"Törədilmiş cinayətlər erməni siyasətinin xarakterindən irəli gəlir" MƏQALƏ

"Törədilmiş cinayətlər erməni siyasətinin xarakterindən irəli gəlir" MƏQALƏ

Artıq hamıya məlumdur ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar qəbul edildikdən sonra Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi altında bir “Dəmir yumruq” kimi birləşmiş, düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Məhz dövlət, xalq, ordu birliyindən ilhamlanan müzəffər Azərbaycan ordusu Cənab Prezidentin haqq işi adlandırdığı 44 günlük Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Bu, Azərbaycan əsgərinin simasında Azərbaycan xalqının düşmən üzərində qazandığı tarixi qələbə idi. Vətən müharibəsində əldə etdiyimiz bu qələbə sayəsində az qala 30 ildir düşmən tapdağında əsir olan, inildəyən dədə-baba torpaqlarımıza qovuşduq. Bir müharibə veteranı kimi, I Qarabağ müharibəsinin iştirakçısı kimi bu tarixi anları yaşamaq, canlı şahid olmaq olduqca böyük qürurdur. Eyni zamanda çox xoşbəxtəm ki, bu Vətən müharibəsində, xüsusən də Cəbrayılın, Füzulinin, Xocavəndin, Şuşanın işğaldan azad edilməsində oğlum Əsgərzadə Elmin də iştirak edib və Cənab Prezidentin müvafiq Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Təsadüfi deyil ki, bu gün Azərbaycan ordusunun 27 sentyabr 2020-ci ildən 10 noyabr 2020-ci il tarixinə qədər davam etmiş 44 günlük Vətən müharibəsində öz şücaət, qəhrəmanlıq və əzmkarlıqları hesabına qazandıqları bu şanlı qələbə, apardıqları döyüş taktikası dünya hərb sahəsində bir nümunə kimi öyrənilir. Bu da bizim üçün böyük uğurdur. Onu da əlavə etmək istərdim ki, Vətən müharibəsi bir daha düşmənin iç üzünü, riyakarlığını, xarakterini, hiyləgərliyini dünyaya göstərdi. Bütün sahələrdə olduğu kimi, hərb meydanında da uduzan ermənilər bu dəfə də son çarə kimi mülki insanların, dinc vətəndaşların yaşadıqları əraziləri atəşə tutmaqla öz xain xarakterlərini bir daha nümayiş etdirdilər. Əlbəttə, bu, onlar üçün yeni deyildi. Həm birinci Qarabağ, həm ikinci Qarabağ müharibəsində, eləcə də Aprel döyüşlərində, Tovuz döyüşlərində bu “üsul”dan istifadə etmişdilər. Təkcə onu qeyd etmək kifayətdir ki, müharibə dövründə atəşə ən çox məruz qalan Tərtər şəhərinə bir gün ərzində 2280 mərmi atılmışdır. Bu, bəşər tarixində insanlığa qarşı yönəlmiş ən böyük faciələrdən biridir. Ümumiyyətlə, mülki əhaliyə qarşı törədilmiş cinayətlər erməni siyasətinin xarakterindən irəli gəlir. Çox yaxşı haldır ki, qaniçən düşmənin belə yaltaq, cılız, ikiüzlü xarakteri də dünya dövlətlərinin diqqətini cəlb etmişdir. Şübhəsiz ki, Azərbaycan bu mübarizədə döyüş meydanında olduğu kimi digər cəhbələrdə də parlaq qələbə qazanmışdır. Ermənilərin mülki əhaliyə qarşı törətdiyi saysı-hesabsız cinayətlərin Beynəlxalq müstəvidə işıqlandırılması da diplomatiyamızın uğurudur. Bu cəhətdən Aprelin 13-də ADA Universitetində keçirilmiş "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəmin fikirləri xüsusilə diqqəti cəlb etdi: “Ermənistan 44 günlük müharibədə qəsdən əhalinin sıx yaşadığı yerləri və Azərbaycanın mülki vətəndaşlarını hədəfə alırdı. Biz Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə atılmış ballistik raketləri xatırlayırıq. Bu yaxınlarda biz mediada “İsgəndər-M” ballistik raketinin qalıqlarını gördük. Bu raket Şuşada tapılmışdır və Ermənistan tərəfindən atılmışdır”.

Cənab Prezident İlham Əliyev həmin Beynəlxalq konfransda Xalid Teymur Əkrəmin fikirlərinə münasibət bildirərkən ermənilərin mülki vətəndaşlara qarşı həyata keçirtdikləri cinayətləri faktlar əsasında bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmış, məsələni daha da aktuallaşdırmışdır: “İkinci Qarabağ müharibəsi zamanı, sizin də dediyiniz kimi, onların bizim şəhər və kəndləri necə bombalaması beynəlxalq birliyin gözü önündə idi. Təkcə ballistik raketlərlə deyil. Onlar bizi artilleriya və minaatanlarla hər gün bombalayırdı. Kiçik Tərtər şəhərinə 16 min bomba atılmışdır. Onlar hətta dəfn mərasimini bombalayaraq bir ailəni qətlə yetirmişdir. Onlar Bərdəni, Naftalanı bombalayırdılar. Naftalanda onlar beş nəfərdən ibarət ailəni öldürmüşdülər. Onlar qəsdən bizim şəhər və kəndlərimizə hücum edir və düşünürdülər ki, bunu etməklə bizi dayandıracaqlar. Biz eynisini etmədik. Biz heç vaxt heç bir kənd və ya şəhərə zərbə endirməmişik. Biz yalnız Xankəndidə yerləşən hərbi obyektlərə zərbələr endirirdik, çünki bunlar hərbi obyektlər idi. Gecə vaxtı Gəncə şəhərinə qarşı ballistik raketdən istifadə onların barbarlığını açıq-aydın nümayiş etdirirdi. Çünki bu ballistik raketin hədəfi var idi. Onun yaşayış yerinə düşməsi təsadüf deyil. Bu, insanların gecə yatdığı vaxt həyata keçirilən hədəfə alınmış hücum idi və bu, bir dəfə yox, bir neçə dəfə baş vermişdir”. Həmin mənzərəni görərkən adamın keçirdiyi hissləri sözlə ifadə etmək mümkün deyil. Bu, sadəcə dəhşətdir. Mən özüm də müharibə vaxtı gülləbaran olunmuş Tərtərdə oldum, erməni vəhşiliyi nəticəsində dağıdılmış həmin qəbirləri və evləri ziyarət etdim. Heç bir hərbi obyekt olmayan elə yaşayış məntəqələri var ki, ətraf qəlpə ilə doludur. Bu, ermənilərin insanlığa qarşı törətdiyi növbəti bir cinayətdir. Qeyd edək ki, düşmənin dinc əhaliyə qarşı belə davranışları təkcə Vətən müharibəsi dövründə deyil, ondan əvvəl də dəfələrlə olmuşdur. Hətta xain düşmən bunlarla bərabər, işğal etdikləri torpaqlarımızdakı maddi-mədəniyyət abidələrini talamış, məhv etmiş, təbiətə böyük ziyan vurmuşdur.

Cənab Prezident Aprelin 12-də Hərbi Qənimətlər Parkının açılışında iştirak edərkən də ermənilərin həmin mənfur xislətini bir daha bəyan etmişdir: “Onların törətdikləri vəhşilikləri görəndə adam dəhşətə gəlir. Bütün şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb. Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bu, vəhşi deyil, nədir? Vəhşi, hələ bəlkə də vəhşi o qədər də ağır söz deyil. Bütün dünya gördü ki, onların əsas ideoloji amili nə idi. Guya onlar burada azlıqda yaşayan mədəni, böyük sivilizasiyaya aid olan bir xalqdır, ətrafında da vəhşi müsəlmanlar bunları əhatə edir. Avropanın hər bir tinində bunu deyirdilər. Rusiyanın hər bir tinində bunu deyirdilər ki, bizə kömək edin, yoxsa bizi burada boğarlar. İndi hər kəs gördü bunun sivilizasiyası nədir, bunun mədəniyyəti nədir, bunun əxlaqı, mənəviyyatı nədir?! Qəbirləri dağıdan, şumlayan, ölülərin qızıl dişlərini çıxaran, məsciddə donuz saxlayan vəhşidir, başqa adı yoxdur. Bütün dünya bunu görüb və daha da çox görəcək”.

Əsgərov Vahid Duman oğlu

Bakı şəhəri Təhsil İdarəsi 323 saylı tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyatı müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə