasını qiymətləndirib. Məşhur Otelye Kummer Agentliyinin nümayəndələri məsciddə olmuş və mövcud binanın konservasiyası və bərpası ilə bağlı təkliflər hazırlanır. Hətta ərazidə yeni məscidin tikilməsi ilə bağlı layihə də hazırlanıb. Dövlətimizin başçısı İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva üzərində "Zəngilan məscidinin təməli Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 26 aprel 2021-ci il tarixində qoyulmuşdur" sözləri yazılmış xatirə daşını məscidin divarına hörüblər. Azərbaycan işğaldan azad olunan bütün ərazilərimizdə olan tarixi, dini abidələrimizi məscidləri tikəcək, yenidən bərpa edəcəkdir. Azərbaycan Prezident İlham Əliyevin bildirdiyi kimi, "…bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik. Şuşa şəhərində artıq məscidlərin bərpasına start verilib. Ağdam Cümə məscidinin bərpası ilə əlaqədar hazırlıq işləri gedir. Bu gün Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası, konservasiyası işlərinə start verilir".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə