Əsl sahibləri qayıdanda torpaq necə sevinir, həyat necə parlayır... - ŞƏRH ÖZƏL

Əsl sahibləri qayıdanda torpaq necə sevinir, həyat necə parlayır... - ŞƏRH ÖZƏL

“Prezident İlham Əliyevin Şuada, Cıdır düzündə Novruz bayramı tonqalını alovlandırması xalqımızın 28 il həsrətlə gözlədiyi tarixi hadisədir. Ermənilərin dövlət başçısı torpaqlarımızı işğal altında saxladığı zaman Cıdır düzündə sərxoş vəziyyətdə təlxəklik edirdisə, cənab Prezidentimiz Müzəffər Ali Baş Komandan kimi Şuşaya səfər edərək Cıdır düzündə xalqımızın əsirlər boyu yaşatdığı müqəddəs milli bayramımız olan Novruzun tonqalını yandırdı. Ölkə başçımızın öz ailəsi ilə müqəddəs milli bayramımız ərəfəsində Şuşada olması və oradan bayram təbriki ilə müraciət etməsi xalqımızı sevindirir və qürurlandırır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputat vurğulayıb ki, bu gün yaşananlar Azərbaycanın müstəqillik tarixində hər birimizin arzusu olub və hər il bayramlar ərəfəsində deyirdik ki, gələn il bayramımızı Şuşada qeyd edəcəyik: “Və budur, Cənab Prezidentin qeyd etdiyi kimi Allah xalqımızın ədalətli səsini eşitdi və torpaqlarımızı azad etməyimizə imkan yaratdı. Təbii ki, qələbəmizi əldə etməyimiz asan olmayıb. Son 17 il ərzində dövlətimiz bütün gücünü bu istiqamətə yönəldib. Əvvəla, ölkə iqtisadiyyatını inkişaf etdirdik, ordumuzu müasirləşdirərək gücləndirdik, Vətəni sevən və torpaq uğrunda canından keçməyinə hazır olan gənc nəsili tərbiyə etdik, dünyaya haqq səsimizi, ədalətli mövqəyimizi çatdırdıq və nəyin bahasına olursa olsun torpaqlarımızı işğaldan azad edəcəyimizi deyirdik. Şuşanı və Qarabağımızı müzəfəfər ordumuzun əsgərlərinin qanı hesabına və min əzab-əziyyətlə azad etmişik. Torpaqlarımızda ermənilərin tarixi saxtalaşdırılmasının qarşısını almışıq. İgid əsgərlərimiz Şuşaya qədər dağları, dərələri, meşələri aşaraq bıçaqla, süngüylə torpaqlarımızı azad edib”.

A.Badamov bildirib ki, bu gün Azərbaycan əsgəri qarşısına qoyulan hər bir tapşırığı yüksək səviyyədə icra etməyə qadirdir: “Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Artıq Qarabağ azaddır, Şuşa azaddır. Biz Şuşada və bütün azad olunmuş ərazilərimizdə bayram tonqallarını qalayırıq, sürətli quruculuq və abadlıq işlərini həyata keçiririk. Şuşamızın və digər azad olunmuş ərazilərimizin əsl tarixini özünə qaytaracağıq. Bütün tarixi, dini, mədəni və milli abidələrimizi bərpa edəcəyik. Bizə vurduğu ziyanı ermənilərə ödətdirəcəyik. Beynəlxalq məhkəmələrdə ermənilər bütün cinayətkar əməllərinə görə cavab verəcəklər. Biz onlara başa salacağıq ki, başqa xalqın malında və dövlətində gözü olanda hansı bəla ilə qarşılayaşacaqlar. Ermənistanda yaşanan xaos və hakimiyyətsizlik də Allahın onlara törətdikləri cinayətlərinə və xainliyinə görə verdiyi bəladır. Tezliklə qaçqın və köçkünümüz öz doğma yurdlarına qayıdacaqlar. Bu gün azad olunmuş ərazilərimiz də xalqımız kimi sərbəst nəfəs alır, sevinir. Şuşaya oranın əsl sahibləri qayıdıb, bayramlarımızı keçiririk. Yaxın müddətdə Şuşamızı dünyanın ən gözəl şəhərinə çevirəcəyik. Ermənilər görəcəklər ki, əsl sahibləri qayıdanda torpaqlar necə sevinir və həyat necə parlayır”.

Bütün xəbərlər Facebook səhifəmizdə