Sağlam cəmiyyət sağlam və güclü dövlət deməkdir

Prezident İlham Əliyev: “Biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik”

Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genefondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Önəmlidir ki, bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır. Çünki müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Xüsusilə, dövlət-ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkədə ailəyə verilən qiymətin bariz ifadəsidir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına, ümumən milli genefondumuzun möhkəmlənməsinə xidmət edir.

Sağlam ailə cəmiyyətin əsasını təşkil edir

Ailə hər bir cəmiyyətin, dövlətin özəyi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Əgər ailə sağlam təməl, qarşılıqlı hörmət və məhəbbət üzərində qurulursa, hər bir ailə üzvünün hüququna anlayışla yanaşılırsa, əlbəttə ki, bu ailədə doğulan, təlim-tərbiyə alan insan əxlaqlı, savadlı, mədəni, qurucu olacaqdır. Və bu ailə də dövlətinə layiqli şəxsiyyət və vətəndaş olacaqdır. Bu gün dünyaya nəzər salsaq görərik ki, ənənəvi ölkələrdə ailə dəyərləri daha davamlı və möhkəmdir. Digər ölkələrdə isə məsələn Qərb ölkələrində bu gün boşanmaların sayının artması, təkvalideynli ailələr, övladsız ailələr, artıq bir çox ölkələrdə hüquqi razılıq verilən həmcinsli "ailələr” cəmiyyətin gələcəyini böyük sual altına qoyur və ailə dəyərlərinin mənəvi aşınmasına səbəb olur. Artıq demoqraflar bir sıra Avropa ölkələri üçün həyacan təbili çalırlar. Bu təhlükələri daha geniş və tam dərinliyi ilə görən cənab Prezident İlham Əliyev BDU-nun 100 illik yubileyi mərasimində bu məsələni xüsusi olaraq vurğulamışdır.

Ölkə başçısı proqram xarakterli çıxışında qeyd etmişdir ki, «Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözlər çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik. Ona görə Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır...» Bu vətəndaşlarımıza bir çağırışdır, bu bir müraciətdir ki, biz öz dəyərlərimizə sahib çıxmalıyıq, qorumalıyıq.

Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindəndir

30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımızın niskilinə 44 gün davam edən İkinci Vətən müharibəsi Ali Baş Komandanımız, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun rəşadətli əskər və zabitlərimizin qanları bahasına torpaq yolunda şəhid olaraq Zəfər Qələbəsinə – Qarabağ Azərbaycanımıza qovuşduq. Və son 17 il Prezidentlik fəaliyyəti ərzində dövlət başçımız tərəfindən görülən tədbirlər, imzalanan fərman və sərəncamlar sayəsində həmin insanların bir çox problemləri artıq öz həllini tapmışdır. Bu gün ölkəmizin həyatında önəmli rol oynayan, hər birimiz üçün gözəl nümunə olan Azərbaycan qadın hərəkatının lideri, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident, Mehriban xanım Əliyeva tərəfindən bütün şəhid ailələrinin, hərbi qulluqçuların diqqət mərkəzində saxlanılması sonsuz razılıqla qarşılanır. Şəhid və yaralı ailələrinə dəstək məqsədilə YAŞAT Fondunun yaradılması həmin qayğı və diqqətin bariz nümunəsidir.

Ümumiyyətlə, bu, real faktordur ki, Azərbaycan ailəsi tarixən zəngin adət-ənənələrə malik olub. Əsrlərin sınağından çıxan bu adət-ənənələr indinin özündə də cəmiyyətdə və insan həyatında mühüm rola malikdir. Məhz adət-ənənələrimizin saflığının nəticəsidir ki, Azərbaycanda qurulan ailələr dayanıqlılığı və mükəmməlliyi ilə seçilir. Təsadüfi deyil ki, Azərbaycanın ailə modelini bir sıra xarici ölkə vətəndaşları özləri üçün örnək hesab edir və mümkün qədər bundan bəhrələnməyə səy göstərir. Çünki ailəni qorumaq üçün birinci növbədə adət-ənənələrimizi, dəyərlərimizi qorumalıyıq. Bu səbəbdən də milli adət-ənənələrimizin, dəyərlərimizin və nəhayət, ailələrimizin qorunması ən mühüm vəzifəmiz olmalıdır.

Biz Avropaya inteqrasiya etsək də, milli adət-ənənələrimizi unutmamalıyıq

Bu, bir həqiqətdir ki, günümüzdə milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərdən təcrid vəziyyətdə təsəvvür etmək çətindir. Ona görə də mənəvi tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərdən bəhrələnmə məsələsinə ciddi fikir verilməlidir. Amma bu və ya digər yeniliyi kor-koranə tətbiq etmək bizə bu sahədə heç bir perspektiv vəd etmir. Bu yerdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sözlərini xatırlatmaq istərdim: "Kənar ideya, kənar adətlərin cəmiyyətə nüfuz etməsi onun məhvinə gətirib çıxara bilər. Kənar adət-ənənələrə milli adət-ənənələrimizin nüvəsinə girməyə imkan versək, özəyə daxil olan kənar ideya, kənar adət bizim adəti dağıdacaq. Onun yerinə özününkünü gətirəcək".

Bəli, bir də yaxşı olardı ki, gətirdiklərimizi diqqətlə saf-çürük etməyi bacaraq: heç olmasa "nəyi mənimsəyirik?, "bu, bizə lazımdırmı?" kimi suallara cavab verə bilək. Axı bu da bir həqiqətdir ki, üz tutduğumuz Avropanın özü bu gün öz dəyərlərindən narahatdır. Yəni Avropanın özü bu məsələdə inteqrasiyaya, yenilənməyə ehtiyac duyur. Biz nə Şərqə məxsusuq, nə də Qərbə; biz həm Şərqə məxsusuq, həm də Qərbə, çünki biz qədim mədəniyyət üzərində formalaşmış özümüzə məxsus toplumuq. Biz dünyaya aldığımızdan daha çox şey verə bilərik. Bunun üçün heç bir mədəniyyətin içində əriməməliyik, əksinə, inteqrasiya proseslərinin mərkəzinə çevrilməyi bacarmalıyıq. Bəli, biz bu gün milli-mənəvi dəyərlərimizi də yetərincə təbliğ etməyi bacarmalıyıq. Artıq ölkəmiz dünyada tolerantlığın yeganə ünvanı kimi tanınır. Milli dəyərlərimiz deyəndə, qulaqlarımızda muğam sədaları da səslənir. Ölkəmizi dünyada tanıdan, təbliğ edən muğam sənəti bu gün bəşəriyyəti heyran etməkdə davam edir. Elə buna görə də bu milli-mənəvi dəyərimiz YUNESKO-nun dünya mədəni irsi edilib. Təbii ki, bu məsələdə Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.

Bir sözlə, biz nəyiksə, dəyərimiz də odur. Nəyə dəyər veririksə, onu da dəyər olaraq alırıq. Nəyi dəyər hesab ediriksə, onunla da dəyərləndirilirik. Unutmayaq ki, ümummilli liderimiz Heydər Əliyev mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib. O bildirib ki, milli-mənəvi dəyərlərini qoruyub-saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyi qorumaq əzmində olacaqdır. Bir də unutmayaq ki, Azərbaycan xalqı bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub saxlaya bilib. Milli-mənəvi dəyərlərə bağlılığın qorunub-saxlanması dövlət başçısı İlham Əliyevin də daim diqqətindədir. Dövlət başçısının sözlərinə əsasən, məhz bu dəyərlər bizi bir xalq kimi qoruyub-saxlayıb və bu gün müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz milli-mənəvi dəyərlər üzərində həyata keçirilir. Çünki mənəvi cəhətdən sağlam ailələr sağlam cəmiyyət deməkdir. Sağlam cəmiyyət isə sağlam və güclü dövlət deməkdir.

Zərifə QULİYEVA,

YAP üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...