Qarabağda antiterror əməliyyatları başlaya bilərmi? ANALİTİK + AKTUAL

Yaxud, quldurbaşı Araik Arutyunyan deyirsə ki, “ərazi bütövlüyünün bərpası “artsax” hakimiyyətinin gündəmindədir”...

Qarabağdakı quldur rejim rəhbərlərinin Rusiya sülhməramlılarının nəzarətləri altındakı ərazilərə səfər edərək infrastrukturların bərpası və s. inşaatların aparılması ətrafında səsləndirdikləri qeyri-real fikirləri ilə yanaşı, onların bir az da irəliyə gedərək “ərazi bütövlüyünün bərpası” ilə bağlı təxribat xarakterli ifadələrlə çıxış etmələri isbat edir ki, əslində, Azərbaycan tərəfi ərazi bütövlüyünün tam bərpası istiqamətində anti-terror əməliyyatlarını başlatmaq hüququna malikdir və bu dəfə də həmin əməliyyatların, məhz öz torpağımızda aparılacağı faktı açıq-aşkar ortadadır. Çünki sadə dillə desək, separatçıların və terrorçuların başbilənləri sözün əsl mənasında dincəlmirlər, zaman-zaman təxribat xarakterli bəyanatları ilə regionda vəziyyətin gərginləşməsinə asrdıcıl (!) cəhdlər göstərirlər.

Rusiya sülhməramlılarının əvvəlinci gündən quldur rejimin nümayəndələri ilə qeyri-rəsmi, hətta çox səmimi davranışları da diqqətdən yayınmır

Təbii ki, bu kimi məsələlərdə Rusiya sülhməramlılarının əvvəlinci gündən quldur rejimin nümayəndələri ilə qeyri-rəsmi, hətta çox səmimi davranışları da diqqətdən yayınmır və bu davranışların hər biri qeydə alınır, nəzərdən yayınmır.

Bu arada, quldur rejimin saxta “prezidenti” Araik Arutyunyanın martın 31-də Xocavənd rayonunun rus sülhməramlıları olan hissəsinə gedərək, orada sərsəm ifadələrlə çıxış etməsini xatırlatmaq olar. Təkcə onun “ərazi bütövlüyünün bərpası “artsax” hakimiyyətinin gündəmindədir” fikri tam əminliklə qənaətə gəlməyə zəmin yaradır ki, bu cinayətkarlar heç də xoşluqla geri çəkilənlərə bənzəmirlər. Əgər belə olmasa idi, Arutyunyan daha da qabağa gedərək, “sosial problemlərin həlli”, “iqtisadiyyatın inkişafı”, eləcə də (!) – Qırmızı Bazarın taleyi ilə bağlı işğalçılığa xas məqsədli düşüncəsini bölüşməzdi. Daha dəqiq desək, erməni ictimai rəyində Qırmızı Bazara Azərbaycanın nəzarət edəcəyi ilə bağlı iddialara toxunan separatçı quldurbaşı həyasızcasına deyib: “Bu yaşayış məntəqəsinin Bakıya təhvil verilməsi barədə danışılanların heç bir əsası yoxdur, əksinə, “artsax” hakimiyyətinin gündəmində siyasi yolla ən azı keçmiş “DQMV” (“Dağlıq Qarabağ Muxtar Vilayəti”) sərhədlərində ərazi bütövlüyünün bərpası məsələsi dayanır”.

Belə davranışlar gələcəkdə ermənilərin işğalçılıq xislətlərinin yenidən baş qaldıracağı ehtimallarını istisna etmir

Göründüyü kimi, yəni “kor-kor, gör-gör”, fakt budur ki, sözügedən cinayətkarlar qəsdən, bilərəkdən, özü də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə bənzər bəyanatlar səsləndirərək yenidən suyu bulandırmağa başlayıblar.

Beləliklə, üçtərəfli atəşkəs bəyanatından sonra, yəni erməni tərəfinin yalvar-yapışından sonra onların yenidən “buynuz çıxarmaları” bu anlamı verir ki, həmin “buynuzlar” zamanında, vaxtında dibindən kəsilib-atılmalı, məhv edilməlidir. Əks halda, belə davranışlar regionda sülhün bərqərar olmasına imkan verməməsi ilə yanaşı, həm də gələcəkdə ermənilərin işğalçılıq xislətlərinin yenidən baş qaldıracağı ehtimallarını istisna etmir.

Eskalasiya riskləri minimal olsa da, mövcuddur...

Yeri gəlmişkən, aprelin 1-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev görüş əsnasında bildirib ki, münaqişədən sonrakı dövrdə vəziyyət bütövlükdə müsbət istiqamətdə inkişaf edir, eskalasiya riskləri minimaldır. Bəli, dövlət başçımızın məhz “eskalasiya riskləri minimaldır” ifadəsini analiz edərsək, həm də belə bir nəticə hasil edə bilərik – risklər var, sadəcə minimaldır və bu minimallığı saxlayan məhz yuxarıda qeyd etdiyimiz bir sıra bənzər faktlardır. Nə qədər ki, separatçılıq və terrorçuluq meylləri, işğalçılıq xislətləri Qarabağda özlərini “hakimiyyət” elan etmiş tərəflərdə mövcud olacaqlsa, bu zaman “risk” ifadəsi də gündəmdə qalmaqda davam edəcək. Bu kimi minimal risklərin qarşısının alınmasında isə üzərlərinə öhdəliklər götürmüş Rusiya tərəfi ilə yanaşı, həm də Ermənistanın siyasi rəhbərliyi maraqlı olmalıdırlar. Ək halda, Azərbaycan öz hüququndan istifadə edərək, 30 il beynəlxalq güclərin edə bilmədiklərini 44 gündə həll etdiyi kimi, sözügedən problemləri də bir neçə günə yoluna qoya, sahmana sala bilər. Buna isə kimsənin qətiyyən şübhəsi olmamalıdır!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə