ABŞ-ın Şərq siyasəti Rusiyanı adekvat addımlar atmağa məcbur edir - ŞƏRH ÖZƏL

“Hazırda ABŞ-la Rusiya arasında münasibətlərdəki gərginlik Bayden administrasiyasının Rusiya iqtidarına münasibətində həyata keçirmək istədiyi siyasətlə əlaqədardır. Etiraf etmək lazımdır ki, Trapmın iqtidarı dövründə Rusiya ilə ABŞ münasibətlərində gərginlik bu həddə qalxmayıb. Hərçənd ki, ABŞ o zaman da Rusiyaya qarşı iqtisadi sanksiyaların gücləndirilməsi tərəfdarı idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspertin sözlərinə görə, Baydenin hakimiyyətə gəlməsi ilə Ukrayna ətrafında mövcud problemi həll etmək məqsədilə ABŞ-ın indiki iqtidarı kifayət qədər fərqli mövqe ortaya qoydu: “Qeyd etməliyəm ki, Bayden hələ vitse-prezident olduğu dönəmdə Ukraynanın əvvəlki siyasi elitası ilə müəyyən münasibətləri vardı. Hətta, Baydenin oğlunun Ukraynanın siyasi elitası ilə münasibətləri onun korrupsiyada ittiham olunması ilə bağlı məsələlərin qaldırılmasına səbəb olmuşdu. Rusiya da bu məsələ ətrafında kifayət qədər böyük hay-küy qaldırmışdı”.

E. Manafov vurğulayıb ki, görünür Bayden hakimiyyətə gəldikdən sonra Ukrayna probleminin fərqli bir müstəvidə həlli üçün şəraitin yarandığını düşünür: “Ona görə də o açıqlamalarında hətta Putinin qatil olması ilə bağlı bir söz işlətdi. Bu isə ABŞ dövlət başçısının səviyyəsi və statusuna baş ucalığı gətirməyən bir kəlam idi. Hal hazırda ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü təmin etmək üçün Donbas və Luqansk ətraındakı problemləri Minsk formatının ruhuna uyğun olmayaraq həll etmək istəyir və Rusiyanı adekvat addımlar atmağa məcbur edir. Bu halda perspektivdə ABŞ NATO-nu şərqə doğu genişləndirmək və Qara dənizdə hərbi bazaları yerləşdirmək istəyi göz qabağındadır. Bu da Rusiyanın təhlükəsizlik maraqlarına ciddi təhdiddir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə