Zəfər tariximizin möhtəşəm 17 ili

Zəfər tariximizin möhtəşəm 17 ili

"2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Azərbaycanda gedən bütün inkişaf, məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasətlə bağlıdır". Bu fikirləri "Səs" qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bildirib.

Qeyd edib ki, müasir dövrümüzdə Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur və qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. Bunun təməlində düşünülmüş siyasət, həyata keçirilən islahatlar və dövlət proqramları dayanır: "Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasında olmuşdur. Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Əgər Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən hadisələrin qarşısı alınmasaydı və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı olmasa idi, əlbəttə ki, bu günün Azərbaycan reallıqlarından belə söhbət açıla bilməzdi. Həmin illərdə insanlar ən kiçik sosial ehtiyaclarını ödəyə bilmirdilər".

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlət başçısı 2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında dediyi sözləri xatırlatmaq yerinə düşər: "Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam". Ötən on yeddi il, aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VII qurultayındakı nitqində bildirdiyi kimi, biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq: "Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik".

Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir. Tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər vermiş oldu. Dünyanın 155 ölkəsi Azərbaycana səs verdi. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Odur ki, xalqımız 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi. Bütün sahələrdə görülən işlər və qazanılan uğurlar onu göstərir ki, Azərbaycan xalqı düzgün seçim edib. Cənab Prezidentin Qurultaydakı nitqində vurğuladığı kimi, "Bizdə iqtidarın siyasəti xalq tərəfindən məhz ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür". Əlbəttə ki, Prezident İlham Əliyevin qurultayda proqram xarakterli çıxışı, tövsiyə və tapşırıqları hər bir partiya üzvü üçün fəaliyyət proqramına çevriləcək.

Rayon təşkilat sədri Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının torpaqlarımızın işğaldan azad olmasını ilə nəticələndiyini bildirdi. Azərbaycan ordusunun döyüş taktikası dünya ölkələrində öyrənilir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu döyüş meydanında erməniyə dərs verdi: "Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazmış oldu. Tarixi qələbənin qazanılmasında Ali Baş Komandan, Müzəffər Azərbaycan Ordusudur. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğulların şücaəti, mücadiləsi milyonlarla insanlara qələbə sevincini yaşatdı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu tarixi gündə gənclərimiz nəyə qadir olduqların göstərə bildilər. Bu gün müstəqil Azərbaycan dövlətinin gəncləri vətənpərvər, cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclərdir. Məlumdur ki, ölkəmizdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin rolunun müstəsnalığı nəzərə alınaraq, vahid gənclər siyasəti hazırlanıb, həyata keçirilib. Gənclərin Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılması, vətən torpaqlarının müdafiəsinə qalxması vahid niyyət ətrafında birləşən gənclərimizin əzmkarlığını, vətənə sevgsini bir daha göstərmiş oldu. "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib", deyən Azərbaycan Prezident İlham Əliyev bildirib ki, on yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm: "Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi." Azadlıq eşqimiz olan üçrəngli bayrağımız bu gün göylərə yüksəlib. Öz canları, qanları bahasına vətənimizin müdafiəsinə qalxan igid oğullarımız şəhidlik zirvəsinə ucaldılar.

Bu gün hər bir gəncin üzərində ciddi mənəvi məsuliyyət var, deyən rayon təşkilat sədri Vətən müharibəsindən sonrakı dövrdə qarşımızda, xüsusilə gənclərin qarşısında daha mühüm və böyük vəzifələr durur. Bu vəzifələrin əsas hissəsi yenə də Qarabağla, onun dirçəldilməsi ilə bağlıdır. Düşmənlə informasiya mübarizəsində bir an belə sayıqlığımızı itirməməliyik: "Bu gün Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla aparılan Gənclər siyasəti, son 17 ilin uğurları və 44 günlük Vətən münaribəsində gənc Azərbaycan əsgərinin qələbəsi əminliklə deməyə əsas verir ki, gənclər gələcəkdə də üzərlərinə düşən vəzifələrin öhdəsindən uğurla gələcəklər".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə