“SƏS” Media Qrupunun əməkdaşları vaksinasiya olundular FOTOLAR

Əflatun Amaşov: “Jurnalistlər vaksinasiya prosesində fəallıq nümayiş etdirirlər”

Ölkədə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya işləri tam sürətlə davam etdirilməkdədir. Dövlətin bu istiqamətdə başlatdığı prosedurda könüllülük prinsipi tətbiq olunmasına baxmayaraq, vətəndaşlar COVİD-19 əleyhinə peyvəndlənmə işlərində fəallıq göstərirlər.

Qeyd edək ki, bugünlərdə Mətbuat Şurası jurnalistlərin vaksinasiya proseduru ilə bağlı məlumat ünvanlayıb. Artıq peyvəndlənmə prosesində iştirak etmək istəyən media təmsilçiləri qeydiyyatdan keçməklə Mətbuat Şurasında olublar və tələb edilən qaydalara riayət etməklə ilk vaksinlərini inyeksiya vasitəsi ilə qəbul ediblər. SİA xəbər verir ki, prosesdə “SƏS” Media Qrupunun əməkdaşları da iştirak edərək, peyvənd olunublar.

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərlə söhbətində bildirib ki, prosesin heç bir yan təsiri yoxdur və insanların pandemiya zamanı sağlamlıqlarının təhlükəsizliyini maksimum qaydada qorumaq effekti mövcuddur. “Jurnalistlər vaksinasiya prosesində fəallıq nümayiş etdirirlər. O cümlədən, peyvənd olunmamışdan əvvəl onların təzyiqləri ölçülür, digər xəstəliklərinin olub-olmamaları dəqiqləşdirilir. Tibb personalı öz işlərinin öhdəsindən keyfiyyətlə gəlməkdədirlər”, deyə Əflatun Amaşov söhbət zamanı qeyd edib və prosesin davam etdiriləcəyini vurğulayıb.

Onu da qeyd edək ki, birinci doza peyvəndlənmədə iştirak edənlərə tibbi heyət tərəfindən arayış verilir və həmin arayışda ikinci peyvəndin vaxtı bildirilir. Proses tam başa çatdırıldıqdan sonra koronavirus əleyhinə peyvəndlənmənin tam şəkildə başa çatdırılması ilə bağlı sənəd təqdim olunur.

Xatırladaq ki, Mətbuat Şurasının təşəbbüsü ilə reallaşdırılan jurnalistlərin peyvəndlənmə prosesində Çinin istehsal etdiyi keyfiyyətli vaksindən (sinevak) istifadə edilir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə