Həmid Pənahov: “YAP-ın nailiyyətləri dost partiyalar üçün də cəlbedicidir”

Həmid Pənahov: “YAP-ın nailiyyətləri dost partiyalar üçün də cəlbedicidir”

“Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkənin ictimai-siyasi həyatında baş vermiş çox mühüm bir hadisədir. Vətən savaşındakı Şanlı Qələbədən sonra və ölkədə aparılan islahatlar fonunda qurultayın baş tutması həm də ölkənin gələcək inkişafı baxımından da önəmlidir. Xalqın böyük etimadını, inamını qazanan partiyanın VII qurultayı ölkə Prezidenti İlham Əliyevin uzaqgörənliyi sayəsində bütün sahələrdə həyata keçirilən sistemli, ardıcıl islahatlar fonunda ölkədə yeni siyasi mühitin milli və siyasi həmrəyliyin formalaşdığının nümayişi oldu. Qurultayda qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacaqdır. Martın 5-də keçirilən VII qurultay bir daha göstərdi ki, YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır”. Bu fikri SİA-ya açıqlamasında YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov bildirib.

Onun sözlərinə görə, martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın yeni Nizamnaməsinin qəbul olunması, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyətinin seçilməsi, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərarın qəbul edilməsi ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsasının qoyulmasıdır: “Bir sözlə, 6 siyasi partiyanın YAP-a birləşməsi cəmiyyətdə iqtidara qarşı olan müsbət münasibətin və inamın göstəricisi qiymətləndirilməklə yanaşı, həm də bu, siyasi həmrəyliyin, milli birliyin əyani təzahürüdür. Həmçinin, bu da ölkədə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Dövlət başçısı bunu çox önəmli, əlamətdar hadisə adlandıraraq ölkədə siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirdi. Bu, eyni zamanda göstərir ki, partiyanın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir».

H.Pənahov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyev çıxışı zamanı onu da xatırladıb ki, torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı və gələcək üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi: “Kim bu vəziyyəti dəyişdirəcəkdi? O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə gəlmiş təsadüfi adamlar eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlarla, onlar elə bil ki, əkiz qardaşdırlar. Təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari, daha hansı epitet qaldı. İstənilən mənfi epitet bunlara yaraşır. Bax, bunlar idi o vaxt Azərbaycanı idarə edənlər”.

H.Pənahov bu gün İkinci Qarabağ müharibəsində böyük Zəfərə vətəndaşlarımızın birlik və həmrəyliyi, xalq-Prezident sarsılmazlığı, şanlı Azərbaycan Ordusunun güc-qüdrəti nəticəsində nail olduğunu deyib: “Parlaq qələbəmiz xalqımızın tarixinə qızıl hərflərlə yazıldı, möhtəşəm uğurla Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edərək, əzəli-əbədi ərazilərimizi işğalçıdan təmizlədi. Həmçinin siyasi partiyaların da birlik nümayiş etdirməsinin şahidi olduq. İstər Vətən müharibəsində tarixi qələbəmizin, istərsə də sosial-iqtisadi uğurların əldə edilməsində son 17 ildə ölkədə yaradılan sağlam ictimai-siyasi mühit, daxili sabitlik mühüm rol oynayıb. Bu önəmli amil Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi müdrik siyasət, xalq-iqtidar birliyi hesabına reallaşıb. Bu qələbədə istər YAP, istərsə də digər partiyalar Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman haqlı bir fikir, bir ideyanın– Azərbaycanın ədalət mübarizəsinin dəstəklənməsinin tərəfdarı olublar. Beləliklə, dövlətimizin qüdrətinin, iqtisadi gücünün artması, eyni zamanda, 44 günlük Vətən müharibəsi nəticəsində 30 il işğal altında qalan torpaqlarımızın azad edilməsi və Azərbaycanın bir dövlət kimi dünyada nüfuzunun artması bütün vətəndaşlarımız kimi, bir çox siyasi partiyalar tərəfindən də Azərbaycan Prezidenti İlham Əliyev siyasətinin birmənalı şəkildə dəstəklənməsi ilə nəticələnib. Bir sözlə, bütün bunlar Azərbaycanın daha güclü olması və beynəlxalq aləmdə daha çox nüfuza və etimada sahib olması üçün yeni imkanlar yaradacağına inanırıq”.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə