"Ermənistan törətdiyi bütün cinayətlərinə görə cavab verməli olacaq" DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan xalqı zəngin tarixi və mədəni irsə sahibdir. Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir. Amma təəssüflər olsun ki, mənfur qonşularımız olan ermənilər hər fürsətdə bizim tarixi keçmişimizə əl uzatmağa çalışıb, bir sıra milli adətlərimizi özününküləşdirməyə çalışıb, ərazilərimizdəki qədim alban-xristan abidələrini erməni “irsi” kimi təqdim etməyə cəhd edib”. Bunu SİA-ya Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün maddi, mədəni, tarixi və dini abidələr məhv edilib. Ermənistan Azərbaycan xalqının irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş ərazilərdə çoxsaylı hərbi cinayətlər həyata keçirib. Təkcə onu demək kifayətdir ki, ermənilər tərəindən bu dövrdə 70-ə yaxın məscid, çoxlu sayda məədni-tarixi abidələr məhv edilib. Ermənilərin bu vandallığı xalqımızın mədəni-tarixi irisnə qarşı soyqırımıdır. Azərbaycan Ermənistanın bu cinayətləri haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırıb və qarşısının alınmasını tələb edib. Amma Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi dövrdə beynəlxalq missiyaların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə icazə verməyib.

Millət vəkilinin sözlərinə görə, 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdik. Biz artıq ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq. Təbii ki, Azərbaycan dövləti Ermənistanın mədəni-tarixi irsimizə, dini abidələrimizə vurduğu ziyanın dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirir. Cənab Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda çıxışları zamanı, xarici KİV-lərə müsahibələrində bu barədə ətraflı məlumatlar verir. Eləcə də, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə vacib layihələr həyata keçirir.

“Bütövlükdə, cəmiyyətimiz bu prosesdə fəaldır. Bilirsiniz ki, işğaldan azad olunmuş ərazilərimizə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV-lərin, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin səfərləri təşkil olunur. Burada məqsəd erməni vandalizminin beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Əlbəttə ki, Ermənistanın bu cinayətləri cavabsız qalmayacaq. Dövlətimiz tərəfindən bu cinayətlər sənədləşdirilərək müvafiq beynəlxalq təşkilatlara təqdim olunur. Ermənistan törətdiyi bütün cinayətlərinə görə cavab verməli olacaq”,-deyə R.Məmmədov vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə