"Siyasətçi öz həyatında yalnız bir dəfə büdrəyə bilər” DEPUTAT SƏRT REAKSİYA VERDİ

"Siyasətçi öz həyatında yalnız bir dəfə büdrəyə bilər” DEPUTAT SƏRT REAKSİYA VERDİ
"ABŞ prezidenti Co Baydenin dünən ermənilər barəsində söylədiyi "soyqırım", "böyük qırğın" və "böyük qətliam" ifadələri heç tarixi həqiqətə, ədalətə xidmət etmir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Millət vəkili bunları qeyd edib: "Yalnız Baydenin özünün ola bilsin ki, erməni seçiciləri və onun seçki kampaniyasına maliyyə dəstəyi vermiş erməni lobbisinin təsiri altında, onların xoşuna gəlmək üçün söylədiyi bir ifadədir. Bu ifadənin heç bir hüquqi qiyməti yoxdur. Amma eyni zamanda bu ifadə hiddət, narahatçılıq və təəssüf doğurur ki, Amerika kimi dövlətin prezidentinin dilindən tarixi həqiqətə uyğun olmayan erməni yalanları üstündə qurulan və ona xidmət edən bir ifadə səslənib. Amerikada kifayət qədər tarixi bilgilər, sənədlər və mənbələr var. Çünki Birinci Dünya Müharibəsi dövründə Anadoluda və Qafqazda olan hadisələrdə Amerikanın siyasətçiləri, missionerləri, hərbiçiləri tam iştirak ediblər və kifayət qədər də tarixi arxivlər var. Eyni zamanda da 10 il bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erməni və digər ölkələrin tarixçilərinə müraciət edərək, demişdi ki, "gəlin arxivləri açaq, bu məsələni tarixçilərin öhdəsinə buraxaq və həmin proseslərin necə baş verdiyini tarixi mənbələr bütün dünyaya daha dəqiq sübut etsin". Lakin ermənilər arxivin açılmasını istəmədilər. Erməniləri dəstəkləyən digər ölkələrdəki qüvvələr də bu fikrə diqqətlə yanaşmadılar. Məqsədləri Türkiyə kimi bir dövlətin xüsusilə də son illərdə iqtisadi, hərbi, siyasi cəhətdən bölgədə və dünyada söz sahibinə çevrilmiş bir dövlətin inkişafını əngəlləmək, müəyyən qədər öz siyasi iradələrini bu dövlətə qəbul etdirməkdən ibarətdir. Amma bunların heç bir mənası yoxdur".

Deputat əlavə edib ki, Türkiyə ictimaiyyəti və Azərbaycan ictimaiyyəti bu fikirləri qəbul etmir: "Bu bəyanatı rədd edir. Eyni zamanda onu da qeyd edim ki, dünən cənab Prezident İlham Əliyevin Türkiyə Cümhuriyyətinin Pezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi etməsi də bizim doğurdan da bir millət, iki dövlət olduğumuzu bir daha dünyaya bəyan etdi".

Musa Quliyevin sözlərinə görə, cənab Prezident də bu fikirlərin yalnış olduğunu söylədi: "Türkiyə ilə Azərbaycan həmişə bir yerdə, istər beynəlxalq siyasətdə, istərsə də iqtisadiyyatda fəaliyyət göstərəcəyini qeyd etmişdir. Bu da Türkiyə ictimaiyyəti tərəfindən böyük bir qardaş dəstəyi kimi qəbul edilmişdir. Tarix tarixçilərin işidir. Siyasətdə və hüquqda isə dəqiq olmaq siyasətçinin və hüquqşünasın uzaqlığıdır. Mən çox təəssüf edirəm ki, Amerika kimi bir dövlətin başçısının dilindən bu ifadələr səsləndi. Bu yalnış ifadələrdir. Bu siyasətçinin büdrəməsidir və siyasətçi də öz həyatında yalnız bir dəfə büdrəyə bilər".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə