İnsanlığın öl(dürül)düyü gün - TARİX

1992-ci ilin 26 fevralında erməni faşistləri bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən birini- Xocalı soyqırımını törətdilər

Bəşər tarixi çox faciələrə, çox soyqırımlara, çox dəhşətlərə şahidlik edib. XX əsrdə baş vermiş 2 dünya müharibəsi zamanı baş verən böyük faciələr insanlığın bir daha belə hallara şahidlik etməməsi üçün kifayət qədər təsirli bir dərs olmalı idi. Lakin dünya 60 milyona yaxın insanın öldürüldüyü 2-ci dünya müharibəsində faşizmin bəşəriyyətə hansı dəhşətləri bəxş etdiyini hələ unutmamış əsrin sonunda daha bir faşizm nümunəsinin şahidi oldu...

Terrorizm və faşizmin ən böyük nümunəsi

Hələ XIX əsrin əvvəllərindən başlayaraq Qafqaza kütləvi köçürülən ermənilər sonralar böyük qüvvələrin dəstəyinə arxalanaraq azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirib. Azərbaycan xalqı son 200 il ərzində onlarla dəfə erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb, öz tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və ermənilər tərəfindən kütləvi qırğınlara düçar olub.

XX əsrin əvvəllərində də azərbaycanlılara qarşı erməni soyqırımı davam edib. Bunlardan ən kütləvisi 1918-ci ildə baş vermiş Mart soyqırımıdır. Həmin dövrdə ermənilər Azərbaycanda yaşayan digər xalqlara qarşı dəhşətli qırğınlar törədiblər. 50 min nəfər qətlə yetirilib. Eyni proses Ermənistan ərazisində də həyata keçib.

1988-ci ildən Qarabağ ətrafında başlayan hadisələr 200 min azərbaycanlının öz tarixi torpaqlarından - Ermənistandan didərgin düşməsi ilə nəticələnib. Nəticədə, erməni təcavüzü 1 milyon qaçqın və köçkün öz doğma torpaqlarından didərgin salınıb. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan böyük dövlətlərin yardımı ilə Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirirdi.

...1992-ci ildə fevralın 26-da erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində tarixdə misli olmayan dəhşətli soyqırım aktı həyata keçirdilər. XX əsrin sonunda baş vermiş bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşirdi. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş Axısxa türkləri də burada məskunlaşmışdılar.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərinə hücum etdilər. Dörd tərəfdən erməni terrorçu dəstələri tərəfindən əhatə olunan şəhər artilleriya və ağır hərbi texnikadan güclü və fasiləsiz atəşə tutuldu. Az bir vaxt ərzində şəhərdə böyük miqyaslı yanğınlar baş verdi, şəhər tamamilə alova büründü.

Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edildi. Bəşəriyyətin ən qədim yaşayış məskənlərindən olan Xocalı bir gecənin içərisində yerlə yeksan edildi. Qanlı qırğından sağ qalan əhali şaxtalı, çovğunlu havada dağlara, meşələrə qaçdı. Dinc əhalini təqib edən silahlı ermənilər onları güllələyir, ələ keçənləri amansız işgəncələrlə öldürürdülər. Ələ keçirə bilmədikləri insanlar isə dağlarda qarda, şaxtada öldü.

Tarixdə baş vermiş müharibələr zamanı qaliblər işğal etdikləri ərazilərdə heç vaxt mülki əhalini öldürmür, maddi-mədəniyyət abidələrini dağıtmırdılar. Erməni faşistləri isə, həm mülki əhalini- qocaları, körpələri, qadınları vəhşi işgəncələrlə qətlə yetirib, həm də bəşəriyyətin ən qədim abidələrini dağıdıblar. Bu faktlar həmin vaxt bölgədə olan xarici jurnalistlər tərəfindən qeydə alınıb və bununla bağlı dünya mətbuatında materiallar verilib.

Bəşər tarixinin ən dəhşətli vəhşiliyi

Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Rəqəmlər belə prosesin miqyasını və həyata keçirilmə formasını ifadə etmək acizdir. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər həlak olub. Həlak olanların cins və yaş tərkibi adamı dəhşətə gətirir- 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər şikəst olub, onların 76 nəfəri uşaq idi. 150 nəfər isə itkin düşüb.1275 nəfər dinc sakin- qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərinə məruz qalıb.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Erməni terrorçuları hətta meyitləri də təhqir ediblər. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Ermənilər sağ qalmış insanlar üzərində bəşər tarixində misli-bərabəri olamayan vəhşi işgəncələr həyata keçiriblər. Onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarnını yarıblar.

Girov götürülmüş Xocalı sakinlərindən bəziləri (onların arasında Əntiqə adlı qadın da var idi) erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiklərinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Xocalı sakinləri deyirdilər ki, onlarla azərbaycanlı və Axısxa türkünün erməni qəbirinin üzərində başını kəsiblər. Onlarla azərbaycanlının gözlərini çıxarıblar.

Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanır. Lakin soyqırımının dəhşəti təkcə qurbanlarının sayı ilə yox, həm də həyata keçirilmə üsulları ilə ölçülür. Xocalıda baş verənlər ağlasığmaz, inanılmaz və... sadəcə, qeyri-mümkündür. Təbii ki, cinayəti həyata keçirənlər insan olduğu halda…

Qorxunc cinayət üçün niyə Xocalı seçildi?

Ermənilərin belə bir dəhşətli soyqırımı həyata keçirmək üçün niyə Xocalı şəhərini hədəfə aldıqlarını necə izah etmək olar? Burada fikrimizcə, 3 əsas səbəb var idi. Bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyət daşıyan şəhəri aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silərək Azərbaycan xalqının gözünü qorxutmaq idi. Sonuncu səbəb isə, Azərbaycan xalqının çox minillər əvvəldən burada məskunlaşdıqlarını sübut edən Xocalı mədəniyyətini məhv etmək idi.

Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bəşəriyyətin ən qiymətli irsinə məxsus bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir.

Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsi ilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə, bəşər sivilizasiyasına qarşı ən böyük cinayətdir.

Xocalı qaçqınlarının BMT, Aİ və ATƏT-ə müraciətində deyilir: “...Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.

Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Ermənistanda mühüm dövlət postları tutmuş Serj Sarkisyan, Robert Koçaryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə- Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər”.

Cinayət cəzasız qalmadı

Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı xüsusi amansızlıqla həyata keçirilən soyqırım olduğunu təsdiqləyir. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, ingilis, fransız, gürcü, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdi. Bu, əsil soyqırım idi...

Xocalı soyqırımının əsas müəllifləri hələ də öz layiqli cəzalarını almayıblar. Beynəlxalq aləmdə ikili standartlar hələ də davam edir. Ermənilər isə yaxşı anlayırdılar ki, Azərbaycan gec-tez özünə qarşı həyata keçirilən bütün digər cinayətlərlə yanaşı Xocalı soyqırımının da hesabını soracaq.

Nəhayət, 28 il sonra- 2020-ci ildə həmin gün gəlib çatdı. Sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz işğal edilmiş ərazilərini terroristlərdən və faşistlərdən azad etmək üçün hərbi əməliyyatlara başladı. Ay yarım ərzində Ermənistanın işğalçı ordusu tamamilə darmadağın edildi, Azərbaycanın işğal olunmuş əraziləri düşməndən azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 10 minə yaxın terrorçu faşist məhv edildi, onların arasında Xocalı cinayətində iştirak etmiş xeyli erməni qulduru da var idi. Beləliklə, 28 il sonra Xocalının qisası alındı.

Azərbaycan ədaləti öz gücünə bərpa edərək, həm Ermənistana, həm də onun dəhşətli cinayətlərinə susan bütün dünyaya layiqli dərs verdi. Heç bir cinayət cəzasız qalmır, sadəcə, geci-tezi var. Dünya bu həqiqəti əyani təcrübədə bir daha gördü.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə