"COVID-19 xəstələri üçün reanimasiyada yerlər məhduddur" Ermənistan Səhiyyə Nazirliyi

"COVID-19 xəstələri üçün reanimasiyada yerlər məhduddur" Ermənistan Səhiyyə Nazirliyi

COVID-19 xəstələrinin gündəlik artımı Ermənistanda 1000-dən artıqdır və bu səbəbdən də Səhiyyə Nazirliyi ayıq olmağa, eləcə də anti-epidemioloji qaydalara riayət etməyə çağırır. Koronavirus infeksiyası hallarının gündəlik artması ilə əlaqədar olaraq, Ermənistan tibb mərkəzlərinin reanimasiya şöbələrində demək olar ki, yer yoxdur. SİA armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri qurumun mətbuat katibi Ripsime Xaçatryan “Sputnik Ermənistan”-a verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda 63 nəfər süni ağciyər ventilyasiya cihazlarına qoşulub, 187 nəfərin vəziyyəti hədsiz dərəcədə ağırdır, daha 750 nəfər də ağır vəziyyətdədir, reanimasiya şöbələrindəki 262 yerdən 259-u artıq dolub.
"Yeni və sərt məhdudiyyətlər tətbiq edilərsə, cəmiyyətə bu barədə məlumat veriləcək", deyə Səhiyyə Nazirliyinin sözçüsü bildirib.
Xatırladaq ki, son bir gündə ölkədə 1164 yeni yoluxma halı aşkarlanıb. Pandemiyanın başlanğıcından bəri Ermənistanda koronavirusdan 3.398 nəfər, son gündə isə 14 nəfər ölüb. Onu da diqqətə çatdıraq ki, çox ağır bir böhranlı vəziyyətdə olan Ermənistan üçün hazırki vəziyyət hədsiz dərəcədə qorxuludur. Çünki, bu xəstəliyin, bu virusun yayılmasının qarşısının alınması, epidemioloji tədbirlərin, eləcə də vətəndaşların müalicələrinin aparılması üçün lazım olan vəsait boş qalmış büdcəsi olan Ermənistan üçün həlli müşkül məsələdir. Hazırda xəstələrin, yeni yoluxanların, eləcə də ağır vəziyyətdə olanların tibb müəssisələrində yerləşdirilməsi üçün xəstəxanalar, həmçinin yerlər, çarpayılar belə kifayət qədər deyil və bu yerlərin təşkil edilməsi, yaradılması da ölkənin gücü daxilində deyil. Əks halda bu vaxta qədər yetərincə modul tipli xəstəxanalar və bu xəstəxanalarda yerlər yaradılar, hazırlıq işləri görülərdi. Onu da nəzərə çatdıraq ki, əgər ötən ilin başlanğıcında Ermənistanın belə bir gücü, imkanı yox idisə, 44 günlük müharibə nəticəsində boşalmış büdcə ilə hazırda imkanı heç ola bilməz. Bu baxımdan Ermənistanın Səhiyyə Nazirliyinin həyəcan təbili anlaşılandır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə