“Mərkəzin fəaliyyətində Türkiyə çox mühüm rola malikdir” MÜSAHİBƏ

Müsahibimiz millət vəkili Eldəniz Səlimovdur

- Eldəniz müəllim, Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransını Azərbaycan həqiqətlərinin bir daha dünya ictimayyətinə çatdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu demək olar?

- Möhtərəm Prezident İlham Əliyev cənabları fevral ayının 26-da yeni bir ilkə imza ataraq yerli və xarici media nümayəndələri üçün ən uzun mətbuat konfransı keçirməklə bütün dünyanın diqqətini yenidən ölkəmizin üzərinə çəkib. Mətbuat konfransı uzunluğu ilə yanaşı, həm də faydalı fikir mübadiləsi və səmimi müzakirələrlə yadda qalıb. Ölkə başçımız konfransda dörd saat ərzində ona dörd dildə ünvanlanan müxtəlif sualları cavablandırıb.

Müzakirələrdə ən çox diqqət çəkən məqamlar İkinci Qarabağ müharibəsi, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası, xüsusilə də Türkiyənin proseslərdəki rolu olub. Qardaş ölkənin regionda, o cümlədən dünyada gedən proseslərdə çox ciddi çəkisi var və son hadisələrdən sonra onun təsiri daha da davamlı və qüvvətli olmağa başlayıb. Əlbəttə ki, siyasi arenada ən yaxın müttəfiqimiz olduğundan bu, Azərbaycanın maraqları baxımından çox önəmli məsələdir. Biz görürük ki, hadisələrin gedişatı bir çoxlarının narahat olduğu məqamları sovuşdurmağa başlayıb və zamanla biz bütün məsələlərin xeyrimizə cərəyan etməsinin şahidi olacağıq.

- Artıq bölgənin təhlükəsizliyi üçün praktik addımlar atıldığını demək olar?

- Üçtərəfli bəyanatda nəzərdə tutulan Rusiya-Türkiyə birgə monitorinq mərkəzi Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaradılmış və onun fəaliyyət göstərməsi üçün bütün şərait təmin edilmişdir. Bu, bölgəmizin sabitliyini təmin etmək üçün önəmli hadisələrdəndir və mərkəz post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək. Mərkəzin fəaliyyətində Türkiyə də çox mühüm rola malikdir. Buradakı fəaliyyəti ilə qardaş ölkə dövlətimizə verdiyi sülhyönümlü siyasi dəstəyi praktik olaraq həyata keçirəcəkdir. Türkiyə bölgədə və xüsusilə də Qarabağ məsələsi ilə bağlı sülhməramlı missiyasının həyata keçirilməsinə ən layiqli və haqqı çatan dövlətdir. Türkiyə dövləti müharibənin ilk günlərindən sülhə, stabilliyə hesablanan davranış göstərib və eyni zamanda, ədalətli mövqe tutaraq müxtəlif dövlət rəsmiləri səviyyəsində Azərbaycanın haqq işinə öz dəstəyini göstərib. Siyasi nöqteyi-nəzərdən bu dəstək bir çoxlarına, bütün dünyaya aydın ifadə olunan mesaj idi ki, ölkəmizin haqq işinə qərəzli və ədalətsiz müdaxilələr edilməsin. Bu səpkidə mənəvi dəstək Türkiyə Prezidenti ilə yanaşı, Türkiyənin müdafiə naziri, xarici işlər naziri və digər yüksək vəzifəli rəsmilər tərəfindən mütəmadi olaraq ifadə edilmişdir.

Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sonrakı mərhələlərdə də sabitliyi üçün çox önəmlidir. Bu çərçivədə Türkiyə Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssis Azərbaycana ezam edilib. Türkiyədən müasir texnika gətirilib ki, bu da mina təmizləmə işini xeyli asanlaşdıracaq.

Türkiyənin Ermənistan ilə sərhədlərinin uzun illər bağlı olması, əlbəttə ki, qardaşlıq rəmzi idi. Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcər işğal edildikdən sonra bağlamışdır.

- Naxçıvana Ermənistan ərazisindən dəhlizin açılması regionun inkişafına hansı töhfələr verəcək?

- Üçtərəfli bəyanata əsasən, Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, o cümlədən Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması gələcək əməkdaşlıq perspektivləri və platforması üçün əhəmiyyətli baza yaratmışdır. Postmüharibə dövrü çox nadir imkanlar yaratmaqla Avrasiyanın yeni bir nəqliyyat damarının açılması ilə nəticələnə bilər. Ölkə Başçımızın Türkiyə, Rusiya və İran dövlət başçıları ilə görüşləri və fikir mübadiləsi onu deməyə əsas verir ki, onlar ortaq mövqedədirlər. Azərbaycan bu regionun daim əlaqələndirici tərkib hissəsi və uğurlu əməkdaşlığın nümunəsi olmuşdur. Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, onda əlbəttə ki, o da proseslərin tərkib hissəsi ola bilər. Bölgədə yaranmış yeni reallıqlar fonunda əslində Ermənistanın seçim imkanları elə də geniş deyil. Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməzsə, vəziyyəti daha da çətinləşəcək, çünki onun öz acınacaqlı vəziyyətini bərpa etmək üçün resursu yoxdur. Digər tərəfdən, bölgədə Türkiyə, Rusiya, İran və Azərbaycan arasında kommunikasiyaların qurulması və sülhün təminatı ilə bağlı aydın təsəvvürlər var. Ona görə də, Ermənistan burada hər hansı bir mənfi addım atmağa cəhd etməməlidir. Ən azından onların siyasi, hərbi və iqtisadi konfiqurasiyasının asılı vəziyyətdə olması bunu şərtləndirir.

Əfsuslar olsun ki, Ermənistandakı anti-Türkiyə təbliğatı bu gün də davam edir. Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir və bu müddəalar hətta öz əksini Ermənistanın konstitusiyasında tapır. Əlbəttə ki, onlar bu düşüncəsiz və haqsız iddialardan, Türkiyəyə qarşı çirkin kampaniyalardan çəkinməlidirlər. Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək özünəqəsd və axmaqlıqdan başqa bir şey deyildir. Bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır.

- Qarabağda erməni təxribatı baş verə bilərmi?

- Növbəti mərhələdə görüləcək irihəcmli işlər var və onların icrasına yarana biləcək hər hansı təhlükə bütün bölgənin təhlükəsizliyini təhdid edir. Cənab Prezident İlham Əliyev Türkiyə Prezidenti ilə nəzərdə tutulan işlərin icrası ilə bağlı sıx təmasdadır. Bu işlərin birgə görülməsi və Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaradılması müzakirələrin ortaq nəticələrindəndir. Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər. Təbii ki, azad edilmiş torpaqlarda da bir çox sahələrdə Türkiyə şirkətləri ilə birgə əməkdaşlıq davam etdiriləcəkdir. Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər. Burada çəkilməsi nəzərdə tutulan yol çox mürəkkəb ərazidən keçir və orada qazılacaq tunellər barədə artıq ilkin razılaşmalar əldə edilib.

Türkiyə ilə münasibətlərimiz çoxşaxəli olsa da, bir sıra məsələlər əməkdaşlığımızda xüsusilə böyük önəmə malikdir. Belə sahələrdən biri də sözsüz ki, müdafiə sənayesidir. Müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini görmüş oldu. Azərbaycan Türkiyə istehsalı olan müdafiə sistemlərindən müharibədə məharətlə istifadə edib və bu, böyük üstünlük təmin etmişdir. Qeyd olunanları nəzərə alaraq Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib və yeni kontraktlar imzalanıb. Bu əməkdaşlıq hərbi gücümüzü əhəmiyyətli dərəcədə gücləndirəcək. Artıq bütün dünyada qəbul edirlər ki, Türkiyə ordusu dünya miqyasında ən güclü ordular sırasındadır və NATO-nun ikinci ən güclü ordusu hesab edilir.

- Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığı qənaətbəxş hesab etmək olarmı?

- Hərb sahədə Türkiyə ilə Azərbaycan arasında çox geniş qanunvericilik bazası mövcuddur. İki ölkə arasında bu sahədə bir çox sənədlər, müqavilələr imzalanıb. Onların arasında qarşılıqlı hərbi yardım məsələlərinin təsbit edildiyi sənədlər də mövcuddur. Bu çərçivədə Azərbaycanda Türk ordusunun kiçik modelinin yaradılması mühüm əhəmiyyətə malikdir və bu sahədə artıq əməli-praktiki işlərə start verilib.

Türk Silahlı Qüvvələri ilə Azərbaycan Müdafiə Nazirliyi arasında əməkdaşlıq uzun tarixə malikdir. Hazırda isə Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığının daha da inkişaf etdirilməsi və bu münasibətlərin dərinləşdirilməsi üçün zəmin yaranmışdır. Bu istiqamətdə görüləcək tədbirlərdən biri də birgə hərbi təlimlərin artırılmasıdır.

Türkiyə və Azərbaycan kimi bir-birinə yaxın, dərin tarixi və mənəvi tellərlə bağlı ölkələrə rast gəlmək, demək olar ki, qeyri-mümkündür. Heç də hər xalqa, hər dövlətə belə bir yaxınlıq və səmimi dostluq münasibətləri nəsib olmur. Bu birliyi qoruduqca isə həm dövlətimizin, həm də Türkiyənin gücü gündən-günə artır və nəticədə həm də regiondakı təhlükəsizlik təminat altına alınmış olur. Bu baxımdan, Türkiyə-Azərbaycan əlaqələri, iki xalq arasındakı yaxınlıq və qardaşlıq bütün dünya ölkələri üçün əsl sülh və dostluq nümunəsi və modeli, həm də real və uzunmüddətli sülhməramlı təminatdır. Biz çox şadıq ki, bu münasibətlər çərçivəsində sülhməramlı missiyanın tərkibində sülhə, sözün həqiqi mənasında, dəyər və dəstək verən Türkiyə dövləti də yer alır. Türkiyənin sülhpərvər xarakteri yalnız sözdə deyil və onun genetik mirasında 600 il boyunca müxtəlif xalqların bir arada barış və sülh içində yaşadığı Osmanlı həqiqəti var.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə