Koronavirusa qarşı mübarizədə Azərbaycan öncül ölkələrdəndir ŞƏRH
Son illər səhiyyə sektorunun inkişafı ilə bağlı mühüm islahatların həyata keçirilməsi ölkəmizdə səhiyyənin güclü maddi-texniki bazasının yaradılmasına səbəb olub. Çox sayda yeni tibb ocağı inşa edilib, mövcud xəstəxana və tibb mərkəzləri əsaslı şəkildə bərpa olunub, ən müasir tibbi avadanlıq və qurğularla təchiz edilib. Bütün bunlarla yanaşı, tibbi heyətin peşəkarlığının artırılmasına da dövlət səviyyəsində xüsusi diqqət göstərilib. Tibb ocağında quraşdırılan avadanlıq istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Həyata keçirilən bütün tədbirlər Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin olunması məqsədinə xidmət edir. Təbii ki, bu gün səhiyyə sistemində bu inkişaf mövcud olmasaydı, dünyanı ağuşuna alan COVİD 19 pandemiyası ilə mübarizədə çətinlik yarana bilərdi. Koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xüsusi rejimli xəstəxanalar fəaliyyət göstərir. Bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunur.
Bu gün ölkəmizdə COVID -19 xəstələri üçün 46 xəstəxana fəaliyyətdədir. Müasir xəstəxana kompleksləri, eləcə də modul tipli xəstəxanalar COVID-19 diaqnozu qoyulan xəstələrin ixtiyarına verilib. Maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı dövlətimizin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşmasını göstərir və sübut edir ki, Azərbaycanda dövlət tərəfindən bu istiqamətdə konkret və ardıcıl tədbirlər görülür.
Bu gün bütün dünyada olduğu kimi, Azərbaycan da koronavirus pandemiyası ilə mübarizəni davam etdirir, təhlükəli infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə davamlı tədbirlər ardıcıl olaraq həyata keçirilir. Bildiyimiz kimi, artıq qabaqcıl, inkişaf etmiş dünya ölkələrində bir neçə aydır ki, "SOVİD 19" pandemiyasına qarşı vaksinləmə prosesinə başlanılıb. Azərbaycan da bu ölkələr sırasında yer alıb. Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start vermiş ölkədir. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Avropa İttifaqında isə ötən ilin dekabrın vaksinasiyaya start verilmişdir. Azərbaycan da milli peyvəndləmə strategiyasına uyğun olaraq, sifariş edilmiş 4 milyon doza "CoronaVac" peyvəndi vasitəsi ilə risk qruplarına aid şəxslərin peyvəndlənməsi aparılır. Artıq ölkəmizdə vaksinasiya prosesinin 3-cü mərhələsi həyata keçirilir və 530 minə yaxın insan peyvənd olunub. Statistik göstəricilərə əsasən, deyə bilərik ki, Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Belə ki, Azərbaycanda demək olar ki, əhalinin 5,2 faizi peyvənd olunub. Rusiyada isə vaksinasiya olunanların sayı 6,3 milyon nəfərdir ki, bu da əhalinin 4,3 faizini təşkil edir. Bu göstərici Belarusda 2 faiz təşkil edirsə, Moldova, Qazaxıstan və Ukraynada heç 1 faiz səviyyəsinə çatmır. Statistikaya əsaslanıb deyə bilərik ki, Gürcüstan COVAX təşəbbüsü vasitəsilə 72 400 doza peyvənd əldə etmək imkanına malikdir, lakin cəmi 5 min nəfər peyvənd olunub. Ermənistanda isə vaksinasiya hələ başlamayıb. Bu göstəricilər deməyə əsas verir ki, ölkəmizdə əhalinin peyvəndlənməsinə ciddi yanaşılır və vətəndaş məsuliyyəti də önəmli faktordur. Əlbəttə ki, bu gün koronovirusa yoluxanların sayının 2 mini ötməsi hər bir vətəndaşın məsuliyyətini daha da artırır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB